Cavid Əkbərov |
Xəbər verildiyi kimi, dekabrın 1-də bir qrup radikal müxalifətçi Bakının Fəvvarələr meydanında hazırda həbsxanada aclıq aksiyası keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə qanunsuz aksiya keçirməyə cəhd göstəriblər.
Qeyd edək ki, radikal müxalifət tərəfindən həyasızcasına “siyasi məhbus” kimi təqdim edilən Saleh Rüstəmli sırf törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunub.
Sözügedən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Aksiyanın icazəsiz olmasından tutmuş etiraz üçün şəhərin mərkəzinin seçilməsinə, eləcə də, ölkənin, cəmiyyətin belə bir hüznlü günündə etiraz piketi keçirilməsi təbii ki, olduqca yalnış bir addımdır. Həmçinin hazırda pandemiya dövrüdür və ona görə də bu cür aksiyaların qarşısı qətiyyətlə alınmalıdır.
Dünyanın diqqətinin helikopter qəzasına görə Azərbaycana yönəldiyi bir vaxt radikal müxalifətin bundan yararlanaraq aksiya keçirməyə çalışması təbii ki, onların məkrli niyyətlərindən xəbər verir. Belə ki, bu aksiyanı keçirməkdə məqsəd heç də Saleh Rüstəmlini müdafiə etmək deyil, əksinə radikal müxalifət bu vəsilə ilə özünə diqqət çəkmək istəyir.
Başqa ölkələr şəhidlərimizə görə bizə başsağlığı mesajı göndərərkən, dağıdıcı müxalifətin aksiya keçirmək cəhdi mənəvi-əxlaqi dəyərlərimizə zidd addımdır. 14 şəhid zabitimizin dəfn olunduğu bir gündə - polisin və ictimai təhlükəsizliyi təmin edən qüvvələrin işinin onsuz da çox olduğu bir vaxtda belə bir aksiya ümummilli faciəni fürsətə çevirmək cəhdi idi.
Ə.Kərimli niyə hay-həşirdədir?
Və yaxud AXCP sədrinin nankor niyyəti ürəyində qaldı
AXCP sədri Əli Kərimli bu günlərdə şəxsi “Facebook” səhifəsində sözügedən aksiya ilə bağlı paylaşdığı məlumatda Azərbaycan hökumətinə qarşı növbəti dəfə böhtan atıb. O, qeyd edib ki, Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilmiş aksiyada hökumət maksimum dərəcədə qəddar davranmağa çalışıb. Təbii ki, hökumətə şər atmaq Ə.Kərimlinin köhnə adətidir. Çünki, AXCP sədri siyasi cəhətdən tam müflis olduğunu anlayır. Ə.Kərimli hakimiyyətə gəlmək üçün tək çarəni cəmiyyəti aldatmaqda görür. O, hay-həşirdədir, ancaq artıq alınmır. Onun hər bir şər-böhtanı xalqımızda böyük nifrət yaradır. Xalq hökuməti dəstəkləyir, Ə.Kərimlinin həyasız davranışlarını, onun siyasi mövqeyini pisləyir, qəti şəkildə rədd edir. Nankor məqsədi ürəyində qalan Ə.Kərimli uzun müddətdir ki, nə qədər çox çalışsa da, cəmiyyətdə çaşqınlıq yarada bilmir.
Azərbaycanın dünyada nüfuzu günü-gündən artdıqca müxalifətin dərdi-qəmi də artır. Dünya dövlətləri Prezident İlham Əliyevin təşəbbüslərinə, fikirlərinə, yürütdüyü güclü siyasətə dəstək verdikcə radikal müxalifət, xüsusilə ermənipərəst Əli Kərimli, qondarma “Milli Şura”nın sədri Cəmil Həsənli və onların trolları - Azərbaycana həmişə mənfi münasibət bəsləyən Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri Azərbaycan dövlətinə şər-böhtan atmaqda davam edirlər.