Yaqut Ağaşahqızı |
Bu pis tendensiyanın oturuşmaması üçün cəmiyyət ayıq olmalı, belə hallara ən mənfi münasibət ortaya qoyulmalıdır
Tariximizə əbədi olaraq həkk edilən qırx dörd günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan dövlətinin gücünün, əzəmətinin təntənəsidir. Bu parlaq Zəfərə görə qızğın döyüşlərdə yaralanan qazilərimizə, Vətən torpağını qanı ilə suvaran şəhidlərimizə borcluyuq. Uzun illərin işğalına son qoymaq üçün od-alov içinə atılan, gözlərini qırpmadan canını-qanını torpağının azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları ən böyük diqqət və qayğıya layiqdirlər və bu, onlara belə qayğı da göstərilir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, fiziki sağlamlığını itirən qazilərin, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir. Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib və onlara dəstəkyönümlü 166 min xidmət göstərilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ötən il şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Əgər şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilmişdirsə, 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil və fərdi evin verilməsi təmin edildi ki, bu da 3 il əvvələ nisbətən 5 dəfə çoxdur. Ümumilikdə, ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin edilib. O cümlədən postmüharibə dövründə 3500 mənzilin bu kateqoriyadan olan insanlara verilib, son 4 ildə də 1450, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinin minik avtomobili ilə təmin edilib.Onu da qeyd edək ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğıkeşliklə əhatə edən dövlət başçısının Fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilir.
Qazilərə və şəhid ailələrinə qayğıdan danışarkən, əlbəttə ki, Prezidentin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Ötən müddətdə “YAŞAT” Fonduna toplanan vəsait hesabına şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraiti yaxşılaşdırılıb, təhsil haqqı ödənib, istehlak kreditləri və tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.
Göründüyü kimi, daim öz xalqının mənafeyi və rifahını düşünən Azərbaycan dövləti də şəhid ailələri və qazilərimizə münasibətdə gərəkli həssaslığı nümayiş etdirir. Təəssüflər olsun ki, son zamanlar bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdlərinin şahidi oluruq. Onlar vətəndaşların hisslərini istismar edir, dövlət orqanlarını öz yalanlarına inandıra bilmədikdə qaralama kampaniyası aparırlar. Hətta iş o həddə çatıb ki, kimlərsə özünü "qazi" kimi təqdim edərək bundan qazanc məqsədilə istifadə edərək, iyrənc yollara belə baş vurur və bu müqəddəs ad altında çıxmadıqları hoqqa qalmır.
Saxta qazi obrazı yaradaraq əlavə imtiyazlar istəyənlərin, torpaqlar zəbt edənlərin, əsassız tələblərlə dövlət strukturlarına hücum çəkənlərin birdən-birə bu qədər artması şübhəsiz ki, müxtəlif məqsədlərə xidmət edə bilər. Hətta bu günlərdə "qazi" adı altında dilənçilik edən şəxsə belə rast gəlindi. Təbii ki, bəzi dələduzların özlərini qazi kimi təqdim edərək imtiyazlar qazanmaları, dövlət qurumlarını roldan-rola girərək şantaj etmələri, eləcə də onları qınaq obyektinə çevirmələri yolverilməzdir. Çox təəssüf ki, dələduzluqla məşğul olan bu cür “qəhrəmanların” bəziləri bu cür addıma rahat qazanc, asan dolanış üçün bir vasitə kimi baxır, bəziləri cəmiyyətlə qazi arasında bir uçurum yaratmaq, başqaları isə xalqın qazilərə, müharibə iştirakçılarına, şəhid ailələrinə olan həssaslığından istifadə edərək düşməni 44 günə diz çökdürən xalq-dövlət birliyini sarsıtmaq üçün böyük fürsət kimi yanaşırlar.
Diqqət etsək görərik ki, Vətən üçün həqiqətən vuruşan, gözünü qırpmadan ölümə gedən və qazi olan minlərlə vətəndaşımız var ki, təmkinlə davranır, öz xidmətlərini gözə soxmurlar. Onlar döyüşə atılanda hər hansı qarşılıq gözləmədən bu addımı atdıqlarını bəyan edirlər. Həqiqi döyüş yolu keçmiş şəxslərin hamısı bir məram uğrunda savaşa getdiklərinin fərqindədirlər və Vətənə olan sevgidən təmənna güdməyi özlərinə rəva bilmirlər. Hansı ki, ən böyük qayğıya da məhz onların haqqı çatır.
Təəssüflə qeyd etməliyik ki, hazırda ölkədə xeyli sayda saxta "veteran", saxta "qazi" var. Onların səsi hazırda hamının səsindən gur çıxmağa başlayıb. Bu cür hallar Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin yaxınları və qəhrəmancasına döyüşmüş qazilərimiz tərəfindən də mənfi qarşılanır. Vətən oğullarımız belə saxtakarla rastlaşdıqda, yaxud sosial şəbəkələrdə təsadüf etdik əsəb və narahatlıq hissi keçirirlər. Heç şübhəsiz ki, təkcə dövlətin aidiyyəti qurumları deyil, bu sahədə olan ictimai təşkilatlar bu məsələlərdə ayıq-sayıq və diqqətli olmalıdırlar. Müzakirələr aparılmalı, tənqid edilməli və həmin o saxta qazilər üzə çıxarılmalıdırlar. Təbii ki, kimlərsə qanunu pozursa, onlar inzibati qaydada cəzalandırılmalıdırlar ki, müqəddəs şəhidlik, qazilik adına, dövlətimizin işıqlı qələbəsinə kölgə salmağa bir də cürət edən tapılmasın.
Hər şeydən əvvəl isə dövlətin hərtərəfli dəstəyi, diqqət və qayğısı fonunda qanunazidd əməllər ictimaiyyət tərəfindən qınanılmalıdır.