KÖŞƏ

Leyla Rəşid

Niyə və necə vətənpərvər olmalıyıq?

18 oktyabr 2019 10:38
25537

Millətin milli-mənlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Xalqın yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətlər, qəhrəmanlıq tarixi, eyni zamanda dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir.

Ölkənin iqtisadi-ictimai, mədəni inkişafı, əhalinin sosial rifahı da vətənpərvərlik təbliğatında ruh yüksəkliyi yaradan əsas faktorlardan biri kimi qiymətləndirilməlidir.

Vətənpərvərlik və milli-mənəvi şüurun təbliği və aşılanması bir tərəfdən ictimai səciyyə daşıyaraq şagirdlərin, tələbələrin vətəndaş kimi formalaşmasında, öz Vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Başqa bir yöndən vətənpərvərlik gənclərdə vicdan, ləyaqət, ədalət hisslərini tərbiyə edir, şəxsi mənafe, eqoizimdən uzaqlaşdıraraq millət, xalq sevgisini oyadır. Bu isə öz növbəsində dövlətin demokratik prinsiplərlə idarə olunmasına, xalqın mənafeyinə xidmət edilməsinə zəmin yaradır. Bir sözlə, Vətənini, xalqını, millətini, torpağını sevən şəxsin ədalət və mərhəmət hissi də uca olar.

Başqa kontekstdən, hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı isə fraqmental fəaliyyətin deyil, düşünülmüş, ardıcıl gənclər siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış “Gənclər siyasəti haqqında” Qanunda deyilir: “Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır”. Bu qanundan göründüyü kimi, milli vətənpərvərliyin məzmunu təkcə öz Vətəninə məhəbbət hissi ilə məhdudlaşmayıb, milli ruhda tərbiyəni təşkil edir.

Bu gün cəmiyyətin bütün təbəqələrində, xüsusilə gənclər arasında vətənpərvərliyin gücləndirilməsi istiqamətində elmi baxımdan hazırlanmış sistemli fəaliyyət ölkənin əsas prioritetlərindən biridir.  Bu konseptual fəaliyyət və tədbirlər sistemi müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları, o cümlədən ali və orta ixtisas müəssisələri tərəfindən  həyata keçirilir. Gənclər siyasətinin tələblərindən irəli gələn vəzifələr, həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər vətəndaş yetişdirmək gələcəyimiz naminə ən mühüm vəzifə kimi xüsusilə təhsil müəssisələrində tərbiyə  işinin vacib tərkib hissəsidir. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərimizin, şəhidlərimizin şəxsi nümunələri gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün əsl məktəbdir. Digər tərəfdən, orta və ali təhsil müəssisələrində hərbi məzmunlu biliklərin verilməsi, vətənpərvərlik mövzusunda pedaqoji və metodiki tədbirlərin, seminarların təşkili vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır. Fikrimcə, xüsusilə hərbi hazırlıq dərslərində təkcə silahlardan istifadə qaydaları öyrədilməməli, bu fənnə mənəvi aspektdən yanaşılaraq, Vətəni müdafiə milli borc, vətəndaşılıq vəzifəsi, şəhidlərin ruhuna böyük ehtiram olaraq tədris olunmalıdır.

Ali və orta təhsil müəssisələrində tələbə-gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, onlarda fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə hərbi hissələrdə görüşlər təşkil olunmalıdır. Azərbaycan Ordusunun müasir silah və hərbi texnikalarlı ilə tanışlıq, onlardan istifadə qaydaları tələbələrin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə xidmət edərdi.

Vətənpərvərlik həm də fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaqdır. Bu baxımdan, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Hər bir gənc dərk etməlidir ki, Vətənin bütövlüyu, toxunulmazlığı, azadlığı onun vətəndaşlıq borcudur.

Müəllifin digər yazıları

Müəllifin başqa yazısı yoxdur