29 iyul 2025 00:42
197

Biz Paşinyandan bunu da gözləyirik

İnanırıq ki, ermənibaşının “çox əzabkeş” hay toplumunun son 37 ildə “yaşadığı faciələri” bəhanə gətirərək ölüsündən, dirisindən asılı olmayaraq  Qarabağ avantürasının baş ideoloqları Zori Balayanın, Silva Kaputikyanın, Abel Aqanbekyanın, Viktor Ambartzumyanın, İqor Muradyanın, Arkadi Manuçarovun, I Vazgenin, II Qareginin, əsas icracıları  Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serjik Sarkisyanın, Seyran Ohanyanın, Vazgen Sarkisyanın və digər yanların  Haaqa Beynəlxalq Tribunalında mühakimə olunmasını tələb edəcəyi gün uzaqda deyil

Ermənistanın baş naziri Nikol Paşinyan ilk baxışda rəhbərlik etdiyi cəmiyyətdə sensasiya doğura, şok effekti yarada biləcək, reallıqda isə hay toplumunun böyük əksəriyyətinin, əgər belə demək mümkündürsə, heç tükünü belə tərpətməyən bəyanatlarını və açıqlamalarını yüksələn xətt üzrə davam etdirməkdədir. Elə bir bir həftə, hətta elə bir gün  yoxdur ki, o, sosial şəbəkə platformaları üzərindən keçirdiyi ənənəvi mətbuat konfranslarında, hökumətin iclaslarında, parlamentdəki çıxışlarında və digər tədbirlərdə hazırkı Ermənistanın real mənzərəsini tam çılpaqlığı  ilə ortaya qoymasın.  Bu baxımdan ermənibaşının  son mətbuat konfransında səsləndirdiyi bəyanatlar onun 44 günlük İkinci Qarabağ müharibəsindən ötən 5 ildəki davranışlarının, etiraflarının  kulminasiya nöqtəsi oldu desək, şübhəsiz, yanılmarıq.

 Baş nazirin həmin mətbuat konfransında səsləndirdiyi sensasion fikirləri  təkcə postmüharibə  dövrünün nəticələrinin doğurduğu reallıqların etirafı deyil, həm də Cənubi Qafqaz regionunda yeni mərhələnin başlanğıcının anonsu kimi dəyərləndirmək mümkündür. Ermənibaşının sözügedən mətbuat konfransında  ən böyük etirafı rəhbərlik etdiyi  ölkənin  ərazi bütövlüyünü necə qoruyub saxlamaqla bağlı oldu.  O, bildirdi ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir. Gəlin, ədalət naminə  razılışaq ki, indiyədək nəinki bu dərəcədə açıq-saçıq  ifadə olunmuş cümləni, hətta buna yaxın gələn fikri belə heç bir erməni  liderinin dilindən eşidən  olmayıb. Bütövlükdə, Nikol Paşinyanın sözügedən mətbuat konfransında səsləndirdiyi fikirlərdə bundan da güclü sensasiya doğura biləcək ifadələr yer alıb. Bütün bunlar barədə bir az sonra...

Çox da uzaq olmayan tarixi  keçmişdə, yəni, cəmi 5 il əvvəl-2020-ci ilin 27 sentyabrı ərəfəsində hər fürsətdə   Azərbaycsn xalqını və dövlətini aşağılayan, ünvanımıza hədə-qorxu üyüdüb tökən, su yoluna  döndərdiyi Qarabağa hər səfəri zamanı separatçıların qarşısında “artsax”ın müstəqilliyinin əbədi və dönməz” olması barədə bəlağətli “nitq” irad edən ermənibaşının bugünkü halına   baxanda mərhum şairimiz  Rüfət Əhmədzadənin

 Başa sal sən məni əvvəl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məətəl,

Bu mənəm, mən deyiləm...

