Rəşid Faxralı |
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi elan edilmədən başlayan və davam edən müharibəyə səbəb olub. Beynəlxalq təşkilatlar bu münaqişənin həlli ilə bağlı qətiyyətli mövqe göstərmir. Bu səbəbdən də işğalçı dövlət atəşkəsi müntəzəm pozur, təmas xəttində təxribatlar törədir. Təxribatlar işğalçılıq niyyətinin davamıdır.
Ermənistan hərbi qüvvələri Tovuz rayonu istiqamətindən böyük siyasi niyyətlə dövlət sərhərlərimizi pozdu. Atəşkəs dövrünün müharibəsini yaşadıq. Azərbaycan Ordusunun hissələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Beynəlxalq təşkilatların bu döyüşlərə də ədalətli mövqesi olmadı, dövlət sərhədinin pozulması ilə başlayan döyüşlərə ciddi münasibət göstərmədi. İşğalçı dövlət beynəlxalq təşkilatların nüfuzundan, təsiretmə mexanizmindən çəkinsəydi, Azərbaycanın işğal etdiyi torpaqlarından indiyə kimi geri çəkilərdi, münaqişə sülh yolu ilə həll edilərdi, yeni ərazilər işğal etməyə cəhd göstərməzdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatları fəaliyyətsizlikdə, təsirsiz və birtərəfli fəaliyyətdə bir daha təqsirləndirdi, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət göstərməyin gərəkliyini xatırlatdı, Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi istəyini bir daha ifadə etdi. Dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da, “bütün dayaqlarını itirməkdə olan işğalçı Ermənistan” da, onun havadarları da bildi ki, münaqişəni Azərbaycan Ordusunun həll edəcəyi ehtimalı istisna deyil, ordumuz buna qadirdir...
Ermənistanın təxribatlara meyillənməsi Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun daha da artması ilə, Ermənistanda ictimaiyyətin diqqətini daxili vəziyyətin olduqca gərginliyindən yayındırmaq məqsədi ilə, həm də digər siyasi aspetlərlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti qətiyyətlə bildirdi: “...Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir”.
Dünya dövlətləri bilirmi ki, Ermənistanda hakimiyyət dəyişə bilər, ancaq bu münaqişənin həlli ermənilik xislətinin aradan qaldırılması ilə başa çatacaqdır. Beynəlxalq təşkilatlar erməniliyin aradan qaldırılmasına nail ola bilməsələr bunu Azərbaycan Ordusu yerinə yetirəcəkdir. Torpaqlarını işğaldan azad etməklə, beynəlxalq təşkilatlara qəbul edilmiş qərarlara ciddi nəzarət edilməsinin bəşərili ilə xidmət olduğunu, Azərbaycanın timsalında dövlətçiliyin, dövlətin necə qorunduğunu xatırlatmaqla yerinə yetirəcəkdir...
İyulun 14-də minlərlə gənc, Qarabağ müharibəsi veteranı, əlillər Şəhidlər xiyabanında orduya dəstək aksiyasına gəlmişdi. Bu, döyüşlərdə iştirak etmək istəyini ifadə edən missiya idi. Bu izdihamın mahiyyəti mənə 2016-cı ilin aprelin əvvəllərini xatırladırdı. Əsgərləşənlər döyüşən əsgərlərin sırasında olmaq, döyüşmək, işğalı sonlandırmaq, döyüşməyə fiziki imkanı olmasa da ürəyinin təpəri ilə gələnlər onları uğurlamaq istəyirdi. O vaxtlarda Birinci Qarabağ müharibəsindən tanıdığım 2-ci qrup əlil Sahib Aslanovun dediklərini xatırlayıram: Bizim köməyimizə ehtiyacı olmasa da kürəyində xalqın nəfəsini hiss edən əsgərin qələbə ruhu daha da yüksəlir.
Məlum qətnamələri yerinə yetirilməyən BMT-ni qətiyyətsizlikdə qınayan xalq bu münaqişəni Azərbaycan Ordusunun həll edəcəyinə inanır. Əmindir ki, dünyanın ən güclü ordularından biri olan Azərbaycan ordusu bu müharibəni sonlandırmağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Xalqın bu səviyyədə qətiyyəti 1991-ci ildə rus imperiyasını çökdürmüşdü. Onda xalqın ordusu yox idi, indi qüdrətli ordusu var. Şəhidlər xiyabanındakı izdiham işğalçı dövlətə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan Ordusunun sayı xalqın əli silah tutanlarının sayı qədərdir. Onu da dərk etdilər ki, Azərbaycanda Vətən müqəddəslik mərtəbəsində qorunur, şəhudlik bu xalqın milli mentalitetinin tərkib hissələrindən biridir. 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarının döyüş yolunu davam etdirən hərbçilərimizin hər biri üçün Hərbi and var, Vətənin ululuğu var, dövlətə, dövlətçiliyə sədaqət var. Bu sədaqət həm də döyüşlərlə yerinə yetirilir. Döyüşlərdə şəhid olanlarımızın ruhunun nigarançılığını qələbələrin sonlandıracağına inanır və bu amalla xidmət edir.
