KÖŞƏ

Sevinc Azadi

25 iyul 2024 02:53
3416

Böyük hədəflərə doğru

Qərblə Şərqin, Şimal ilə Cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan tranzit imkanlarından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirində əhəmiyyətli ölkə mövqeyinə sahiblənir

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda öz müstəqil siyasətini qoruyan və dünya dövlətləri arasında sayılıb seçilən ölkələr sırasındadır. Azərbaycan coğrafi olaraq Qərblə Şərqin, Şimal ilə Cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Belə əhəmiyyətli coğrafi mövqe imkan verir ki, ölkəmiz tranzit imkanlarından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirində əhəmiyyətli rola sahib olsun. Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb.

Geoiqtisadi və nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağı halına gəlib. Bu sırada öncə "Yeni İpək Yolu" layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin tam uyğunlaşdırılması vurğulanmalıdır. Sadalanan istiqamətlərdə sistemli fəaliyyət göstərmək üçün Azərbaycanın strateji yol xəritələri hazırdır. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda, həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.

Qırmızı dənizdəki vəziyyətlə əlaqədar olaraq Asiya ilə Avropa ölkələri arasında yük daşımalarının dəyəri 400 faiz artıb. Bu barədə Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni açıqlama verib.  O qeyd edib ki, Qırmızı dənizdən daşınmaların istiqamətləndirilməsi ilə əlaqədar olaraq Avropa və Asiya arasında çatdırılma müddətləri 10-15 gün artıb. Bu, xərclərin 400 faiz yüksəlməsinə səbəb olub. Logistik baxımdan çətinliklərin yaranması Azərbaycan üçün əlavə imkanlar yaradıb. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib ki, Çindən Azərbaycan ərazisi ilə 100-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Qeyd olunub ki, 2024-cü ildə Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq. Yanvarda Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb. Tranzit yüklər əsasən texniki avadanlıqlardan ibarət olub. Xatırladaq ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatıb. Qarşıdakı hədəf isə daha böyükdür. “Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”na əsasən, Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılması nəzərdə tutulur. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycandan keçən Şərq-Qərb (Avropa-Qafqaz-Asiya və ya Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb. Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Hazırda ölkəmizin tərəfdaşları ilə birlikdə nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər görülür. Məsələn, hökumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, respublikamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmirinin aparılması bunun bariz ifadəsidir. Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. Statistika göstərir ki, Orta Dəhlizlə yük daşımalarında davamlı artım müşahidə olunub. 2023-cü ildə marşrut üzrə 1,2 milyon tondan çox yük daşınıb ki, dəhlizin həyati əhəmiyyət daşıyan ticarət dəhlizi kimi üstünlüyünü nümayiş etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi bildirir ki, Orta Dəhlizin inkişaf etdirilməsi sahəsində xüsusilə Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması müddəti 53 gündən hazırda 18 günə qədər azaldılıb. Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən konteyner qatarı vasitəsilə daşımaların həyata keçirilməsi Orta Dəhlizin bütün iştirakçı dövlətləri eyni zamanda Avropa bazarları üçün böyük əhəmiyyət kəsb edir. Mərkəz hesab edir ki, Siandakı Qazaxıstan terminalından başlayaraq Aktau və Abşeron stansiyasiyalarından keçən və uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edən qatar nəqliyyatı Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaqla, multimodal daşıma sahəsində ölkələr arasında ticarət, gömrük və sair sahələrdə regional inteqrasiya təşəbbüslərini sürətləndirəcək. Yaxın 5 il ərzində Orta Dəhlizin infrastrukturuna və proseslərin səmərəliliyinin artırılmasına 5 milyard avroya yaxın investisiya qoyulacağı planlaşdırılır.

Sevinc Azadi, “İki sahil”