KÖŞƏ

Cavid Əkbərov

İkili standart, qərəzli münasibət...

08 may 2018 14:44
4954

Azərbaycanın uğurları bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən eyni cür qarşılanmır. Bu uğurlar tarix boyu ölkəmizə qarşı düşmən mövqeyində dayanan ermənilər və onlara havadarlıq edənlərlə bərabər, Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Human Rights Watch”, “Freedom House” kimi təşkilatları da qıcıqlandırır. Bu təşkilatlar müxtəlif vasitələrdən istifadə edərək Azərbaycanın beynəlxalq aləmdə formalaşmış müsbət imicinə zərbə vurmaq yolunda dəridən-qabıqdan çıxırlar.

Məlum olduğu kimi, bir neçə gün əvvəl AŞPA tərəfindən Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilib. Azərbaycana qarşı mənfi imic yaratmağa, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə hesablanan bu qətnamədə xalqımıza məxsus olan qonaqpərvərlik ənənəsinə də korrupsiya donu geyindirilməyə cəhd edilib. Qətnamədə bildirilir ki, guya Azərbaycan hökuməti söz azadlığını məhdudlaşdırır, o cümlədən internetdə tənqidi ifadələrə görə sərt cəzalar tətbiq edir. Həmçinin müstəqil kütləvi informasiya vasitələrinin veb-saytlarına çıxışını bağlayır. Habelə jurnalistləri və bloqgerləri sıxışdırır, onların hüquqlarını pozur və s.

 Əlbəttə ki, hesabat hazırlanarkən heç bir araşdırma və təhlillər aparılmayıb. Belə ki, hesabatı imzalayan deputatlar məqsədyönlü şəkildə müxtəlif siyasi dairələrin sifarişlərini yerinə yetiriblər. Təzyiqlər altında, sifarişlə fəaliyyət göstərən AŞPA-nın Azərbaycanla bağlı hesabatında təhrif olunmuş yanaşmalar kifayət qədər çoxdur. Hesabatda Azərbaycanda jurnalistlərin əsassız təqib olunduğu, vətəndaşların ifadə azadlığı hüququnun pozulması kimi müddəaların olması bir daha təsdiq edir ki, bu təşkilat özünün icad etdiyi prinsiplər əsasında yaxşı və pis dövlətləri özü müəyyən edir.

AŞPA Müstəqil Araşdırma Qurumunun qərəzli korrupsiya hesabatında Azərbaycana gələn qonaqların, nümayəndələrin yüksək səviyyədə qəbul edilməsi, onlara göstərilən hörmət və qonaqpərvərlik, hətta onlara verilən yemək də korrupsiya halı kimi qələmə verilir. Azərbaycan xalqına məxsus olan qonaqpərvərlik ənənəsini “korrupsiya faktı” adı altında qaralamaq, qələmə vermək təbii ki, böyük qarayaxmadır. Təqdim olunan hesabatda qaranlıq və şübhəli məqamlar Azərbaycanda ciddi ictimai etiraz doğurub.

AŞPA-nın məlum hesabatının nəyə xidmət etdiyi məlumdur. Təbii ki, həmin hesabatdakı “arqumentlər” kifayət qədər əsassızdır. Həmin iddialar, bütövlükdə, heç bir əhəmiyyət kəsb etmir. AŞPA-nın qəbul etdiyi sənədlər beynəlxalq hüququn predmeti sayılmır və bu baxımdan da heç bir hüquqi qüvvəyə malik deyil. Şübhəsiz ki, bir daha əminliklə deyə bilərik ki, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən AŞPA, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatların “tövsiyələrinə” heç bir ehtiyacımız yoxdur. Ölkəmiz sürətlə inkişaf edir, böyük uğurlara sahib olur. Bütün bunları bəzi qüvvələrin gözləri götürmür. Bizə qarşı olan bütün bu hücumlar ölkəmizin müstəqilliyini, daxili sabitliyini pozmağa yönəlib. Təbii ki, dövlətimiz xalqımızla birlikdə düşmən qüvvələrin müstəqilliyimizə, sabitliyimizə maneə olmasına imkan verməyəcək.