Rəşid Faxralı |
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə tamamlandı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi kimi tarixləşdi. İkinci Qarabağ müharibəsinin məhz noyabrın 10-da dayandırılmasının təşəbbüskarı Rusiya oldu və onun təklifi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bir hissəsinə, Ermənistanla Qarabağı birləşdirən əraziyə, Şuşa-Laçın yolu istiqamətinə Rusiya Federasiyasının sülhməramlıları müvəqqəti yerləşdirildi. Sülhməramlıların vəzifəsi necə müəyyənləşdirilmişdi, kim (kimlər) müəyyənləşdirmişdi? Rusiyanın sülhməramlıları sülhünmü asayişçisidi? Tapşırılan sülh missiyasını yerinə yetirməyi bacarmayan (yerinə yetirməyən) sülhməramlı qüvvələr fəaliyyətə başladığı vaxtdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2021-ci il istehsalı minalar necə gətirilir, strateji mövqelərə necə yerləşdirilir? Gətirənlər məlum, gətirilməyə göz yumma məlum, strateji mövqelərə yerləşdirilmə də məlum. Bu məlumlara sülhməramlıların komandanının cavabı nə olur? Etiraf edilmir, faktı necə danırlar? Minaların "2021" günyəsini necə neytrallaşdırırlar? Dekabrın 12-də Şuşa-Laçın yolunda başlayan dinc aksiya bu sualların bazasında müharibənin ekoloji formatda davam etdirildiyinə görədir.
Ermənistan silahlı birləşmələri bu minaları sühməramlıların nəzarətindən necə keçirə biliblər? Nə Rusiya Federasiyasının rəsmiləri, nə də beynəlxalq təşkilatlar bu müəmmalı suallara cavab verə bilmir, əslində, cavab vermək istəmirlər. Ya gerçəkliyi etiraf etməlidirlər, ya da yenə yalanlar, reallıqdan yayındırmalara cəhdlər. Bəs onda dinc aksiyanın mahiyyətinin nə olduğunu dərk edə-edə ciddi, tərəfsiz münasibət göstərməməsi hara yozulmalıdır?..
Hər aksiyanın öz mahiyyəti olur. Şuşa-Laçın yolunda azərbaycanlıların etiraz aksiyası bəşəri niyyətli aksiyadır.
Nə xəritələrdə, nə də rəsmi sənədlərdə "Laçın dəhlizi" termini olmayıb. Birinci Qarabağ müharibəsində erməniliyin, erməniliyə havadarlıq edən siyasətçilərin, bəşəri niyyətlərdən uzaq düşən dövlətlərin qondardığı adlandırmadır. Azərbaycan ərazisini tarixə yamaq olmuş bir dövlətin ərazisi ilə birləşdirən yola niyə dəhliz deyilsin? Özgə ərazisində bu səlahiyyətsizlik səlahiyyəti bir başqa formatda işğal deyilmi? Bir dövlətin ərazisindən digər dövlətin ərazisinə keçən maşınların necə yoxlanıldığını hamımız bilirik. Azərbaycandan (Qarabağdan) Ermənistana gedən maşınlar – Azərbaycanın təbii sərvətlərini talan edib aparan maşınlar niyə ciddi yoxlanılmır? Eyni zamanda, Ermənistandan Azərbaycana gələn maşınlar niyə tam ciddiyyəti ilə yoxlanılmır? Aksiya bu tələbin aksiyasıdır. Bu tələb ruhun riyakarlıqla, azərbaycançılığın erməniliklə, erməniliyə havadarlıqla mübarizəsidir...
BMT Baş katibi Antonio Guterres bu aksiya ilə bağlı tərəfləri gərginliyi azaltmağa, dəhlizdə hərəkətin sərbəstliyini və təhlükəsizliyini təmin etməyə çağırıb. Görəsən, Antonio Guterres mövcud aksiyanın başlaması səbəbini bilirmi? Bilirsə, niyə aksiyanın mahiyyətinə toxunmadan, Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınmasına yönəldilən bu bəşəri aksiyanın "dəhliz boyunca hərəkətin təmin olunmasını" tövsiyə edir? Baş katib niyə unudur ki, od düşdüyü yeri yandırır. Talanan təbii sərvətlər BMT-nin deyil, sülhməramlıların müəyyən niyyətlə burada yerləşdirən Rusiyanın deyil, işğalçıya havadarlıq edən dövlətlərin deyil, Azərbaycanındır! Dəhliz də Azərbaycandadır! Aksiyanı da azərbaycanlılar keçirir!
