KÖŞƏ

Nadir Qocabəyli

Lökbatan mazandaran deyil

27 sentyabr 2019 19:55
23079

Bakı Şəhər İcra Hakimiyyəti “Milli Şura”nın mitinqlə bağlı müraciətinə müsbət cavab verib və Qaradağ rayonunun Lökbatan qəsəbəsində yer ayırıb. Ancaq müxalifət göstərilən ərazidə aksiya keçirmək istəmir. Həm də bu haqda məlumat verən müxalif sözçü Seymur Həzinin fikrincə, ona görə yox ki, orada izdihamlı mitinq keçirəcəklərinə, xalqın şəhərdən 2-3 km aralıda yerləşən əraziyə getməyəcəyinə inanmırlar, ona görə ki, “Milli Şura” əvvəlcədən belə bir qərar verib, yəni, mitinqə şəhərin mərkəzindən kənar yerdə icazə veriləcəyi təqdirdə, bununla razılaşmayacaqlar. Guya hakimiyyətin bu qərarı xalqı aşağılamaq, ona gülmək imiş. O, yenə müxalif təfəkkürün çeynənmiş ritorikasını təkrarlayaraq, sərbəst toplaşma hüququnun təmin olunması, Konstitusiya maddəsi, xaricdəki etiraz aksiyaları haqqında inamsızcasına, sönük bir nitq söylədi.

Onun çıxışının ardını şərh etməzdən qabaq bir şeyə diqqətinizi çəkim ki, radikal müxalifətin bu qərarını ictimaiyyətə nədənsə Əli Kərimli özü çatdırmadı və bu missiyanı həbsdən yeni çıxmış müavininə həvalə etdi. İlk baxışda, əvvəl, burada qeyri-adi bir şey yoxdur. Amma nəzərə almaq lazımdır ki, Əli Kərimli efir məsələsində öz müavinlərinə, funksionerlərinə güzəştə gedən, yol açan biri deyil. Çünki əvvəla onların heç biri “kombinatorluğu” onun qədər yaxşı bacarmır, onun qədər mükəmməl yalan danışa bilmirlər. Digər tərəfdən, danışsalar da, imkan verməzdi, ona görə ki, az-çox düşünmək, danışmaq, söz demək qabiliyyəti olanları çoxdan partiyadan uzaqlaşdırıb.

Görünür, Əli Kərimli son uğursuzluqlarının depressiyasını yaşayır və bilir ki, özünü camaatın qarşısında yetərincə inamlı apara bilməyəcək. Odur ki, taym-aut götürüb, zəif və inamsız siyasətçi rolunu Seymur Həziyə tapşırıb. Yəni, birtəhər yola ver getsin.

Seymur Həzi də ona ayrılan vaxtı güc-bəla ilə dolduraraq, özünün və heç kəsin inanmadığı bədbin bir çıxış etdi. Həm mənsub olduğu düşərgənin olmayan nüfuzunu bir az da aşağı saldı, həm də “zorən siyasətçi” obrazını canlandırdı.

Onun söylədiklərindən yadımda qalanları şərh etməyə çalışacağam.

Qardaşım, əgər xalq, cəmiyyət, sizin dediyiniz kimi, bu hakimiyyətdən son dərəcə narazıdırsa və “Milli Şura”nı, Əli Kərimlini dəstəkləyirsə, nəinki Lökbatana, hətta Mazandarana da gedər. Mən 1992-ci ildə Əbülfəz Elçibəyə səs vermək üçün günortaya qədər İmişlidən Sumqayıta getmiş və geri qayıtmışdım. Bu, 500 km məsafədir. Amma indi nəinki xalqın, hətta partiyanızın üzvlərinın belə, sizə dəstək vermək, yaxud hakimiyyətə etiraz etmək üçün ikicə kilometr artıq məsafə qət edəcəyinə inanmadığınızdan, hökümətin qərarı ilə razılaşmır, cığallıq edir, bəhanə gətirirsiniz. Hanı sizin fədakar, prinsipial, “kristal” cəbhəçiləriniz? İstəyirsiniz deyim: Əli Kərimli yedi, üstündən su içdi. Yoxdur onlar və heç vaxt yenidən doğulmayacaqlar.

Siz mitinqləri şəhərin mərkəzində, əhalinin sıx olduğu yerlərdə  keçirməklə küçədən keçən maraqcıl adamların, “obıvatellərin” yaratdığı tünlüyə, basabasa ümid edir, qarmaqarışıqlıq yaratmaq istəyir, təxribat, “dartmayaxamcırıldı” xəyalı ilə yaşayır, qan axmasını, kiminsə ayaq altında qalıb ölməsini arzulayır və bundan siyasi dividend götürmək istəyirsiniz. Amma hakimiyyət heç də sizdən ağılsız deyil və ölkə vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görür.

Əgər özünüzə, ən azından “Milli Şura”nızın, AXCP-nizin gücünə inansaydınız, göstərilən yerə gedər, şou göstərər, başqalarını da dəvət edərdiniz. Xüsusilə də, ona görə ki,  Qaradağ rayonu mitinq üçün xeyli əlverişlı rayondur, neft rayonudur, həmin ərazidə çoxlu idarə və müəssisələr, neftçıxarma idarələri və s. yerləşir, vaxtilə həmin ərazidə yerləşən bir çox idarələrdə iri aksiyalar, tətillər keçirilib. Amma siz bunu bacarmazsınız, çünki yalançısınız, xalqın inamını itiribsiniz, insanlar hakimiyyətə sizdən daha çox etibar edir. 

Seymur Həzi dedi ki, yaxın günlərdə şəhərin mərkəzində etiraz aksiyaları elan edəcək və bu haqda xəbər verəcəklər. O, bu sözləri olduqca inamsız, nəsə demək xatirinə, “xala xətrin qalmasın” prinsipi ilə dedi və şəxsən mən inanmadım. Bu, sadəcə məğlubiyyətə don geyindirmək cəhdi idi. Əminəm ki, uzaq başı 50-60 nəfər gənc, ağılsız, beyniqan və 5-10 manata ehtiyacı olan adamı polislə qarşıdurmaya, toqquşmaya cəlb edib döydürəcək, tutduracaq və haray-həşir salacaqlar ki, minlərlə insan hakimiyyətə etiraz etdi və amandır qoymayın, hökümət bizi öldürdü. Absurd bir şey!

Belə şeyləri indiyəcən nə qədər gördük, İlahi! Amma bunlar göstərməkdən, təkrarçılıqdan, bu absurd janrından yorulmadılar.

Mən Seymur Həziyə belə bir şeyə getməyi məsləhət görməzdim. Yeni ailə qurub, həbsdən yenicə çıxıb. Lazım deyil. O vaxt da yazmışdım, amma sözümə baxmadı. İndi fikir verirəm, daha əvvəlki tək yazmır. Düz də edir. Polislə qarşıdurmaya da getmək lazım deyil. Gedin icazə verilən yerdə mitinqinizi keçirin, sözünüzü deyin. Realist olun. Heç kəs başından yuxarı hoppana bilməz.

Sizin beş-on nəfəri döydürməyinizin və tutdurmağınızın heç bir mənası yoxdur. Bu günlərdə Parisin mərkəzi vağzal meydanında polisin “sarı jiletlilərin” etiraz aksiyasını gözyaşardıcı qazla amansızcasına dağıtdığını oxudum. Yəni, Avropaya nəsə göstərməyinzə ehtiyac yoxdur, özlərində kefiniz istəyən qədər var.

Müəllifin digər yazıları

Müəllifin başqa yazısı yoxdur