KÖŞƏ

Cavid Əkbərov

Əli Kərimlinin dişində şirə qalıb

30 mart 2022 02:38
4786

AXCP-nin islaholunmaz sədri Azərbaycan dövlətinin qazandığı böyük uğurlara kölgə salmaq üçün dəridən-qabıqdan çıxır

Qarayaxma kampaniyasını “uğurla” davam etdirən AXCP sədri Əli Kərimli artıq bu tip əməlləri ilə bütün ölkədə “ad” çıxarıb. 30 ilə yaxındır ki, Ə.Kərimli antimilli fəaliyyətlə məşğuldur və buna görə də Azərbaycan xalqının üzqarası olan dağıdıcı müxalifət düşərgəsində ən çox nifrət edilən adamdır. Adam ifadəsini təsadüfən işlətmədik. Ona görə ki, beləsinə insan demək insanlığa ən ən böyük hörmətsizlikdir. Çünki hamı adamdır, amma hər adam insan olmur.

Yaramaz əməlləri ilə insanlıq adına ləkə yaxan AXCP sədri şəxsi “Facebook” səhifəsində həyasız, mənasız, iftiralarla dolu statuslar yazmaqda davam edir. Ə.Kərimlinin bu üzdəniraq statusları hər bir sağlam düşüncəli azərbaycanlıda qəzəb, ikrah hissi doğurur.

Əli Kərimlinin şəxsi “Facebook” səhifəsindəki növbəti iftirası da təbii ki, bu qəbildəndir. İllər öncə Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı Zəfəri “gözdən salmaq” üçün dəridən-qabıqdan çıxan Ə.Kərimli Vətən müharibəsində qazandığımız Qələbəni də heç cür “həzm” edə bilmir. Azərbaycan Ordusunun dünya tarixində misli görünməmiş bu Zəfərinə qısqanclıqla yanaşan Ə.Kərimli martın 28-də şəxsi “Facebook” səhifəsində qeyd edib ki, guya müxalifət Azərbaycan hakimiyyətini Rusiya qarşısında güzəştlərdən çəkindirir. O, özünə həyasızcasına haqq qazandıraraq iddia edir ki, müxalifətin vəzifəsi məhz hökuməti milli maraqları güzəştə getməkdən çəkindirməkdir. Hansı ki, indiyədək dağıdıcı müxalifətin əsas işi milli maraqlarımızı satmaq, hər vasitə ilə bu maraqlara ermənilərdən daha ağır zərbə vurmaq olub. AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində və o vaxtdan ötən 29 il ərzində Ə.Kərimli və onun avara, başıpozuq dəstəsi yalnız pis əməlləri ilə yadda qalıb və mili maraqlar naminə heç bir müsbət iş görməyiblər.

Ə.Kərimli sözügedən statusunda Rusiyanın Müdafiə Nazirliyinin qeyri-obyektiv açıqlamalarını özü üçün ciddi mənbə olaraq qeyd edir. O, vurğulayır ki, biz onların rəsmi yaydıqları xəbərləri yalançıdırlar deyib, qeyri-ciddiyə almalı deyilik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyil. Ə.Kərimli isə əksinə, erməni dəyirmanına su tökməklə yazdığı statusla panika yaratmaq, ictimaiyyəti çaşdırmaq yolu ilə gündəmdə qalmağa çalışır.

AXCP sədri daha sonra bildirir ki, Azərbaycan hakimiyyətinin milli maraqlarımızı güzəştə getdiyinin şahidi olmuşuq və bu güzəştləri hər zaman yadlarına salacağıq. Maraqlıdır, niyə Ə.Kərimli AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanda baş verən vətəndaş qarşıdurmasını, ordudakı özbaşınalıqları, torpaqlarımızın işğalını yada salmır?

Ə.Kərimli sonda Azərbaycan hökumətinin şəhid ailələrinə və Qarabağ qazilərinə qayğı göstərmədiyini bildirir. Təbii ki, bütün bunlar ağ yalandır. Göründüyü kimi, üzdəniraq sədr Azərbaycan dövlətinin qazandığı böyük uğurlara kölgə salmaq üçün dəridən-qabıqdan çıxır. Halbuki, reallıqda Azərbaycanda şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Şəhid ailələrinin, eləcə də Qarabağ qazilərinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb, aidiyyəti qurumlara tapşırıqlar verilib və bu istiqamətdə fəaliyyətlər daha da genişləndirilir. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir. Nəticə etibarilə bu, ondan xəbər verir ki, həm şəhid ailələrinin, həm də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı çoxlu sayda Dövlət proqramları mövcuddur.

Şübhəsiz, bütün bu iftiralar Ə.Kərimlinin vəzifə hərisliyindən xəbər verir. Axı, AXCP sədrinin birillik hakimiyyətləri dövründən dişində şirə qalıb. Amma çifayda. Bu üzdəniraq antimilli ünsür dərk etməlidir ki, indi 1992-ci il deyil və Azərbaycan xalqı onu çox yaxşı tanıyır.