KÖŞƏ

Ramil Vəlibəyov

"Taliban"lı Əfqanistan Qərbin vəd etdiyi “demokratiya” və “sabitlikdir”

18 avqust 2021 16:09
19802

"Taliban"ın Əfqanıstanda hakimiyyəti zəbt etməsi bütün dünyanın diqqətində olan mövzudur. Məsələnin bir çox aspektləri təhlil olunur, retrospektiv baxışlar əsasında perspektiv proqnozlar verilir. Aydın məsələdir, çünki hər kəs narahatdır. Əsas səbəb də odur ki, Taliban kütləvi qantökmə ilə hakimiyyəti ələ keçirmədi. Bir çox halda ideoloji baza sözünü dedi. Nə isə bu, tamam başqa bir mövzunun müzakirə predmetidir...

Bu gün insanları düşündürən daha vacib məsələ var. Bu da 2001-ci ildən başlayaraq “demokratiya”, “insan hüquqları”, “sabitlik”, “rifah” bəhanəsi ilə Qərb ölkələrinin milli dövlətlərə müdaxiləsi ilə əlaqədardır. Hər kəs sual edir ki, nə üçün Qərbin gəlişi verilən vədlə deyil, xaos, vətəndaş müharibəsi, aclıq, səfalət, xəstəlik, miqrasiya ilə nəticələnir? Əfqanıstan, İraq, Suriya, Liviya, Sudan, Tunis və başqa onlarla ölkə nə üçün ən azından Qərbin gəlişinə qədərki vəziyyətlərinə dönə bilmirlər? Axı, haradadır o haqqında danışılan “demokratiya”, “insan hüquqları”, “sabitlik”, “rifah”? Hansı səbəbdən Əfqanıstan, İraq, Suriya, Liviya, Sudan, Tunis və başqa onlarla ölkədə müharibə olmalıdır, vətəndaşları acından, xəstəlikdən ölməlidir, insanları qaçqın düşməlidir? Amma bunun əvəzində hansısa amerikalı Cozef, fransız Emmanuel, alman Angela Havay adalarına dair istirahət planları qurmalıdır? Axı, “demokratiya”, “insan hüquqları”, “sabitlik”, “rifah” vədləri ilə dağıdılan ölkələrin xalqlarının günahı nədir?

Bu gün Əfqanıstanda insanların necə güllələndiyini, ABŞ xüsusi xidmət orqanlarının itlərinin təyyarədə xüsusi yerlərdə əyləşməsi fonunda gənc əfqanların təyyarə şassisindən yerə çırpılmasını, təkərlər altında əzilməsini müşahidə edirik. Baxın, budur, ABŞ-ın, Almaniyanın, Fransanın təqdim etdiyi “demokratiya və sabitlik”. Bəli, məhz son 20 il ərzində Qərb Şərqi Avropadan tutmuş Yaxın və Orta Şərqə, Şimali Afrikaya, Mərkəzi Asiyaya, hətta Cənubi Qafqaza qədər “demokratiya və sabitlik” əvəzinə bəla, xaos gətirdi. Heç kəs bu gün Əfqanıstanda baş verənləri unutmamalıdır. Hazırda Əfqanıstanda baş verənlər Qərbin “demokratiyasının”, “insan hüquqlarının” əsl mahiyyətidir. Əfqanıstanda baş verənlər bir daha milli dövlətlər üçün Qərbdən “demokratiya” sinisində gələn təhdidin, özbaşınalığın, qarşıdurmanın özüdür...

Əfqanıstanda baş verənlərdən xüsusilə ictimaiyyətimiz dəqiq nəticə çıxarmalıdır. Çünki bu gün Azərbaycanda hakimiyyət naminə həmin talibanların yerində olmaq istəyən AXCP, Milli Şura, VİP, Müsavat kimi şər yuvaları, Əli Kərimli, Tofiq Yaqublu, Əli Əliyev, Arif Hacılı kimi siyasi terrorçular var. Onların bu gün “Taliban”ın hakimiyyəti zəbt etməsini əfqan xalqının iradəsi ilə əlaqələndirməsinə də şübhə ilə yanaşmamalıyıq. Axı, biz onların 1992-ci ildə necə silahla, qan tökməklə hakimiyyəti ələ keçirdiklərinin şahidi olmuşuq, hətta nəticəsini də görmüşük. Bütün bunlara görə hər bir azərbaycanlı milli dövlətin qorunması üçün çalışmalıdır. Qərbin demokratiya oyunlarının mahiyyətini bilməlidir və məhz həmin Qərbin Əli Kərimli, Tofiq Yaqublu, Əli Əliyev, Arif Hacılı kimi təsir agentlərinin potensial talibançı, terrorçu olduğunu görməlidir...

Hazırda sosial şəbəkələrdə, youtube platformasında ABŞ prezidentinin bir müddət öncə Əfqanıstanla bağlı fikirləri paylaşılmaqdadır. Həmin videoda deyilir ki, guya ABŞ Əfqanıstan üçün 300 minlik ordu hazırlayıbmış. Amma nədənsə həmin 300 minlik ordu 75 minlik talibanla bacara bilmədi. Bir sözlə, bu videolar, çıxışlar birbaşa ABŞ-ın milli dövlətlərə “münasibətini”, “demokratiya” vədlərinə sadiqliyinin göstəricisidir. Məgər, bundan sonra hansısa dövlət ABŞ-a, Avropa ölkələrinə inanar, etibar edərmi?

P.S. İraq müharibəsi zamanı ABŞ mətbuatında belə bir fikir səslənmişdi. “Dünyada bir amerikalı ölürsə, bu faciədir. Dünyada 100 müsəlman ölürsə, bu, statistikadır”...

Müəllifin digər yazıları

Müəllifin başqa yazısı yoxdur