Yaqut Ağaşahqızı |
Dövlətimizin başçısı İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında diqqəti ölkəmizin koronavirusla bağlı mübarizə tədbirlərinin müqayisəli təhlilinə yönəltdi. Diqqətə çatdırdı ki, hazırda hətta ən inkişaf etmiş ölkələr belə bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanaları onların ixtiyarına verilir. Ümumilikdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir.
Dövlət başçısı İlham Əliyevin koronavirus əleyhinə apardığı tədbirlər həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını bir daha sübut edir. Dövlət siyasətində sosial amilin prioritet seçildiyi, insanların rifahı və sağlamlığı naminə ardıcıl və kompleks zəruri tədbirlər reallaşdırdığı bir vaxtda xalqımız da məsuliyyət prinsipini qorumalıdır. Dövlət xalqını düşünürsə, xalq da özünü və dövlətini düşünməyə borcludur. Hər kəs koronavirusun nə qədər təhlükəli bir bəla olduğunu dərk etməlidir. Bu virusun yayılması kütləvi xarakter aldıqca yüz, min və zaman keçdikcə daha çox insan tələfatına səbəb ola bilər. Üzləşdiyimiz bu bəlanın mahiyyətini dərk etmək hər birimizin şəxsi məsuliyyətimiz və vətəndaşlıq borcudur. Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin nisbətən yumşaldılması ilə bağlı görülən tədbirləri vətəndaşlarımızın böyük qismi yanlış anlayır. Sanki koronavirus yoxdur, əgər olubsa da, artıq bitib deyə düşünürlər. Bu isə laqeydliyə gətirib çıxaran yanlış bir fikirdir. Karantin dövrünün əsas qaydaları sırasına insanların şəxsi gigiyena qaydalarına əməl etməsi, tibbi maska və əlcəyin mütləq istifadəsi, sosial məsafənin qorunması aiddir. Son zamanlar insanlar bu qaydalara əməl etmək istəmirlər. Müvafiq qurumlar və strukturlar koronavirusla mübarizə apardığı bir zaman insanlar birdən-birə bu virusla mübarizəni dayandırırlar. Tibbi maska olmadan gəzir, tibbi spirt və digər dezinfeksiyaedici maddələrdən imtina edir, insanların sayının nisbətən çox olduğu məqamlarda sosial məsafə prinsiplərini qorumurlar.
Maraqlı, həm də faciəvi olan odur ki, bütün dünya koronavirusla mübarizə apardığı bir zamanda niyə bəzi insanlar bu bəşəri bəlanın nəyə qadir olduğuna, nələr edə biləcəyinə inanmırlar? Vətəndaşlarımız digər dövlətlərdə hər gün artan yoluxma statistikasından niyə dərs götürmək istəmirlər? Gəlin, unutmayaq ki, zamanında həmin dövlətlərin də vətəndaşlarının göstərdikləri laqeydlik və məsuliyyətsizlik statistik göstəriciləri artıran səbəblərdir.
Bilmək lazımdır ki, koronavirus infeksiyası yoluxduğu andan sürətlə yayılır, miqyasını genişləndirir. Ona görə də bu virusun yayım coğrafiyasını genişləndirə biləcək hərəkətlər birmənalı şəkildə yolverilməzdir. Özünüzü düşünmürsünüzsə, ailənizi, yaxınlarınızı, digər insanları nəzərə alın. Hər bir məsuliyyətsizlik faktoru virusun sürətlə yayılmasına, karantin rejiminin sərtləşdirilməsinə və uzanmasına gətirib çıxaracaq. Belə olduqda isə insanlar hələ uzun zaman evdə qalmalı, özünütəcrid prinsipi əsasında yaşamalı, hər an hər kəsə ehtiyat və şübhə ilə yanaşmalı olacaqlar. Yəni, gərgin günlər davam edəcək.
Gəlin, bu böhranlı günlərin sayını artırmayaq, baş verə biləcək faciələrin miqyasını böyütməyək, həmrəy olaq və məsuliyyətimiz dərk edək. “Biz birlikdə güclüyük!” şüarını əməlimizlə də hər kəsə sübut edək.