2017-ci ilin martında ön xətdə Novruz bayramı tədbirində polkovnik rütbəsində olan Polad Həşimovla söhbətləşmişdik. Qürurla Aprel döyüşlərindən danışmışdı, torpaqlarımızı işğaldan azad etməyə qadir olan əsgərlərimizin vətənsevərliyindən, qorxmazlığından danışmışdı. Onda aprel döyüşlərindən sonra “Polad postu” adlandırılan mövqedən də söz açmışdım. “O postun döyüşdə iştirak edən hər əsgərin adıyla çağırılması daha ədalətli olardı. Dediyiniz postu Azərbaycan əsgəri adına post kimi tanıyıram, belə də tanınmasını istəyirəm”, – demişdi. “Təvazökarlıq Azərbaycan zabitinin mənəvi keyfiyyətlərini nə gözəl tamamlayır!” – demişdim. Gülümsünmüşdü. Ehtirama dirsəklənmiş bu təbəssümün Aprel döyüşlərinin iştirakçılarına ad olduğunu duymaq çətin deyildi.
Aprel döyüşlərinin iştirakçısı olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev iyulda da müdafiənin ön xəttində döyüşürdülər. Aprel döyüşlərinin qəhrəmanları bu döyüşlərin də qəhrəmanı oldular. O döyüşlərdə qazi kimi, bu döyüşlərdə şəhid kimi tarix yazdılar…
Şəhidlərin dəfni dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, Azərbaycanda şəhidlərə dövlət səviyyəsində ehtiram var, bu ehtiram bəşəri ehtiramdır, yaşarı ehtiramdır. Tərtərli döyüşçü, Qarabağ müharibəsi əlili Nizami Məmmədovun bir beytini xatırlayıram:
Şəhidlərin ruhu haqqı,
Bu qan yerdə qalmayacaq!
Bu misralar iyulun 14-də Şəhidlər xiyabanına toplaşan minlərin də niyyətini ifadə edir.
Ötən il indi döyüşlər getmiş Tovuzun Ağdam kəndində də ezamiyyətdə olmuşdum. Döyüş növbətçiliyi aparan əsgər Ruslan Şərifovla Nurlan Şərifovu orda tanımışdım. Nurlanla Ruslanın əkiz qardaş olması ürəyimi telləndirmişdi. Qəbələnin Cığatelli kəndindəndirlər. Eyni gündə məktəbə gediblər, eyni sinifdə oxuyublar, eyni gündə hərbi xidmətə çağırılıblar, eyni gündə Hərbi and içiblər, eyni tağımda xidmət edirlər, eyni vaxtda döyüş növbətçiliyinə gedirlər. Aqil insanların dediyi kimi, qardaşdırlar, müqayisəyəgəlməz səmimiyyətlə yoldaşdırlar...
Leytenant Nəsimi Həsənli demişdi ki, ikisi də nümunəvi xidmət edir, döyüş növbətçiliyini də yüksək məsuliyyətlə aparırlar.
Dörd nəfəriydik: leytenant Nəsimi Həsənli, Nurlan, Ruslan, mən. Səmimi söhbətləşirdik. Səmimi dialoq alınmışdı:
Nurlan:
– 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurduq. Əsgərlərimizin qazandığı qələbələr bizim də qürurumuz oldu. O günlərdə hamı kimi biz də döyüşlərlə nəfəs alırdıq, özümüzü xəyalən əsgərlərimizin sırasında hiss edirdik.
Ruslan:
– Həmin günlər bizi, biz yaşda uşaqları əsgərləşdirdi.
Nurlan:
– Onda Ruslan dedi ki, ordumuz Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan tamamilə azad edəcək. Sinif yoldaşlarımızın hamısının barmaqları yumruqlaşmışdı.
Ruslan:
– Nurlan dedi ki, biz də yaxın vaxtlarda belə bir ordunun əsgəri olacağıq.
Düşüncələrimdə Nurlan və Ruslan Şəfiyev qardaşları ilə döyüşün qalibləri kimi söhbətləşirəm...
General-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyevin böyük izdihamlı dəfnində İkinci Fəxri xiyabana vətəndaşlıq borcu, mənəvi həmrəylik kimi minlər gəlmişdi. General-mayor Polad Həşimovun bacısının dediklərini “Mənim Poladım idi, gördüm ki, hamınızın Poladıymış”, yəni Vətənin Poladı imiş, dəfndə iştirak edən vətəndaş qızın “Elə bilirəm atamı itirmişəm” təəssüf-ağrısı, gənc oğlanın “Hər birimiz Ali Baş Komandanın döyüş əmri ilə əsgərlərimizin sırasında olmağa hazırıq”, ... fikirlərini ordunun gücünə, qüdrətinə inam bildim. Bir daha əmin oldum ki, xalqın inamı Azərbaycan əsgərinin döyüş bayrağıdır...