KÖŞƏ

Rəşid Faxralı

Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır!..

14 dekabr 2020 18:42
5076

Qələbə paradından sonra düşüncələr

“Azərbaycan Ordusu”, “Azərbaycan Ordusu”nun timsalında hərbi jurnalistikamız 28 ildir Azərbaycan ordusunun şəxsi heyətinin mənəvi hazırlığının söz cəfakeşidir. “Cıdır düzünün çiçəklərinin ətrini özünə qaytaracağıq”, “Vətəni şəhidlərin sevdiyi qədərincə sevirik”, “O yollar qələbə yolu olacaq”, “Dövlət sərhədlərimizin bu üzündə səngər qalmayacaq”, “Səngərləri sərhədlərə köçürəcəyik”, “Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!”, “Şuşaya aparan yollar görünür”, “Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!..”, “Vətənpərvərlik işğalçılığa qalib gələcək!”, “Böyük Qələbənin boyu görünür”, “Səngər qələbə yolunun başlanğıcıdı”, ... kimi məqalələr Müdafiə Nazirliyinin orqanı olan qəzetin məfkurəvi hesabatının cüzi bir hissəsidir; onların mahiyyətini Vətən müqəddəsiliyi birləşdirir. Əsgər düşüncələrinin işığı olan bu müqəddəslik səngərləri sədhədlərə köçürmək istəyi ilə ifadə edilib; bu günkü parad bu müqəddəs niyyətin gerçəkləşmiş paradıdır...

Prezident İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paraddakı çıxışında demişdi: "2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". O tarixi gün 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə gerçəkləşdi. Bunu Ali Baş Komandanın döyüş əmrini 44 gündə yerinə yetirən Azərbaycan Ordusu gerçəkləşdirdi. Bugünkü Zəfər paradı həmin tarixi günün paradıdır, Böyük Qələbənin paradıdır...

İki azyaşlı uşağını Meydana aparan atanın niyyətində, əl əsası özündən qabağa can atan döyüşçünün yerişini yeyinlədən istəyin çılğınlığında, dünyaya ata çiyinlərindən baxan, boyu bərabərində olan bayrağı boyundan yuxarı dalğalandıran uşağın dünyaya sığışmayan marağının cazibəsində görürəm bu günün möhtəşəmliyini, möhtəşəmliyin ecazkarlığını. “Şuşa bizimdir!” plakatını bağrına basan uşağın əlini buraxmayan,

 

Ömrüm, yaşım Şuşadı,

Can sirdaşım Şuşadı.

Qarabağ – canamazım,

Möhür daşım Şuşadı, –

 

deyən Şuşalı anaya oğul olmağa niyyətlilərin niyyətinin paradıdır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qələbə paradının mahiyyətindən – Vətən müharibəsindən danışdıqlarını dinləyə-dinləyə 44 günün fəlsəfəsini dolğunluğuyla yenidən yaşayırıq.

Bu günkü parad Azərbaycan əsgərinin döyüşə sevgisinin, döyüş əzminin, Qələbə ruhunun paradıdır; döyüşə sevgi döyüş əzmi oldu, döyüş əzmi qələbə ruhu, qələbə ruhu isə qələbə! Bu parad Qələbənin paradıdır!..

Bugünkü parad ruhumuzun paradıdır...

Bugünkü parad “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” qürurunun paradıdır!

Paradı izləyənlərin sırasında Vətən müharibəsində yaralanmış döyüşçülər də var. Onlar təkcə vətəndaş kimi deyil, həm də vəfa borcunu yerinə yetirmək üçün burdadılar; Qələbə paradında şəhidlərin ruhunun əvəzindən iştirak etmə əhdi olub döyüşlərarası nəfəsdərmələrdə. “Biz paradı izləyirik, onların ruhu tribuna önündən keçənlərin sırasındadır...”, – yaralı qazilər belə dedilər...

Bugünkü parad “... işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” əminliyinin paradıdır. İşğaldan azad edilən torpaqlarda qalibiyyət bayraqları dalğalandırıldı, indi həmin bayraqlar böyük sevgilərlə göy üzünə sərilib; bu parad gerçəkləşən niyyətin paradıdır.

Prezident İlham Əliyev çıxışında Türkiyə Prezidentinin Vətən müharibəsində Azərbaycana dəstəyinə görə bir daha təşəkkürünü bildirdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü paradı məfkurəvi parad kimi dəyərləndirdi, Əhməd Cavadı xatırlatdı. Bu xatırlatma türkçülüyə, azərbaycançılığa bələd olanlara bir misranı bu günün ecazkarlığında bir daha yaşatdı: Yol ver türkün bayrağına!

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı türklüyün bu müharibədə qazanılan Qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.

Bugünkü parad mənəvi birliyin sarsılmazlığının paradıdır, dünyanın qoşa dalğalanan iki bayrağa qoşa salamının paradıdır... 

Şuşanın işğaldan azad edildiyi günə əsrə bərabər gün demişdim; bugünkü parad əsrə bərabər günün paradıdır...

44 gün davam edən Vətən müharibəsində düşmənlə təkcə Azərbaycan Ordusu döyüşmürdü, düşmənlə xalqın ruhu da döyüşürdü, azərbaycançılıq da döyüşürdü, azərbaycanlı anaların xeyir-duası da döyüşürdü, döyüşlərə can atan məktəblilərin Vətən sevgisi də döyüşürdü, qazilərin də, Qarabağ müharibəsi əlillərinin də ruhu döyüşənlərin sırasındaydı...

        10 noyabr – 28 ilin, 10 220 günün ən gözəl günü kimi tarixləşdi. ...               