misraları ilə  başlayan məşhur satirik şeirini xatırlamamaq olmur. Yəqin ki, Ermənistanın baş naziri  də bu gün eynilə məşhur şeirin “qəhrəmanı” kimi “Bu mənəm, mən deyiləm” ritorik sualını dönə-dönə özünə ünvanlayıb düşdüyü situasiyadan çıxış yollarını arayır.  Həqiqətən də hər iki tipin qarşılaşdığı  situasiya təxminən eynidir. Fərq yalnız ondadır ki, “Bu mənəm, mən deyiləm” şeirinin “dünənə kimi qəpiyə güllə atan qəhrəmanı” birdən-birə yüksək vəzifə məqamına yetişməklə aslana dönüb cah-cəlal sahibi  olmasına “mat-məəttəl qaldığı” halda, 2020-ci ilin 27 sentyabrınadək qızmış pələng kimi hər fürsətdə Azərbaycana qış qıcıyan Nikol Paşinyan bu gün tülkü cildinə bürünməsinə “mat-məəttəl qalıb.” Bəli, həqiqətən də çəkiləsi dərd deyil. Axı, bu, həmin Paşinyandır ki, İkinci Qarabağ müharibəsindən 1 il əvvəl- 2019-cu ilin yayında Xankəndidə separatçıların qarşısında yumruğunu düyünləyib havaya qaldıraraq lovğalıqla “Qarabağ Ermənistandır və nöqtə” bağırmışdı. Bu, həmin Paşinyandır ki, elə həmin vaxt onun sabiq müdafiə naziri David Tonoyan Parisdə erməni diasporunun  nümayəndələri ilə görüşündə Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə “ ilə hədələyəndə nəinki ona irad bildirməmiş, əksinə haqq qazandırmışdı. Demişdi ki, Tonoyan fikrini başqa cür ifadə etsəydi Parisdən qayıdan kimi onu vəzifəsindən qovardım. Bu, həmin Paşinyandır ki, müharibədən əvvəl Qarabağdakı separatçılar qarşısında odlu-alovlu “nitq” irad edərək yenə də Azərbaycanı aşağılayan fikirlər səsləndirmişdi. O zaman bu “daşdəmir” Qarabağ ermənilərinə xitabən demişdi ki, siz “artsaxlılar” xoşbəxt xalqsınız (?!), çünki azərbaycanlılar kimi qorxaq, özünü müdafiə etməyi bacarmayan qonşularınız var və siz bu torpaqlarda 100 illərlə tam təhlükəsiz şəraitdə yaşaya bilərsiniz. Bu, həmin Paşinyandır ki, Qarabağa səfərlərinin birində  bu gün qanlı-bıçaq vəziyyətində olduğu baş keşiş II Qareginin “öndərliyi” ilə komandasını və separatçıların “başçı”larını ətrafına toplayıb Xankəndidən Şuşaya piyada yürüş etmiş, Cıdır düzündə turş sirkə tamı verən erməni çaxırından gillədib sərxoş vəziyyətdə “Yallı” gedərək hər bir azərbaycanlı üçün ən müqəddəs məkan sayılan bu yerləri murdarlamışdı. Bu, həmin Paşinyandır ki...Zənnimizcə, kifayətdir.

“Daşdəmir” necə “xaşxəmir” oldu?

Qayıdaq yenidən ermənibaşının son mətbuat konfransında səsləndirdiyi sensasion bəyanatlara. Bu bəyanatların hər biri İkinci Qarabağ müharibəsinə qədər ritorikası yalnız Azərbaycanı asıb-kəsmək, dövlətimizi və xalqımızı aşağılamaq cəhdləri üzərində qurulan “daşdəmir”in artıq necə”xaşxəmir”ə çevriıməsinin aydın mənzərəsini qoyur ortaya. Məsələn, baş nazir mətbuat konfransında ölkə ərazisində “ikinci dövlətin” mövcudluğuna icazə verməyəcəyini bildirib. Söhbət, əlbəttə, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda reallaşdırdığı  bir günlük mükəmməl  antiterror əməliyyatından sonra qaçıb  İrəvana sığınmış separatçı tör-töküntülərin burada “mühacir “artsax respublikası” qurmaq niyyətlərinə münasibətdən gedir.  O, həmin niyyətə işarə edərək belə  deyib: “Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək." Bu, açıq-aydın separatçılara ünvanlaşmış ultimatumdur və çox güman ki,  yaxın günlərdə “artsax respublikası”nın yerləşdiyi binanın müsadirə edilməsi sözügedən mesajın reallaşması istiqamətində ilk addım olacaq. Bunu həm də Ermənistan rəhbərliyinin sabitliyi təmin etmək naminə separatçılığın ölkə daxilindəki köklərini kəsməyə hazırlaşmasının anonsu kimi dəyərləndirmək olar.

