KÖŞƏ

Cavid Əkbərov

Ermənistan siyasi gərginlik məngənəsində…

15 dekabr 2021 00:14
4638

İşğalçı ölkənin göz yaşlarına inananların sayı getdikcə azalır

Cənubi Qafqaz regionu postmüharibə dövrünə qədəm qoyub. İkinci Qarabağ müharibəsi nəticəsində rəsmi Bakı məğlub olmuş Ermənistanı regionda yaranmış yeni reallıqlarla üz-üzə qoyub. Lakin məğlubiyyətin acısını yaşayan, daxili çəkişmələr məngənəsində çapalayan rəsmi İrəvan postmüharibə reallıqlarını qəbul etməyə tələsmir, əksinə, vəziyyəti gərginləşdirməyə yönəlik hərbi və siyasi təxribatlara yol verir. Ancaq Ermənistan hakimiyyəti yaxşı dərk etməlidir ki, regional inkişafa güclü təkan verəcək nəqliyyat dəhlizlərinin açılmasına qarşı çıxmaqla və ən əsası, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin yubanmasına şərait yaradan təxribatlara əl atmaqla onsuz da ağır olan vəziyyətini çıxılmaz istiqamətə sürükləyir. Ermənilər siyasi vəziyyəti öz xeyirlərinə dəyişmək istəsələr də heç nə alınmır. Əksinə, Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik siyasət nəticəsində Ermənistan hər dəfə ağır məğlubiyyətlərə uğrayır.

Qonşu ölkə Soçi görüşü ərəfəsində, xüsusilə Zəngəzur dəhlizi məsələsinin müzakirəsinə yol verməyəcəyini desə də, nəticə göz qabağındadır. Rusiya Federasiyasının Prezidenti açıq şəkildə dedi ki, regionda sülhün olması üçün bütün kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Bu isə o demək idi ki, “Moskva göz yaşlarına inanmır”.

Cənub qonşumuz olan İranın da yeni reallıqları qəbul etməsi Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Artıq İran da Zəngəzur dəhlizinin açılmasına və işğaldan azad edilən ərazilərdə işləməyə maraq göstərir. Xüsusilə Azərbaycan və İran arasında Türkmənistan qazının nəqli barədə iki ölkənin razılığa gəlməsi Ermənistanda narazılıq yaradıb. Bununla da Ermənistanın İrana bağladığı ümidləri boşa çıxıb. Bu, səbəbsiz deyil. Çünki Rusiya və Türkiyədən sonra İran, Çin və Avropa ölkələri də Zəngəzur dəhlizinin açılmasında maraqlı olduqlarını bildiriblər.

Əli hər yerdən üzülən ermənilər “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti çərçivəsində Qərbin dəstəyinə ümid edirlər. Sammitdən öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın əlimyandıda Fransaya səfər etmək istəməsi də bununla bağlıdır. Amma Nikol Paşinyanın “biz dünyanın böyük dövlətlərini bezdirmişik və heç kəs bizimlə maraqlanmır” deməsi elə Fransaya da aiddir. Fransız siyasətçilər qarşıdan gələn seçkilərdə ermənilərin beş-üç səsini qazanmaq, daha doğrusu, buradakı erməni iş adamlarından bir qədər vəsait qoparmaq üçün qulağa xoş gələn bəyanatlar verməkdən başqa heç nə etmirlər. Əksinə, Fransanın ciddi biznes dairələri Azərbaycanla iş qurmaq, xüsusilə işğaldan azad edilən ərazilərdə çalışmaq istədiklərini açıq şəkildə bəyan edirlər. Böyük maraqlar fonunda Fransada “kiçik bacı”nın fəryadını eşidən yoxdur, necə ki, “böyük qardaş” da erməni göz yaşlarına əhəmiyyət vermir. Fransa şirkətləri üçün də ermənilərin nə deməsi maraqlı deyil, onların istəkləri Azərbaycanla əməkdaşlıq edib gəlirlərini artırmaqdır.

Eləcə də Rusiyanın böyük biznes və maliyyə dairələrinin ölkəmizə gəlib işğaldan azad olunan ərazilərdə iş görmək istəmələri erməniləri çox məyus edib. Çünki onlar illərlə Rusiya iş adamlarını cəlb etmək istəsələr də, buna nail ola bilməyiblər.

Ermənilərin danışıqları uzatmaqda və bölgədə gərginliyi saxlamaqda əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpasına mane olmaq, ən azından bu prosesi bir qədər gecikdirməkdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması ermənilərin ölkəmizlə bağlı bütün iddialarına son qoyulması demək olacaq.

Deyilənləri bu fakt da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Onların təxminən üçdəbiri xarici, qalanı yerli şirkət və sahibkarlardır.

Prezident İlham Əliyevin apardığı siyasətin əsas məqsədi işğaldan azad edilən əraziləri siyasi mübahisə predmetindən çıxarıb iqtisadi əməkdaşlıq müstəvisinə çevirməkdir. Bu gün işğaldan azad olunan torpaqlara dünyanın inkişaf etmiş ölkələrinin investisiya yatırmaq üçün növbəyə durması dövlətimizin başçısının böyük qələbəsindən xəbər verir.