Haqqımızda

Müasir müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd, çağdaş mətbuatımızın yaranması və formalaşmasında öz yeri və rolu olan “İki sahil”in ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb. 

Bu mətbu orqanın “İki sahil” adı ilə nəşrə başlaması ilk gündən onun özü üçün bir amal seçdiyi və bu gün də sadiq qaldığı “Vahid Azərbaycan uğrunda!” devizindən aydın hiss olunur. Məlum olduğu kimi, “İki sahil”in işıq üzü görməsi ərəfəsində ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. İctimai-siyasi vəziyyətin gərginliyi bütün  sahələr kimi, mətbuata da  öz mənfi təsirini göstərirdi. Belə bir durumda iqtisadi inkişafdan danışmaq mümkün deyildi. Bütün bu çətinliklərə baxmayaraq həmin o gərgin dövrdə “İki sahil” mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də sadiq qaldığı missiyasını uğurla icra edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, “İki sahil” yenicə nəşrə başladığı dövrdə tarixi bir missiyanı yerinə yetirib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın ulu öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in Ümummilli Liderə  müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri “İki sahil” olub. Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda dayanan “İki sahil” üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirdiyi kimi, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib:  “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.” Ümummilli Liderin bu son dərəcə önəmli, qiymətli fikirləri bir daha sübut edir ki, xalqa, dövlətçiliyə xidmət bütün fəaliyyəti boyu “İki sahil”in əsas amalı olub və bu gün də olmaqdadır.

Qeyd etdiyimiz kimi, “İki sahil” hər zaman Heydər Əliyev ideyalarının təbliğatçısı olub. Qəzet Ümummilli Liderin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş təhlil edərək işıqlandırıb. Qəzetin 15 oktyabr 1992-ci il tarixli sayında dərc edilən "91-lər”in müraciətində qeyd olunan “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsil üçün də siyasi yetkinlik məktəbi olar” fikri bu gün də real həyatda öz təsdiqini tapmaqdadır. 

Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda inkişafın yeni mərhələsi başlandı, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. “İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi, dövlətimizin bu sahədəki siyasətini, iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Bu gün paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq və quruculuq işlərindən fərəhlə danışılırsa, bu uğurların təməlində düzgün həyata keçirilən neft siyasəti və strategiyası dayanır. “İki sahil” qəzeti bu gün Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olan SOCAR-ın və onun strukturlarının gördüyü işləri geniş şəkildə işıqlandırır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində SOCAR dünyada tanınan nüfuzlu şirkətə çevrilib. Bu gün dünyanın bir çox ölkəsində SOCAR-ın nümayəndəlikləri fəaliyyət göstərir. Təkcə ölkə iqtisadiyyatında deyil, dünya iqtisadiyyatında SOCAR böyük təsir gücünə malik olan bir şirkətə çevrilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticəsidir. SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi uğurlu investisiya layihələri qurumun beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. “İki sahil” qəzeti həyata keçirilən bu işləri geniş işıqlandırmaqla ictimaiyyəti daim məlumatlandırır.

Ümumiyyətlə, “İki sahil” qəzetinin keçdiyi zəngin və şərəfli yola dünənin və bu günün prizmasından baxsaq açıq-aydın görərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq daim yenilənir, müasir  texnologiyalardan istifadəyə xüsusi önəm verir. Bu texnologiyaların tətbiqi Azərbaycan reallıqlarının təbliğində fərqlənən digər mətbu orqanlar kimi, “İki sahil”in simasında da özünü büruzə verir. Hazırda qəzetin “ikisahil.az” internet saytı uğurla fəaliyyət göstərir. “İki sahil”in daim yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilindən və xaricindən ən doğru və düzgün xəbərlər operativ şəkildə oxuculara çatdırılır. Bununla yanaşı, günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlərin yayımlandığı “İki sahil” İnternet Televiziyası da tamaşaçıların böyük rəğbətini qazanıb.

“İki sahil” hər zaman jurnalistikanın təməl prinsiplərinə sədaqətlə yanaşır, Azərbaycan reallıqlarının təbliğini yüksək səviyyədə həyata keçirir, cəmiyyətin informasiya tələbatını ödəməklə, insanlara doğru, dəqiq və operativ xəbər çatdırmaqla özünün tarixi missiyasını uğurla yerinə yetirir. Bir sözlə, xalqa, dövlətə və dövlətçiliyə xidmət “İki sahil” qəzetinin əsas amalıdır. Ona görə də tam əminliklə deyə bilərik ki, dövlətçiliyimizə xidmət vəzifəsini uğurla yerinə yetirən “İki sahil” bu gün sözün həqiqi mənasında Azərbaycanın müstəqillik tarixinin güzgüsünə çevrilib.


BİZİ SOSİAL ŞƏBƏKƏ HESAPLARIMIZDAN DA İZLƏYƏ BİLƏRSİNİZ!