Bəs, nədən bu dərəcədə peşmansan, Nikol!..

Axı,  bir zamanlar Xankəndidə yumruğunu havaya qaldırıb ayağını yerə döyən, “Qarabağ Ermənistandır və nöqtə” bağıran başqa birisi yox, məhz sən idin. Son mətbuat konfransında isə tamamilə fərqli ovqatda, boynu büküb vəziyyətdə  başqa hava çalır, o vaxt “Qarabağ Ermənistandır” dediyinə görə peşman olduğunu bildirirsən. Ey gidi dünya! Fərqindəsənmi ki, aydın səmada şimşək çaxması effekti doğuran bu etirafın təkcə sənin şəxsi mövqeyinin dəyişməsi deyil, həm də bu gün rəhbərlik etdiyin Ermənistan adlı təcavüzkar dövlətin  uzun illər boyu yürütdüyü işğal və terror  siyasətindən geri çəkilməsi deməkdir. Bu günün reallıqlarından doğan həmin etirafının ardınca daha da irəli gedərək  bəyan edirsən ki, mən  Azərbaycanın ərazi bütövlüyünün tanınması qərarını əslində daha erkən verməli idim. Əgər bu qərarı vaxtında versəydim qanlı-qadalı İkinci Qarabağ müharibəsindən qaçmaq mümkün idi. Bəs, niyə vermədin?! Axı, sənin kimi hərdəmxəyal dövlət başçısından fərqli olaraq sözünə imzası qədər dəyər verən, hər kəlməsinin ağası olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu sərsəm iddiandan az sonra- 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən və sənin də iştitak etdiyin ”Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında arxasında böyük hərbi gücün və siyasi iradənin dayandığı “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə  ipə-sapa yatmayan hay toplumunu gözlənilən faciə barədə xəbərdar etmişdi. Bax, gərək o zaman işğalçı  qoşunlarınızı dinməz-söyləməz  ərazilərimizdən çıxarıb rədd olub gedəydiniz “ana Hayastan”a. Bunu etmədin. Çünki əcdadlarının uydurduğu “dənizdən -dənizə böyük Ermənistan” mifi digər həmcinslərin kimi, sənin də beynini, şüurunu  elə zəhərləmişdi ki, gözün ayağının altını görmürdü. Məhz gözün ayağının altını görmədiyinə görə  yenilməz sərkərdənin ciddi  xəbərdarlığına məhəl qoymadın. Elə zənn etdin ki, səninlə zarafat edir. İndi isə görkəmli dramturqumuz Cəfər Cabbarlının “Sevil” əsərində deyildiyi kimi, “çək, cəzandır, Balaş!”

İlan ulduz görməsə...

Bəli, bu gün ermənibaşı peşmançılıq hissi keçirməsindən dəm vurur. Əslində, biz azərbaycanlıların müdrik zərb-məsəlində deyildiyi kimi, Nikolun ziyanın yarısından qayıtmaq qərarı onun özü və rəhbərlik etdiyi hay toplumu üçün də xeyirdir. Əgər, təbii ki, dünənki ərz-halı ilə bugünkü durumu arasında müqayisə apararaq “Bu mənəm, mən deyiləm” dillemması qarşısında qalan baş nazir dilə gətirdiyi peşmançılığında səmimidirsə. Bax, burada məsələ bir az qəlizləşir. Axı, erməni hara, səmimiyyət hara... Nə isə, necə deyərlər, yaşayarıq görərik...

Ümumiyyətlə, sözügedən mətbuat konfransında diqqəti çəkən xeyli sayda sensasiyalı bəyanatlar var və təbii ki, bir yazı çərçivəsində onların hər birini ayrı-ayrılıqda təhlil edib fikir bildirmək mümkünsüzdür. Bəs, indi bir zamanlar yerlə, göylə əlləşən  “daşdəmir”in bu dərəcədə yumsalmasının səbəbi nədir? Onun “demokrat andı”na sədaqətimi? Bəlkə gündən-günə daha da qıcqıran “humanizmi?” Bəlkə özünü beynəlxalq ictimaiyyətə sülhpərvər, insan haqlarına hörmət və sayğı ilə yanaşan lider kimi sırımaq cəhdi? Xeyr, yuxarıda dünənki Nikol Paşinyanın simasında bunların heç birinin əsas səbəb olmadığını konkret faktlar və rəqəmlər əsasında ortaya qoyduq. Bəs, nəhayət, nədir əsas səbəb?.. Bu məqamda biz azərbaycanlıların daha bir müdrik el məsəlini-“İlan ulduz görməsə ölməz” deyimini xatırlatmaq yerinə düşür. Bəli, nə qədər ki, “ilan ulduz görməmişdi”, yəni, biz Qarabağ və Şərqi Zəngəzur dağlarında, dərələrində, düzlərində  sürünə-sürünə ölümsaçan zəhərini əzəli torpaqlarınızın dərin qatlarına hopduran əfi ilanın başını əzməmişdik, Nikol Paşinyan müxtəlif platformalarda özündən razı şəkildə “Qarabağ Ermənistandır və nöqtə”  kimi absurddan da absurd bəyanatlarını davam etdirir, sanki hər fürsətdə xalqımızı və dövlətimizi aşağılamaqdan həzz alırdı. Elə ki, 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ilin bir günlük lokal antiterror əməliyyatları zamanı bu əfi ilanın başını əzdik, yəni, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Komandanı İlham Əliyevin “dəmir yumruğ”u Nikolun və onun Qarabağdakı separatçı sürüsünün düz təpəsinin ortasına endirildi, ermənibaşı ölümcül zərbənin  təsiri altında qan-qan deyən ritorikasını və davranışlarını 180 dərəcə bucaq altında dəyişərək getdikcə daha intensiv xarakter alan  bugünkü etiraflarında bulunmağa məcbur oldu.

Qarabağ avantürasının baş ideoloqları və əsas icraçıları, haydı beynəlxalq tribunal qarşısına!..

Bütün bu reallıqların fonunda əgər günün birində Nikol Paşinyan fərqi yoxdur, ya  mətbuat konfransında, ya hökumətin iclasında, ya da parlamentdə “çox əzabkeş” hay toplumunun son 37 ildə “yaşadığı faciələri” bəhanə gətirərək ölüsündən, dirisindən asılı olmayaraq  Qarabağ avantürasının baş ideoloqları Zori Balayanın, Silva Kaputikyanın, Abel Aqanbekyanın, Viktor Ambartzumyanın, İqor Muradyanın, Arkadi Manuçarovun, I Vazgenin, II Qareginin, əsas icracıları  Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serjik Sarkisyanın, Seyran Ohanyanın, Vazgen Sarkisyanın, və digər yanların  Haaqa Beynəlxalq Tribunalında (Beynəlxalq Cinayət Məhkəməsində) mühakimə olunmasını tələb etsə erməni cəmiyyəti buna qətiyyən təəccüblənməz. Biz azərbaycanlıılar da, öz növbəmizdə, buna nəinki təəccüblənmərik, hətta Nikol Paşınyanın lap yaxın gələcəkdə, yəni, kilsə ilə haqq-hesabı çürütdükdən sonra belə bir addım atacağını səbirsizliklə  gözləyirik. İnanırıq ki, hər gün yeni-yeni etirafları ilə gündəmi zəbt edən  ermənibaşı bunu da edəcək. Çünki bütün yollar onu daha böyük etiraflara  aparır...

Əhməd Qurbanoğlu, “İki sahil”