Rəşid Faxralı |
Azərbaycan əsgəri əks-hücum əməliyyatını torpaqlarımızı işğaldan azad edəcək döyüş əməliyyatı kimi davam etdirir...
Azərbaycan əsgəri işğalı sonlandıracaq döyüşlərdədir...
Azərbaycan əsgəri Böyük Qələbə üçün döyüşür...
Neçə gündü dan yeri bu ovqatla elə gözəl sökülür ki!
Ön xətdə, səngərdə əsgər Elmar Sadıqovun dediklərinin mahiyyətini yarım aydan sonra bu ucalıqda əks-hücum əməliyyatında döyüşən əsgər Amil Həsənov belə ifadə edir: Qürurlanıram ki, döyüşənlərin sırasındayam, qalib əsgər kimi tərxis olunacam.
Qələbələrin başlanğıcı bildiyimiz döyüş əzmi, qələbə ruhu Azərbaycan əsgərinin döyüş rəşadəti kimi qazanılan qələbələrin ilki oldu, Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri işğaldan azad edildi. Bu başlanğıcın xalqın ruhunun eyni olduğunu bilmək də, qazanılan qələbələrin qədərsiz ovqatı da necə xoşdu!
...Ön xəttə yaxınlaşırıq. Hərbçilərə görə göy üzünün sığalına dönən əllər görürəm. Bu ucalığa, döyüşlər gedən ərazinin başlanğıcına çatanacan eşitdiyim nidaların, gördüklərimin könlümü, düşüncələrimi bürüyən ovqatıyla çatməşəq.
Ucalıqda bir az əvvəl döyüş əmrini yerinə yetirmiş əsgərlərimizin əhatəsindəyəm. Əsgərlər də zabitlər də bir az əvvəl qələbəylə başa çatmış döyüşdən danışırlar.”Döyüş əmri yerinə yetirilib. Düşmənin hərbi sursat dolu yük maşını, canlı qüvvəsi məhv edilib. Yarım saat əvvəl döyüşənlərimiz zərrəcə yorğunluq hiss etmir. Bu, qələbə ruhunun qüdrətidir”, - baxışlarım baxışlarıyla qoşalaşmış zabit Elçin Quliyev qarşıdakı yüksəkliyin o üzünü göstərir, inamla: “Yaxın vxtlarda söhbətimizi orda davam etdirərik”, — deyir. “Hər zərbəmiz düşmənin onsuz da zəif olan gücünü azaldır, yəni düşmən hiss edir ki, dirənişinin sonudur, dirənişləri ölümlə nəticələnəcək”. Bir qədər aralıda bir az əvvəl döyüşdən qayıtmş əsgərlərimizin dövlət bayrağını ucalıqda dalğalandırması, öpüb gözlərinin üstünə qoyması diqətimizi çəkir. Zabitin baxışlarını qədərsiz sevgi, ehtiram bürüyür, əsgərlərə xitabən: “Siz zərbələrinizlə işğalın sonuncu döyüşünü tezləşdirirsiniz”, fikrini könlümüzü telləndirən kəlmələrlə tamamlayır. Səsində qürur da var. Bu qürur həm də inamdır. “Böyük Qələbə təkcə bu işğalın deyil, həm də düşmənin işğala meyilinin sonu olacaq. Dünya hələ bundan sonra düşmən gözucu da olsa bu tərəflərə baxmağa cəsarət etməyəcək” deyirəm. Çox yaxın dünənlərdə səngərdə əsəgərlərə “Düşməni məğlub edəcəksiniz”, demişdim.. İndi böyük qürurla, sevgilərlə, ehtiramla “Düşməni məğlub edirsiniz!” deyirəm. Əsgərlər ruhumu bir boy da dikəldən bu gözəl kəlmələri xalqın adından deyilən kəlmələr kimi dinləyir...
İndi burada döyüşdən təzəlikcə çıxmış əsgərlərin əhatəsində “Bu döyüşlər yaxın vaxtlarda məmləkət boyunca yaşanılacaq qələbə ovqatının başlanğıcıdır. Xalq hələ bugünkü döyüşünüzdən xəbərsizdir. Bu da açıqlanacaq, düşmənə vurduğunuz zərbələrdən də danışılacaq. “Bu zərbələri vuranlar kim olub” soruşulmayacaq. Soruşulsa cavabı “Azərbaycan əsgəridir” olacaq”. Sözümü bitirər-bitirməz zabit Hüseyn Muradov bir qədər aralıda kəlmələşən döyüşçüləri göstərərək deyir:
-Onlar qazanılan qələbələrdən daha çox qazanılacaq qələbələrin sevincini yaşayırlar. Sizin gəlişinizdən bir qədər əvvəl burda gözəl bir sevincin yaşanıldır. İndi də yaşanlmaqdadır.
Bu kəlmələri bu ucalıqda qələbə ruhunun işığı bilirəm. Bu işıq düşüncələrimi yaxın günlərdə yaşayacaqlarımıza sarı yönəldir. Bu gözəl işıqda Ağdərəni, Füzulini, Ağdamı, Qubadlını, Zəngilanı, Kəlbəcəri, Laçını, Şuşanı işğaldan azad edəcək döyüşlərin qələbə sonluğu aydınlığıyla görünür.
“Döyüşqabağı əsgər ruhunu qələbə ruhunun özü bilmişdim. Əks-hücum kimi başlayan Böyük Qələbə döyüşlərində əsgərlərimiz bu ruhla döyüşür”, - zabit Elçin Quliyev belə deyir. Döyüşdən qələbəylə qayıtmış əsgərlərin əlləriylə ucalıqda ucalarda dalğalanan bayrağımızı mən də öpüb bağrıma basıram. Mənə elə gəlir ki, bu anlarda burada kim olsaydı belə edərdi; məmləkət boyunca hər yerdə dövlət bayrağımız hamının könül mülkünün şahənşahıdır...
