KÖŞƏ

Rəşid Faxralı

Azərbaycan tək deyil, Azərbaycan əsgəri!

20 avqust 2020 19:09
6886

Səməd Vurğunun “Azərbaycan” şeirini də oxumusan, Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirini də, Azərbaycan əsgəri. O şeirlər sənin də ruhunun, duyğularının sığalına dönüb, bütün həmyaşıdların kimi sənin də bu günlü düşüncələrini sabahlara ad eləyib. O şeirlərin ruhu sənin də ruhuna sarılıb, yeniyetməliyində sən də var səsinlə “Mən azərbaycanlıyam!” demisən. İndi hərbi xidmətdəsən, indi var səsinlə “Mən Azərbaycan əsgəriyəm!” deyirsən. Səsini “Mən azərbaycanlıyam!” deyənlər də, Azərbaycanı sevənlər də, düşmənlər də eşidir...

“Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə tamamlayacağıq!” deyirsən və ictimaiyyət sənin qətiyyətini yaxın vaxtlarda yaşanılacaq qürurun işığı bilir. Bu işıq Ali Baş Komandanın 2018-ci ilin iyununda Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda dediyi fikrin işığına sarılan işıqdı:  “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlşdırmalıyıq və yaxınlaşdırırıq”.

Siz qüdrətli ordunun əsgərisiniz. Ordumuz qüdrətlidir ki, Türkiyə, Rusiya, İran, Qazaxıstan kimi böyük dövlətlər Azərbaycanla böyük miqyaslı ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq aparır (“Dəniz Kuboku” yarışları bu qəbildəndir). Türkiyə Azərbaycan üçün təkcə geosiyasi baxımdan qonşu dövlət deyil, həm də qardaş dövlətdir. El arasında belə yaxınlığa, belə munis münasibətə sevinci də, qəmi də ortaqlaşdıran münasibət deyilir. Bu münasibəti böyük tarixi şəxsiyyət Heydər Əliyev dünya ictimaiyyətinə “Bir millət, iki dövlət” kimi təqdim edirdi.

Türkiyə ilə Azərbaycanı təkcə ortaq dil, ortaq din, ortaq mədəniyyət, ortaq ədəbiyyat, ortaq mentalitet deyil, həm də bunları əhatələyən və yaşadan ortaq ruh birləşdirir. Son illərdə Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq planına uyğun olaraq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı liə Bakıda “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir. Bu, qarşılıqlı etimaddır, qarşılıqlı güvəncdir, qarşılıqlı sevgidir. Siz də, əsgər yoldaşlarınız da bu qarşılıqqlı etmadı, qarşılıqlı güvənci, qarşılıqlı sevgini Azərbaycanla Türkiyənin mənəvi birliyinin manifesti bilirsiniz. Hərbi ekspertlər bu günlərdə başa çatan Quru Quşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışılı taktiki və taktiki-uçuş təlimlərini də iki qardaş dövlətin ordusunun qöyüş hazırlığının yüksəldilməsində etibarlı vasitə adlandırdı. Sən bu dəyərlə də qürurlandın, Azərbaycan əsgəri! Həm təmsil etdiyin ordunun döyüş qabiliyyətinə görə qürurlandın, həm də ordumuzun Türkiyə kimi böyük (və qüdrətli!) bir dövlətin ordusu ilə vəhdətdə dəyərləndirildiyinə görə...

Bu ilin iyul ayının 12-də Ermənistan Tovuz rayonu istiqamətində dövlət sərhədimizi pozaraq təxribat törətməyə cəhd göstərdi. Sizin əsgər qardaşlarınız ermənilərin həmləsinin qarşısını qətiyyətlə aldı, Azərbaycan əsgərinin gücü düşmənin hazırlıqlı həmləsini üstələdi. Ermənistanın bu hərbi əməliyyatı qardaş Türkiyənn də heysiyyətinə toxundu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi: “...Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Sonuna qədər dəstəyimizi verəcəyik”. Azərbaycan da, Azərbaycanı sevənlər də bu bəyanatı ruhun bəyanatı bildi. Türkiyənin Müdafiə naziri Hulusi Akarın dediyi fikirlər də Türkiyə – Azərbaycan münasibətlərinin təkcə qonşuluq münasibəti olmadığını təsdiqlədi və Türkiyənin mehmetcuklərinin, Azərbaycanın əsgərlərinin ruhunu bir məcrada qovuşdurdu: "Yuxarı Qarabağı haqsız və qanunsuz şəkildə işğal edən Ermənistan bu yaxınlarda Azərbaycanın Tovuz bölgəsinə boyunu və həddini aşan hücum gerçəkləşdirib. Azərbaycan bizim canımızdır. Bu ağrını dərindən hiss edirik. Bu mənfur hücumu ən ağır, şəkildə şiddətlə pisləyirik. Biz Türkiyə olaraq daim can qardaşımız Azərbaycanın yanında olmağa davam edəcəyik". Bu məcraya Böyük Qələbə deyəcəyik. Birgə hərbi təlimlər bu fikirlərin işığında o qədər əzəmətlə izlənildi ki! Bu möhtəşəmliyin əsgəri olmağınla sən də qürurlanırsan, Azərbaycan əsgəri! Eyzən türk mehmetciyi kimi!..

Bəzi dövlətlər bu möhtəşəm təlimlərin narahatlığını yaşadığı məqamlarda Azərbaycana bəşəri, dünyəvi rəğbəti olan dövlətlər Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin bu hərbi təlimləri Türkiyə  – Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü kimi dəyərləndirməsinin qürurunu yaşadı. Bu qüruru sən də yaşadın, Azərbaycan əsgəri.

Azərabycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü ordularından biri adlandırmaqla deyib: “...Güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib – Suriyada, İraqda, Liviyada ... İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəsətəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək...”. Bu fikirlər də düşüncələrinizdədir, əsgər qardaşım. Bu fikirlərin də gerçəkləşəcəyi günün əsgərisiniz...

Türkiyənin Müdafiə naziri Hulusu Akar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib: “Azərbaycan tək deyil. Bunu hər kəs bilsin”.

Sən Böyük Qələbənin əsgəri olacaqsan, Azərbaycan əsgəri!..