Yaqut Ağaşahqızı |
Ermənistanın gah “sülhpərvər”, gah da destruktiv mövqeli baş naziri nə istədiyini özü bilirmi?
Ermənistan tərəfinin qarşılıqlı münasibətlərin normallaşmasına xidmət edən könüllü heç bir addım atmaması, sülhdən yayınması bəs deyilmiş kimi, hətta bu günlərdə ölkənin baş naziri Nikol Paşinyan Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edərkən Azərbaycana qarşı tamamilə yalan və qərəz xarakterli fikirlər, o cümlədən, humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar səsləndirməkdən də utanmadı… Bu, Ermənistan rəhbərliyinin bütün məsələlərdə olduğu kimi, münasibətlərin normallaşmasında də səmimiyyətdən uzaq olmasının növbəti göstəricisi idi.
Paşinyanın Niderlandda səsləndirdiyi əsassız iddialar onu deməyə əsas verir ki, Ermənistan tərəflər arasında münasibətlərin normallaşmasında, sülh müqaviləsinin imzalanmasında ikiüzlülük edir, vaxt uzadır. Ümumiyyətlə, dünyada elə bir dövlət yoxdur ki, sözü ilə əməli bu qədər ziddiyət təşkil etsin. Biz üzdəniraq qonşumuzun belə ikiüzlülüklərinin dəfələrlə şahidi olmuşuq. Elə üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi məsələlərində də tarix təkrarlandı. Ermənilər istər mina xəritələrinin Azərbaycana verilməsində, istər kommunikasiyaların açılmasında, istərsə də sülh müqaviləsinin imzalanmasında verdikləri sözü, imzaladıqları sənədi heçə sayaraq yenə öz bildiklərini etməyə çalışırlar.
Bu gün Azərbaycan faktiki olaraq Ermənistan tərəfindən həyata keçirilmiş böyük humanitar fəlakətin nəticələrini aradan qaldırmaqla məşğuldur. Təxminən 30 ilə qədər davam etmiş erməni işğalı dövründə Azərbaycanın minlərlə hektar ərazisi minalanıb. Ermənistan bunu məqsədyönlü şəkildə edib. Üstəlik, uzun zaman mina xəritələrini Azərbaycana verməkdən boyun qaçırıb. Azərbaycan müxtəlif beynəlxalq tribunalardan azad edilən torpaqlarının mina xəritələrini tələb edəndə isə ermənilər həyasızcasına əllərində xəritələrin olmadığını bildirirdilər. Bu məsələ faktiki olaraq beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində reallaşıb. Göründüyü kimi, üçtərəfli Bəyanatın imzalanmasından sonra mina xəritələrinin təhvil verilməsi Ermənistanın öhdəliyi olsa da, onlar nəinki bu xəritələri tam şəkildə təqdim edir, hətta verdiyi xəritələrin də cəmi 25 faizi dəqiq çıxır. Bu gün Paşinyanın mina xəritələrinin Azərbaycana verilməsini Ermənistan tərəfindən atılmış humanitar addım kimi qələmə verməsi də gülüncdür. Çünki bu, üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi.
Təəssüflə qeyd etməliyik ki, vətəndaşlarımız mütəmadi olaraq, həmçinin, Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Təkcə onu demək kifayətdir ki, bu sənədin imzalanmasından sonra əksəriyyəti mülki şəxslər olmaqla, 219 nəfər minaya düşüb. Burada hansı humanistlikdən, insanlıqdan danışmaq olar?! Bütün bunların fonunda Ermənistanın baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi isə yersiz və əsassızdır. Əgər Paşinyan doğru danışmaqdan yanadırsa, niyə tribunalarda əsl həqiqətləri səsləndirmək əvəzinə gülünc, yalan, böhtan dolu bəyanatlarla çıxış edir?
Humanistlikdən dəm vuran, insan haqlarının müdafiəsindən danışan erməni siyasətçilər gərək əvvəl özləri cavab versinlər ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən, əsir və girov götürülən 4 mindən çox soydaşımızın aqibəti necə olub? Gərək bizə, eləcə də bütün dünyaya açıqlasınlar ki, işğal etdikləri ərazilərdə yaşayan günahsız və silahsız əhalini niyə vəhşiliklə qətlə yetirir, amansız işgəncələrə məruz qoyurdular? Desinlər ki, torpaqları ələ keçirəndən sonra niyə mədəniyyət ocaqlarını, yaşayış binalarını, dini abidələri məhv edir, qəbirləri dağıdırdılar? Əlbəttə, bu suallar yenə də hər zamankı kimi cavabsız qalacaq. Çünki ermənilərdə nə bu sualları cavablayacaq, nə də etdikləri vəhşilikləri etiraf edəcək cəsarət yoxdur. Bu səbəbdən, Azərbaycan öz işini beynəlxalq təşkilatların, yaxud hansısa üçüncü dövlətlərin ümidinə qoymadı, öz gücü hesabına torpaqlarını işğaldan azad etdi və düşmənin bu gün də həzm edə bilmədiyi tarixi Zəfər qazandı.
Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın. Üçtərəfli Bəyanatın ən mühüm müddəalarından biri – Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin oradan çıxarılması məsələsi də hələ öz həllini tapmayıb. Bu hərbi dəstələr mütəmadi olaraq ərazidə təxribatlar törədir, günahsız, dinc insanların ölümünə səbəb olur. Sülh sazişinin imzalanması istiqamətindəki proseslərin müsbət məcrada davam etdiyi zamanda Ermənistan tərəfindən sərhəddə yenə təxribat törədilir. Bu isə hər zaman baş verən təxribatları təkzib edən Ermənistanın qarşısında yetərli sübut olur ki, məğlub ölkə delimitasiya komissiyalarının yaradılması və digər müvafiq işlərin aparılmasına qarşı çıxır. Necə ola bilər ki, bir ölkənin rəhbərliyi sülh sazişinin imzalanmasına razılıq verir, digər tərəfdən bunu əngəlləyəcək çirkin oyunlar oynayır?
Əgər Ermənistan sülhlə bağlı mövqeyində səmimidirsə, bu niyyətini göstərməsinin çox sadə yolu var – Azərbaycan ərazisində separatçı qruplara birbaşa və dolayı dəstəyi dayandırmaq. Artıq qarşı tərəf bununla bağlı aydın bəyanat verməlidir. Digər tərəfdən, kommunikasiyaların açılması məsələsində də qeyri-obyektiv davranan erməni tərəfi, gah bu istiqamətdə işlərə start verəcəklərini bəyan edir, gah da razılaşmadıqlarını bildirir. Halbuki bu məsələ də üçtərəfli Bəyanatda açıq şəkildə qeyd edilib. Hər şeydən əlavə, bu avantürist hökumət ilyarım ərzində anlaya bilmədi ki, Zəngəzur dəhlizinin yaradılması, kommunikasiyaların açılması təkcə bizə deyil, Ermənistan üçün də böyük imkanlar yaradacaq, onları içində çapaladıqları blokadadan çıxaracaq.
Ermənistan nəhayət, anlamalıdır ki, üçtərəfli Bəyanatın bütün bəndlərini birmənalı şəkildə yerinə yetirməklə, regionda sülh prosesini dəstəkləməklə, özünü siyasi və iqtisadi təcriddən qurtararaq, regional əməkdaşlığa qoşula biləcək. Başqa sözlə, Ermənistanın sülh sazişi imzalamaqdan başqa çıxış yolu yoxdur. Sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq.