KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Gəldi hesab zamanı...

30 sentyabr 2025 00:35
99

Günün nəbzi

Ruben Rubinyan: Mən təklif edirəm ki, Serj Sarkisyan və Robert Koçaryan uzun illər Ermənistanı sıxışdıran korrupsioner sistemin qurucuları və liderləri, seçkilərin saxtakarları kimi siyasətdən getdiklərini elan etsinlər, məqsədi Ermənistanın müstəqilliyindən imtina etmək olan “Daşnaksütyun” partiyası isə özünü buraxsın

Əslində  baş nazir Nikol Paşinyanın özü və komandasının üzvləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın sentyabrın 26-da söylədiyi yuxarıdakı fikirləri indi yox, 44 günlük İkinci Qarabağ müharibəsindən dərhal sonra səsləndirməli idilər. Özü də sadəcə təklif şəklində deyil, ciddi tələb formasında. Amma məşhur zərb-məsələdə deyildiyi kimi, gec olmasının özü də heç olmamasından yaxşıdır. Yəni, gec də olsa  35 ilə yaxın müddətdə  Cənubi Qafqaz regionunu qan çanağına döndərən təcavüz, işğal siyasətinin əsas ideoloqu olan  “Daşnaksütyun” partiyasının, bu  antibəşəri ideologiyanın əsas icraçılarının- Robert Koçaryanın, Serjik Sarkisyanın və digər yanların siyasətdən getmələrinin zəruriliyinin hələlik təklif formasında gündəmə gətirilməsinin özü də müsbət addım hesab edilməlidir. Amma bu üzdəniraq “üçlük” yalnız  “uzun illər Ermənistanı sıxışdıran korrupsioner sistemin qurucuları və liderləri, seçkilərin saxtakarları” olduqlarına görə yox, daha qlobal cinayətlərin ideoloqu və təşkilatçıları kimi siyasət meydanını  tərk etməlidirlər. Bu barədə bir az sonra...

İndi isə gələk əsl mətləb üstünə. Yuxarıda qeyd etdiyimiz kimi, sentyabrın 26-da Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan bir qrup jurnalistı  parlamentə toplayaraq Nikol Paşinyanın ölkədə olmamasını fürsət bilərək  baş nazirin istefası və ya impiçment edilməsi tələbi ilə insanları küçələrə tökməyə cəhd göstərən davakar  “Daşnaksütyun” partıyasının, eyni zamanda,  keçmiş prezidentlər Robert Koçaryanın və Serjik Sarkisyanın  siyasətdən getmələrinin vacibliyini bəyan edib.  Vitse-spiker belə deyib: “Mən təklif edirəm ki, Serj Sarkisyan və Robert Koçaryan uzun illər Ermənistanı sıxışdıran korrupsioner sistemin qurucuları və liderləri, seçkilərin saxtakarları kimi siyasətdən getdiklərini elan etsinlər.” Rubinyan bu cütlüyün iqtisadi cinayətlərinə toxunaraq əlavə edib ki, keçmiş iqtidar korrupsiyaya uğramasaydı Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmazdı: “Hələ Baş Prokurorluğun Robert Koçaryan və onun ailəsindən tələb etdiyi, təxminən 200 milyon dollar dəyərində olan çoxsaylı aktivləri demirəm. O, mütləq ödəyəcək”.

Ermənistan parlamenti sədrinin müavini  eyni təklifi koçaryanların və sarkisyanların “xaç atası”  “Daşnaksütyun”a da şamil edib və bu  partiyaya özünü ləğv etməyi məsləhət görərək deyib:  “Çünki o, 004  saylı sirkulyarında məqsədinin Ermənistanın müstəqilliyindən imtina etmək olduğunu qeyd edən bir partiyadır. Bu barədə sonra danışacağıq. Xalq bizim hakimiyyətdə olmağımızı istəmədiyini söyləyəndə, iqtidardan gedəcəyik. Mexanizm hamıya məlumdur - seçkilər."  Görünən odur ki, Rubinyan korrupsioner, saxtakar  rəqiblərinə seçki amilini təsadüfən xatırlatmır. Xüsusilə, nəhayət, regiona barış və əmin-amanlıq gətirəcək Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmısını əngəlləmək məqsədilə  Şimaldakı ağalarından aldıqları təlimatlar əsasında insanları küçələrə, meydanlara tökmək  üçün dəridən-qabıqdan çıxan Koçaryana, Sarkisyana, onların züy tutanlarına  belə bir mesaj verir ki, boş yerə atılıb-düşməyin. Sizin bütün cəhdləriniz əbəsdir. Od olub yalnız özünüzü yandıra bilərsiniz.  Bilin və agah olun ki, törətdiyiniz saysız-hesabsız cinayət əməllərinin bədəlini ödəməyinizin zamanı gəlib. 

“Daşnaksütyun”a gəlincə, vitse-spiker “O, məqsədinin Ermənistanın müstəqilliyindən imtina etmək olduğunu qeyd edən bir partiyadır. Bu barədə sonra danışacağıq” deməklə adı siyasi partiya, özü isə əsl həqiqətdə qatı terror təşkilatı olan, zaman-zaman erməni xalqının şüurunu, təfəkkürünü “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə zəhərləyən bu qaniçən qruplaşmaya əgər özü-özünü ləğv etməsə biz  yaxın  gələcəkdə ölkə qanunvericiliyinin tələbləri əsasında onu qapadıb faşist ruhlu rəhbərliyini zindanlara dolduracağıq mesajını vermiş olur. Şübhəsiz, Ruben Rubinyan istəsəydi Hayastanın sabiq rəhbərləri və onların daim ideologiyasına sadiq qaldıqlarını Azərbaycan xalqına qarşı saysız-hesabsız cinayət əməlləri törətməklə sübut etdikləri bədnam “Daşnaksütyun” partiyası ilə  bağlı təkliflərinin əhatə dairəsini xeyli genişləndirə bilərdi. Təbii ki, istəsəydi. Məsələn, deyə bilərdi ki,  faşizm ideologiyasının daşıyıcısı olan “Daşnaksütyun” yarandığı gündən Erməni Apastol Kilsəsi ilə birləşərək hay toplumu arasında   azərbaycanlılara  və türklərə qarşı düşmənçilik, kin-küdurət, nifrət toxumu səpib. Zaman-zaman yüz minlərlə günahsız azərbaycanlıları və türkləri  soyqırımına məruz qoyub. Onu da deyərdi ki, “Qarabağ avantürası”nın davam etdiyi 30 il ərzində  xəyanətkar Koçaryan, Sarkisyan və digər yanlar bir vaxtlar çörəyini yeyib, suyunu içib, havasını udub ətə-qana dolduqları Azərbaycanın bu dilbər guşəsində misli görünməmiş faciələr törətmiş, necə deyərlər,  daşı-daş üstünə qoymamış, çağdaş dünya tarixinin ən dəhşətli qətliamları olan Xocalı, Ağdaban, Qaradağlı və digər tükürpədici soyqırımlarının əsas təşkilatçıları olmuşlar  və buna görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidirlər. Xüsusilə Sarkisyanın xarici KİV-lərə müsahibələrindən birində vaxtilə özünün terrorçubaşı olduğunu lovğalıqla etiraf edib Xocalıda törətdikləri soyqırımı haqqında dediyi bu sözləri xatırlada bilərdi: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə  əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi.” Əlbəttə, bunları desəydi təbii ki, o, erməni olmazdı. Yuxarıda sadaladıqlarımızı dilinə gətirə bilməsəydi belə, heç olmasa bədnam “Daşnaksütyun”un, Koçaryan, Sarkisyan kimi müharibə canilərinin əsl simalarının görünən tərəflərini soydaşlarına  xatırladıb deyə bilərdi ki, bu ünsürlər erməni və Azərbaycan xalqları arasında düşmənçiliyi daha da dərinləşdirmək üçün bütün alçaq, qeyri-insani, qeyri-bəşəri  vasitələrə  əl atmaqdan çəkinməmişlər. Qaniçən Koçaryan-Sarkisyan çütlüyünün əsl simasını açmaq üçün bu  qatillərin  ötən əsrin 70-ci illərində və 80-ci illərinin əvvəllərində  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində rəhbər komsomol və təsərrüfat vəzifələrində işləyərkən Azərbaycan SSR-in ozamankı rəhbəri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qarşısında doqquz qat əyilib ona necə yaltaqlandıqlarını xatırlada bilərdi. Bunu da xatırlatmasa heç olmasa  öz kumirini müdafiə etmək məqsədilə  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandın İlham Əliyevin Suqovuşanın azad edilməsinin bir illiyində  Ermənistanın  İkinci Qarabağ müharibəsində biabırçı kapitulasiyasının günahını hər vəchlə baş nazir Nikol Paşinyanın üstünə atmağa çalışan xəyanətkar  cütlüyün, xüsusilə bu məsələdə  daha çox canfəşanlıq edən Serjik Sarkisyanın  absurd iddialarını alt-üst edən aşağıdakı  fikirlərini bir daha erməni jurnalistlərinin diqqətinə çatdırmağa borclu idi: "Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, "möhkəm", "güclü ordu"nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb."

