KÖŞƏ

Cavid Əkbərov

Əli Kərimlinin dələduzluq oyunu

15 dekabr 2021 22:59
7406

Dekabrın 15-də bir qrup radikal müxalifətçi Bakının Fəvvarələr meydanında hazırda həbsxanada aclıq aksiyası keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə qanunsuz aksiya keçirməyə cəhd göstəriblər.

Xatırladaq ki, dekabrın 1-də də bir qrup radikal müxalifətçi analoji aksiyanı keçirməyə cəhd etmişdi. 

Qeyd edək ki, radikal müxalifət tərəfindən həyasızcasına “siyasi məhbus” kimi təqdim edilən Saleh Rüstəmli sırf törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunub.

Bugünkü aksiya da ötən dəfəki kimi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Həmçinin yenə də aksiya keçirmək üçün şəhərin mərkəzi hədəf seçilib.

Həmişə olduğu kimi, radikal müxalifətin belə aksiyaları keçirməkdə məqsədi heç də Saleh Rüstəmlini müdafiə etmək deyil, əksinə onlar bu vəsitə ilə özlərinə diqqət çəkmək, asayişi pozmaq, qarma-qarışıqlıq yaratmaqdır.

Azərbaycanda saysız-hesabsız bədnam əməlləri ilə daim gündəmdə qalmaq istəyən AXCP sədri Əli Kərimli növbəti dələduzluq oyununu oynayır. Ə.Kərimli hər zamanki kimi yenə hay-həşirdədir. O, dekabrın 15-də şəxsi “Facebook” səhifəsində sözügedən aksiya ilə bağlı paylaşdığı məlumatda ənənəvi olaraq Azərbaycan hökumətinə qarşı növbəti dəfə böhtan ataraq qeyd edib ki, Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilmiş aksiyada guya hökumət kütləvi həbslər edib. Təbii ki, hamı yaxşı bilir ki, hökumətə şər-böhtan atmaq siyasi cəhətdən tam müflis olan Ə.Kərimlinin köhnə adətidir.

AXCP sədri, həmçinin sözügedən məlumatında aksiya iştirakçılarına təşəkkür də edib. Ə.Kərimli hakimiyyətə gəlmək üçün tək çarəni cəmiyyəti aldatmaqda görür. Azərbaycan xalqı AXCP sədrini yarıtmaz, separatçı, xain kimi tanıyır və bu, təbii ki, həmişə belə olacaq. Onun hər bir şər-böhtanı xalqımızda böyük nifrət yaradır. Xalq hökuməti dəstəkləyir, Ə.Kərimlinin həyasız davranışlarını, onun siyasi mövqeyini pisləyir, qəti şəkildə rədd edir. Nankor məqsədi ürəyində qalan Ə.Kərimli uzun müddətdir ki, nə qədər çalışsa da, cəmiyyətdə çaşqınlıq yarada bilmir.

Çox təəssüflə qeyd etməliyik ki, özünü “milli qüvvələr” adlandıranlar öz antimilli əməlləri ilə düşmən ermənilərin dəyirmanına su tökür, bununla şəxsi maraqlarını təmin etmək yolunu seçirlər. Hazırda bu funksiyanı AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və digər üzdəniraq siyasi möhtəkirlər bütün varlıqları ilə can-başla yerinə yetirirlər.