ABŞ Dövlət Departamentinin rəsmisi Ned Praysın da münasibətində gerçəkliyin əksi görünmür, hadisənin mahiyyətini birmənalı şəkildə xatırlamayan və xatırlatmayan Prays üçün məqsəd yeganədir: nə olursa-olsun, Azərbaycana hansı səviyyədə zərər (mənəvi, maddi, bəlkə də hərbi!) dəyir-dəysin, ancaq sülh müqaviləsi imzalansın. "Biz aydın etdik ki, Laçın dəhlizinin bağlanmasının ağır humanitar fəsadları var. Bu, sülh prosesini geriyə salır. Biz Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir". Cənab Prays, sizin düşüncənizə görə İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan təbii sərvətlərinin bunca talan olunmasına gözmü yummalıdır? Görəsən, bu cənab dinc aksiyanın niyə başladığını bilmirmi? Bilmirmi ki, Rusiya sülhməramlılarının komandanı, general-leytenant Andrey Volkov monitorinq keçirilməsinə razılaşmışdı, sonra fikrindən daşındı. Kimin daşındırdığını cənab Prays sorğulaya bilərdi. Bunu öyrənmədən gələcək sülhdən söz açmağı BMT kimi nüfuzlu beynəlxalq təşkilatın rəsmisi özünə necə rəva görüb? Maraqlıdır...
Cənab Prays Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir" rəsmi fikirlərini aksiyaya dövlət rəsmisinin münasibəti bilməli idi, bilsəydi, bu fikirlər onun düşüncələrində gerçəklik naminə ədaləti ifadə edən tərpəniş yaradardı...
Etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsi, son həddə gərginləşməsi gerçəklikliyinin qarşısının alınmasına görə keçirilir. Bu niyyətin siyasi çalarlara yozulması, əslində, işğalçıya havadarlığın yozumudur. Aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovdan qeyri-qanuni istismar olunan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına buraxılmalarını tələb edirlər. Aksiyaçıları ora niyə buraxmırlar? - gerçəkliyi gizlətmək üçün...
"Azərbaycanlı fəalların Xankəndi ətrafında aksiyası rus sülhməramlı kontingentinə qarşı deyil, öz qanunsuz silahlı birləşmələrini hələ də Qarabağ ərazisindən çıxarmayan ermənilərin təxribatlarına qarşıdır", - rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsovun bir fikri Azərbaycan gerçəkliklərini siyasi məcraya yönəltməyə cəhd göstərənlərə məzmunlu cavabdır, hadisənin (aksiyanın) mahiyyətinə məntiqi yönəltmə missiyasıdır. Azərbaycanlıların ekoloji fəlakətlərin qarşısının alınmasının vacibliyi səbəbindən başladığı ekoloji aksiyanı siyasi müstəviyə keçirməyə cəhd göstərən Ermənistan bu aksiyadan istifadə edib Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə cəhd göstərir; işğalçı dövlət məğlub edilib, ermənilik də məğlub ediləcək. Oleq Kuznetsovun digər fikirləri də Azərbaycan gerçəkliklərinə qondarılan siyasi kölgələrin tanıdılması niyyəti baxımından maraqlıdır: "Hər bir sülhməramlı əməliyyat təkcə hərbi deyil, həm də hərbi-siyasi xarakter daşıyır. Buna görə də istənilən vəziyyətə reaksiya eyni anda iki xətt üzrə əlaqələndirilir. Sülhməramlıların komandiri və onun tabeliyində olanlar peşəkar olduqları üçün ordu direktivləri ilə deyil, ilk növbədə siyasi göstərişləri rəhbər tuturlar. Yaxın vaxtlarda Kremldən yeni tapşırıq gələcək - erməni millətindən olan bütün silahlı şəxslərin Qarabağ ərazisindən çıxarılmasına dair. Bunu rus sülhməramlılar həyata keçirəcəklər". Gümanlarla gerçəklik arasında bir məntiqi düşüncə qədər fərq var. O fərqin sıfırlaşması tarixi zərurət olacaq...
Ermənistan qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.
Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur. 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Bunlar sülhməramlıların yerinə yetirməli olduğu vəzifələrdir. Yerinə yetirmir. Niyə?..
Rəsmi sənədlərdə qeyd edildiyi kimi, bütün faydalı qazıntı yataqları, o cümlədən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Yaradılan bu qrup fəaliyyətə başlamalı idi. Ancaq sülhməramlı qüvvələr buna imkan vermədi; danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədildi. Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Ancaq bu danışıqlar da nəticəsiz qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il iyunun 22-də Kəlbəcərdə çıxışında dedi: "...Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, – 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, - çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik...". Görəsən, erməni vəhşiliyi haqqında kifayət qədər məlumatı olan rəsmilər bu aksiyanın mahiyyətini niyə etiraf etmirlər, dərk etmək istəmirlər? Niyə unudurlar ki, görünən dağa bələdçi lazım gəlmir...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyib: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Azərbaycanda həm də güclü vətəndaş cəmiyyəti var. Dövlətçilik naminə aksiyada cəmiyyətin müxtəlif təbəqələri iştirak edir, yəni, aksiyada bütün cəmiyyət təmsil olunur. Şuşa-Laçın yolundan uzaqda olanlar da ruhən aksiya iştirakçılarının sırasındadırlar. Bu səviyyədə həmrəylik İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən amillərdən biri oldu.
Şuşa-Laçın yolunda davam edən gərəkli aksiyada səslənən tələblər xalqın tələbləridir. Aksiyanın mahiyyətini başqa məcraya yönəltmək istəyənlərin niyyəti baş tutmayacaq...