KÖŞƏ

Vəli İlyasov

Samvelin peysəri...

19 iyun 2026 00:57
220

Ermənistanda seçkilər başa çatsa da iddiaçılar nəticələrlə barışmaq niyyətində deyillər. Çünki onlar müstəqil fikir yürüdə bilmir, “dirijor çubuğu” ilə idarə olunurlar. Daşnak xarakterli bu şəxslər xislətlərinə uyğun olaraq pozucu işlərlə, ətrafa zəhər toxumu səpməklə məşğuldurlar. Çünki çox qanlar axıtmış daşnakların leksikonunda “sülh”, “barışıq” və konkret ərazi anlayışı yoxdur. Bunların məqsədi “yeni müharibələrlə yeni ərazilər” zəbt etməkdir. Başqaların ərazilərinə şərik çıxmaq niyyəti artıq neçənci dəfədir ki, açıq görünür. Əsas hədəf isə Türkiyə və Azərbaycan torpaqlarıdır. Gürcüstanın da bəzi ərazilərindən qoparmaq daşnakların qanlı planlarına daxildir. Ancaq zaman keçdikcə qara məqsədlər iflasa uğrayır.

 Baş nazir Nikol Paşinyanın nəhayət, qonşu ölkələrlə münasibəti yaxşılaşdırmağa çalışması, ərazi iddialarına son qoyulması, Avropaya inteqrasiya, ABŞ-ın Ermənistana yaxınlaşması, Rusiyanın nəzarətindən çıxmaq niyyəti müxalifətin xoşuna gəlmir. Bunun üçün onlara ölkə xaricindəki “ağaları” plan cızır, yerinə yetirilməsinə kömək və nəzarət edirlər. Lakin bu planlar bəzən baş tutmur. Artıq erməni cəmiyyətində çoxluq anlayır ki, müharibələr millətin genefondunun məhv edilməsinə aparır. Bu səbəbdən müharibə partiyalarına “yox” deyir, onların arxasınca getmirlər. Sonuncu parlament seçkilərində olduğu kimi.  

“Güclü Ermənistan” Partiyasının sədri, rusiyalı iş adamı Samvel Karapetyan ölkədə müxalif qüvvələrin konsolidasiyası prosesinə başladığını açıqlayıb. Dövlət siyasətindən xəbəri olmayan biznesmen bacarmadığı işə başlamağa cəhd göstərsə də elektorat onun qonşularla müharibəyə və yenidən imperiya əsarətinə aparan yoluna əhəmiyyət vermir.

Partiya sədri müxtəlif erməni KİV-lərinə müsahibəsində ölkədəki müxalif düşərgənin daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Müxaliflər kimlərdir? Ermənilərin seçmədiyi revanşistlər və daşnaklar. Bir də azsaylı keşiş camiəsi. Samvel Karapetyan bu məqsədlə koordinasiya şurasının yaradılmasını, ictimaiyyətlə açıq dialoqun qurulmasını və mövcud problemlərin canlı yayımlar vasitəsilə müzakirə edilməsini təklif edib. Nikol Paşinyan bu işdə də onları çoxdan qabaqlayıb. O, satqın müxalifəti Ermənistanın müstəqillik yolunda çidara bənzədib.

Görəsən indiyədək sadə ermənilərin cibini soyan, xarici ölkələrdə milyonlar qazanıb varidatını artıran, telini tumarlayıb firavan həyat keçirən Karapetyan erməni toplumuna nəyi izah edəcək? Ermənilər ianələrə möhtac qalanda Samvel harada gizlənmişdi? Niyə ortaya çıxıb ac həmvətənlərinə kömək əlini uzatmırdı? Xarici narkobaronlar erməni qız-gəlinlərini bir qarın çörək üçün qul kimi işlədəndə, onları fahişəliyə cəlb edəndə milyarder Karapetyanın bu biabırçılıqlardan xəbəri yox idimi? Əlbəttə, vardı. Amma peysərinə vururdu. İndi heç utanıb-qızarmadan onların adından danışır.

Onun sözlərinə görə, seçkilərdən əvvəl bir sıra müxalif qüvvələrlə ortaq mövqeyə gəlmək mümkün olmasa da, hazırkı şəraitdə birləşmə Ermənistan və xalq üçün xüsusi əhəmiyyət daşıyır. Görürsünüzmü, özü də etiraf edir ki, “bir sıra müxalif qüvvələrlə ortaq mövqeyə gəlmək mümkün olmadı.” Təbii ki, olmayacaq. Namərdlərin birləşməsi mümkün deyil. Qarşılıqlı iddialar buna imkan verməz.

Elektoratın həlledici səsini qazana bilməyən Samvel Karapetyan bildirib ki, ölkədəki mövcud vəziyyət müxalifətin fəaliyyətinin əlaqələndirməsini və vahid platformada çıxış etməsini zəruri edir. Vahid platformanın formalaşdırılması üçün onilliklər lazımdır. Altmış bir yaşlı partiya sədrinin onu görüb-görməyəcəyi sirri-xudadır. Ancaq bir həqiqət var ki, yüz illərdir ermənilərin birləşməsi mümkün olmayıb və olmur. Yəqin Samvel də o xəyalla xosunvay olacaq inşallah!