“Komandirlərimiz həmişə bizə deyirdilər ki, döyüş sərkərdənin qüdrəti, əsgərin döyüş hazırlığı, istifadəsində olan silahlarla bir sırada vətənsevərlikdən də asılıdır. Bu gün hər birimizin, vətənsevərliyimiz döyüş əzmidir, döyüş əzmimiz qələbə ruhudur, qələbə ruhumuz qələbədir. Düşmənin müqaviməti qırılıb, indi düşmən qarşımızdan qaçır”, - gizir Təbriz Cəfərov belə deyir.
“Öldürülən düşmənlərin çoxusu öz mövqeyində öldürüldü”, - əsgər Mehrab Axundov belə deyir.
“Həqiqi hərbi xidmətdən sonra birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atam İsmayıl Abdullayevin xeyir-duasıyla yenirən hərbi xidmətə qayıtdım. Taleyimizdən razıyıq ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdəyik”, - zabit Rüstəm Abdullayev belə deyir.
Bu ucalıqda əsgərlərin, zabitlərin dediklərini uca ruhlara - şəhidlərimizin ruhuna döyüş hesabatı kimi dinləmişdim. Qətiyyətlə qarşı tərəfə baxanların qəlbindən keşənlərin sabahkı döyüşün, sabahdan sonrakı döyüşlərin, müharibənin son döyüşünün ovqatı olduğunu duymaq çətin deyil. Baxışlar sanki “Qələbəyə döyüş-döyüş yaxınlaşırıq” deyir. Axşamdan bəri Madagizin, Cəbrayılın işğaldan azad edilməsi ruhumuzun səyyarəsinə dönüb: “Sıranızda Cəbrayıllı varmı?”. Zabit Elçin Quliyevin incə təbəssümü marağımın rübəndinə dönür.
-Bu anlarda hamımız Cəbrayıllıyıq. Yaxın günlərdə Zəngilanlı olacağıq, Füzulili, Ağdamlı, Qubadlılı, Kəlbəcərli, Laçınlı, Şuşalı olacağıq. Hamımız. Hərbçilər də, mülkilər də...
Bunu qazanacağımız Böyük Qələbə yaşadacaq. Bunun üçün döyüşürük, - zabit Rabil Yaqublunun dedikləri döyüşdən sonra yaşanılan ovqatın davamı, yaşanılacaq ovqatın başlanğıcıdır.
Baş leytenant Hüseyn Muradov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O döyüşlərdən danışır, o döyüşləri bu döyüşlərlə əlaqələndirib danışır:
-Azərbaycan əsgəri onda da qələbə ruhu ilə döyüşürdü, indi də qələbə ruhu ilə döyüşür. Bu ruh Böyük Qələbənin ruhudur. Düşmən bu ruhun qarşısında çox cılızdı. Bu cılızlıq zəruri məğlubiyyətdir.
Könlümü telləndirən kəlmələri sabahkı döyüşdə, sabahdan sonrakı döyüşlərdə, müharibənin son döyüşündə qazanılacaq qələbələrin zəmanəti bilirəm...
“Ermənilər silah-sursatını, döyüş texnikasını mövqelərində ataraq qaçırlar. Amma düşmən çox uzağa qaça bilmir. Dəqiq zərbələrimizlə erməniləri məhv edirik. Ordumuzun bütün cəbhə boyu qazandığı qələbləri Böyük Qələbə tamamlayacaq! Azərbaycan əsgəri bu döyüşlərlə qalibiyyət tarixi yazır!
İctimaiyyətimiz də, düşmənin havadarları da bilir ki, Azərbaycan Ordusu düşmənin ciddi müaavimətini qırıq-qırıq edir, mövqelərini çığnayıb keçir, döyüş texnikalarını, canlı qüvvəsini məhv edir. Ermənistan öz zabitlərini, əsgərlərini ölümə özü məhkum edib, bu məhkumluğun ağrıları onu hələ çox üzəcək...
Tam qələbənizin işığını görürük, Azərbaycan əsgəri. Bu qələbəyə döyüş-döyüş yaxınlaşırsınız. Naçə gün əvvəl əsgərlərlə söhbətləşdiyim səngərlər indi arxa cəbhədir. Səngərləri sərhədlərə köçürmək amalıyla xidmət edirdiniz. Niyyətli olduğinuz məqamdır. Yaxın vaxtlarda bütün səngərləri sərhədlərimizə köçürəcəksiniz. Xalqın bu inamının gerçəkləşəcəyi günün ərəfəsindəyik. Bu əminlik sizin döyüş hazırlığınıza, qələbə ruhunuza, dövlətə, dövlətçiliyə sədaqətinizin əminliyidir...
Döyüş bölgəsində müharibə ovqatı yaşanılır. Bu ovqat nisbi narahatlıqdı, qorxu deyil, vahimə deyil. Əhali düşmənin quduzluğunu vətənsevərliyiylə dağlayır. Vətəndaşların vətənsevərliyi döyüşənlərin döyüş əzmini də, qələbə ruhunu da kükrədir. Bu kükrəyiş Qələbədir, bu kükrəyiş Böyük Qələbədir!..
Xalq əks-hücum əməliyyatının icraçılarına deyir ki, döyüşünüz müqəddəs döyüşdür, döyüşün!
Bu ucalıqda əsgərlərə vəfa borcu kimi deyirəm ki:
Düşmənin murazı qalır gözündə,
İşğalın gözündə ocaq yanacaq!
Döyüşdən zəfərlə çıxan deyir ki,
Bu bayraq Şuşada dalğalanacaq!..