KÖŞƏ

Yaqut Ağaşahqızı

Məsuliyyətsizlik və laqeydlik koronavirusa yoluxmanı bir addım da yaxınlaşdırır…

09 iyun 2020 11:20
4166

Qlobal bəla olan koronavirusla mübarizənin ilk günündən Azərbaycan zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVID-19-un geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib.

Dövlət başçısı, müxtəlif qurumlar və ayrı-ayrı səlahiyyətli mütəxəssislər tərəfindən vətəndaşlara edilən müraciətlərdə sanitar-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qarşıya qoyulmuşdur. Bu tələbin əsas məqsədi isə gözəgörünməz düşmənlə mübarizədə vətəndaşlarımızın sağlamlığını və həyatını qorunmaqdır. Görülmüş tədbirlər müsbət nəticələr verdiyindən, yəni gündəlik məlumatlara əsasən, sağalanların sayı yoluxanlardan artıq olduğuna görə, həkimlərin tövsiyələri və statistik göstəricilərə əsasən, aprelin 27-dən karantin rejimində mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlandı.

Təəssüf ki, son yumşaldılma tədbirlərindən sonra vətəndaşlarımızın bir hissəsi qaydalara və təcrid tövsiyələrinə nəinki riayət etmədi, hətta “virus yoxdur” kimi arada gəzən şayiələri də “doğru” kimi qəbul edərək ona uyğun hərəkət etdilər. Hətta bəziləri başqalarını da maskadan istifadəyə biganə qalmağa, virusun olmasına şübhə ilə yanaşmağa istiqamətləndirdi. Yəni, koronavirusla mübarizə tədbirləri yumşaldılsa da xəstəliklə bağlı məsuliyyət hissi güclənmədi. Nəticədə situasiya dəyişdi, yoluxmanın sayı tədricən artdı və karantin tədbirlərinin daha da ciddiləşdirilməsi zərurəti yarandı. Buna görə də iyunun 3-də ölkədə ən yüksək yoluxma həddi – 325 nəfər qeydə alındı.

Bu səbəbdən də Baş nazir Əli Əsədovun iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciəti, Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 4-də qəbul etdiyi qərara əsasən, 6 iyun saat 00:00- dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olundu. Eyni zamanda, xəstəliyin yoluxma halları digər şəhər və rayonlarda artacağı hallarda sərt tədbirlərin gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacağı  da diqqətə çatdırılıb.

Kritik dönəmin yaratdığı zərurət əsasında çox vaxtında və düzgün qəbul olunmuş qərardır.  “Virus boş şeydir” deyərək sosial şəbəkələrdə, insanlar arasında  yalan məlumat yayaraq probleminin əsl mahiyyətini hələ də dərk etməyənlər var. Unutmamalısan ki, taxacağın maska öncə sənin özünü virusdan qoruyur. İkincisi də əgər səndə yoluxma varsa, digərlərini yoluxdurmaq ehtimalını azaldır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycanda son günlər qeydə alınan mənfi tendensiya qaydaların sərtləşdirilməsini zəruri etdi. Ümid edirik ki, tətbiq olunan sərt karantin qaydaları 10-14 gün ərzində yoluxma sayında azalmaya səbəb olacaq. Nümayəndiliyin rəhbəri maskaya etinasız yanaşanlarla, gigiyenik qaydalara məhəl qoymayanlarla, operativ qərargah tərəfindən qoyulan qaydalara və tələblərə riayət etməyənlərlə bağlı da fikir bildirib: “Hər insanın yanına maska taxmasına nəzarət üçün bir polis, bir məmur qoymaq olmaz. İnsan özü anlamalıdır ki, maska taxmalıdır. Hər kəs müəyyən müddət maskada gəzməyə məcburdur. Çin məhz bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik.”

Hər bir şəxs sosial məsuliyyət daşıyaraq, özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi yanaşmalı, tibbi maskadan, dezinfeksiya məhsullarından mütləq istifadə etməli, immuniteti qorumalı, sağlam qidalanmaya önəm verməli, sosial məsafəni gözləməli, ətrafındakıları da bu həqiqətin dərkinə yönəltməlidir. Əks təqdirdə, COVID-19-la mübarizədə istənilən nəticənin gerçəkləşdirilməsi mümkün olmayacaq. Buna görə də hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Unutmayaq ki, koronavirusla mübarizədə özünüzü qorumaqla ailənizi, yaxınlarınızı, ətrafınızı da qorumuş olursunuz.  Bu səbəbdən tək özünüz üçün yox, hər kəsin həyatını və sağlamlığını qorumaq naminə bu virusun varlığına inanın, siz də koronavirusla mübarizə aparın.

Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.