        Bugünkü parad döyüşlər getdiyi vaxtlarda eşitdiymiz və qürurla yaşdığımız "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik" qətiyyətinin gerçəkləşən paradıdır; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğalçı dövlətə də, onun açıq havadarlarına da ünvanladığı bu qətiyyət Böyük Qələbəyə böyük inam idi; bugünkü parad həmin inamın paradıdır...

        Vətən müharibəsində ordumuzun qələbələrini xalqa sərkərdə çatdırırdı; bu günkü parad o dövrdə yaşanılan qələbə ovqatlarını ümumiləşdirən Böyük Ovqatın paradıdır...

       Vətən müharibəsində xalq üçün bir obraz vardı: Azərbaycan Ordusu; tribuna önündən ayrı-ayrı qoşun qismləri keçir. Döyüşlərin gedişində hamısını əzizimiz bilriyimiz qəhrəmanların mətin yerişi ürəyimizi telləndirir. Ad-soyadını eşitdiyimiz-eşitmədiyimiz qəhrəmanlardır, qaliblərdir, qalib ordunun şəxsi heyətini təmsil edirlər. Azadlıq meydanını duyğulandıran bu yeriş illərlə xəyallarda yaşadılacaq.

        Paradı izləyən yaralı qazilərin baxışlarında çırpınan təəssüfün rəngini seçmək çətin deyildi. Bu təəssüf şəhidlərimizin Böyük Qələbənin paradını görə bilmədiyinə görədir. Döyüşdə yaralandığını gizlədən, döyüşü neçə saat da davam etdirən əsgərin təəssüfünü görənlər, duyanlar üçün yaşanılmış bir gerçəklik var: Qələbəyə kimi döyüşə bilmədim təəssüfü... Bugünkü parad o incə təəssüfü bir sevgi qədərincə yumşaltmağa qadirdir...

       Hərbi paradlarda ordunun malik olduğu döyüş texnikalarıyla qürurlanırsan. Bugünkü paradda dünya ictimaiyyətinə düşmənin döyüşdə atıb qaçdığı qənimətlərin kiçik bir hissəsi də   göstərilir. Böyük Vətən müharibəsindən sonra Qələbə paradında Qızıl meydana dünyəvi lənətə ünvan olaraq faşistlərin bayraqları gətirilmişdi. Bugünkü paradla 75 il əvvəlin paradı arasında bu baxımdan məntiqi analogiya görürəm. Düşmənin döyüşlərdə itirdiyi döyüş texnikalarının nömrə nişanları da eyni lənətlik məzmunda nümayiş etdirildi. Bu görüntü Vətən müharibəsinə kimi erməniliyin qürurlandığı hərbi texnikaların rəzalət lövhəsidir elə bil; “Qarabağ Azərbaycandır” nidasının ayaqları altında çətinliklə nəfəs dərir...

        Tribuna önündən keçən artilleriya qurğuları, zirehli maşınlar, uçuş aparatları noyabrın 10-na kimi düşmənin sığındığı mövqeləri dağıdırdı. Onda gücünü, qüdrətini duyurduq, indi üzünü görürük, özünü görürük.

Tribuna önündən Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbçilər keçir. Bu mətin yerişdə Çanaqqala qaliblərinin ruhunun yerişini görmək suç deyil...

         “Bayraqdar”lar görünür. Dünyanı heyrətləndirən “Bayraqdar”lar, düşməni zəbun edən “Bayraqdar”lar, erməni muzdlularının müharibənin kabusu kimi xatırladığı, uzun illər unutmayacağı “Bayraqdar”lar; döyüşlər getdiyi vaxtlarda avtobusda bir ağbirçəyin alğışını eşitmişdim: Hamısını Allah qorusun. Bayraqutanlarımız (Ana Bayraqdar”ları nəzərdə tuturdu – R.F.) yağının başına od ələyir. Qələbədən sonra payızın sazağını yara-yara el-obamıza birnəfəsə gedəcəyik...”; bugünkü parad Anaların bu niyyətinin, bu murazının paradıdır...

Vətən müharibəsində qazanılan ilkin qələbələr, bu qələbələrin ictimaiyyətdə yaratdığı yüksək coşqu əsgərlərin də, zabitlərin də yüksək döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi. Bu ruh döyüşləri qələbə ilə başa çatdırmaq istəyi idi. Bu istək hər bir hərbi qulluqçunun həm də vətəndaşlıq borcu idi. Döyüşlərdə yüngül yaralananlar qısamüddətli müalicəyə də getməkdən imtina edirdi, “Qələbəyəcən döyüşəcəm, son nəfəsiməcən döyüşəcəm,”, – deyirdi. Bu ruh əsl qələbə ruhu idi; bugünkü parad həmin qələbə ruhunun paradıdır...

Ermənistan ordusunda xidmət edən muzdluların  “PUA-lar əsl kabus idi. Onları görə bilməzsən, eşidə bilməzsən və onlardan qurtuluş yoxdur. Dron nişan alırsa, heç bir şansın yoxdur. Əgər PUA yaxınlaşırsa sənin cəmi bir neçə saniyən var...”. Bu etiraf Vətən müharibəsində Ermənistan ordusunda xidmət edən, döyüşən, həmin bir neçə saniyənin içində döyüşdən uzaqlaşmağa macal tapan muzdluların etirafıdır; bugünkü parad muzdlulara güvənib döyüşən, ordunu darmadağın edən Azərbaycan əsgərinin qüdrətinin paradıdır...

 Zəfər paradı ruhumuzun paradı kimi izlənildi...

Bugünkü parad dünyaya haray kimi izlənildi: Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz adından, Türkiyə adından, Türk dünyası adından qətiyyətlə bildirdi ki,Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır!..

 Rəşid Faxralı