Bütün bu  həqiqətləri dilinə gətirməsə də ədalət naminə vurğulamaq lazımdır ki, Ermənistan hakimiyyətində yüksək vəzifə tutan bir şəxsin hələlik təklif formasında səslənən açıqlamlarını yaxın gələcəkdə bu dağıdıcı qüvvələrin əgər özləri xoşluqla getməsələr qanunun gücü ilə siyasətdən uzaqlaşdırılacağının anonsu kimi qiymətləndirmək olar. Yəni, əvvəlcə siyasət meydanını tərk etmək, sonra törətdikləri saysız-hesabsız siyasi, hərbi və iqtisadi cinayətlərə görə işıqlı dünyaya  həbsxananın dəmir barmaqlıqları arasından baxmaq, daha sonra isə rəsmi Bakının beynəlxalq axtarışa verdiyi müharibə canilərini Azərbaycan dövlətinin qətiyyətli tələbi əsasında ölkəmizin  hüquq-mühafizə  orqanlarına təhvil vermək. Əlbəttə, yaxın gələcəkdə hadisələrin bu yöndə inkişaf edəcəyi kimlərəsə utopiya kimi görünə bilər. Belələri unutmasınlar ki,  İkinci Qarabağ müharbəsinə  qədər   nəinki işğalçı Ermənistanda, hətta təcavüzə məruz qalmış Azərbaycanda da tezliklə Qarabağdakı separatçı rejimin “özündən bəy prezidentləri” Araik Arutyunyanın, Bako Saakyanın, Arkadi Qukasyanın, Kremlin “xüsusi tapşırıqlar” üzrə emissarı,  qondarma “dqr”in “dövlət naziri” Ruben Vardanyanın və digər yüksək çinli hərbi canilərin tutularaq əlləri qandallı,   başları sinələrinə endirilmiş vəziyyətdə Bakıya gətirilmələrini,  bu gün ədalət məhkəməsi qarşısında cavab vermələrini də heç kim xəyalına belə gətirə bilməzdi. Amma Azərbaycanın qətiyyətli Prezidenti, yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir zamanlar xəyala belə gətirilməsi mümkün olmayanı gerçəyə çevirdi. Heç kimin şübhəsi olmasın ki,  bu gün Ermənistandan bir addım kənara atmaq iqtidarında olmayan müharibə canilərini- Robert Koçaryanı, Serjik Sarkisyanı, əlləri günahsız azərbaycanlıların qanına batmış digər yanları da belə bir aqibət gözləyir və o gün uzaqda deyil...