Cavid Əkbərov |
Sentyabrın 27-də Ermənistanın başladığı təxribatları getdikcə daha da şiddətləndirərək müharibəyə çevirməsi 44 gün ərzində işğalçının ağır məğlubiyyəti ilə nəticələndi. Bu müddət ərzində rəşadətli ordumuzun bir-birinin ardınca düşmənə ağır zərbələr vurması və əsarətdə saxladığı ərazilərimizdən qovması təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. Ümid yerini havadarlarında görən Ermənistan rəhbərliyi hansı ölkəyə üz tutdusa, əlləri ətəklərindən uzun qayıtdı. ABŞ, Rusiya, hətta Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işğalçıya birmənalı olaraq bildirdilər ki, Azərbaycan öz ərazisində vuruşur.
Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən təcavüzkarlar dinc əhalini hədəfə aldı və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdu. Nəticədə Azərbaycanın 94 nəfər mülki əhalisi qətlə yetirildi. Azərbaycan Silahlı Qüvvələrinin hədəfində isə yalnız işğalçı ölkənin hərbi biləşmələri idi. Nəticə isə hamımızın gözləri önündədir. Noyabrın 8-də rəşadətli ordumuz Şuşaya Azərbaycan bayrağını sancdıqdan sonra Ermənistanın siyasi-hərbi rəhbərliyi çıxış yolunu təslim olmaqda gördü.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarmalıdır.
Bəyanatdan da göründüyü kimi, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Məğlublar aciz olurlar. Aciz vəziyyətə düşən Ermənistan rəhbərliyi artıq bu dəfə yalvar-yapışla, xahişlə müraciət etdi. Azərbaycan dövləti, onun rəhbəri cənab İlham Əliyev həmişə humanizm prinsiplərinə böyük üstünlük verib. 44 günlük müharibə zamanı da dünya ictimaiyyəti bunun şahidi oldu. Ermənistan tərəfi dinc əhaliyə qarşı nə qədər qəddarlıq nümayiş etdirsə də, Azərbaycan tərəfi mülki əhalini hədəfə almadı və bunu dəfələrlə bəyan etdi. Dövlətimizin başçısı İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələrində də bildirdi ki, Azərbaycan Ordusu müharibə qaydalarına ciddi riayət edir, qadağan olunmuş silahlardan istifadə etmir və mülki əhalini hədəfə almır. Bu dəfə də humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək, Ermənistan ordusunun və qanunsuz olaraq yerləşdirilmiş insanların Kəlbəcər rayonundan çıxarılması üçün əlavə 10 gün vaxt verərək müddəti noyabrın 25-dək uzatdı.
Halbuki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. İşğalçı ölkənin rəhbərliyi yəqin ki, öz qəddarlıqlarını unutmayıb. İşğalçılar həmin vaxt belə bir qeyri-humanist qərarı qəbul edərkən, Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etdiyini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını nəzərə almamışdılar. Azərbaycan tərəfi isə bütün bunları nəzərə alaraq ermənilərə 10 gün əlavə vaxt verdi. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur.
Dövlət başçısı İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyi Azərbaycanın həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl etməsində də bir daha təsdiqini tapdı. Ermənilər isə yenə də öz vəhşiliklərinə, qəddarlıqlarına sadiqliklərini nümayiş etdirirlər. Onlar faşizm ideologiyasının davamçısı olduqlarını Kəlbəcərdə evlərə və meşələrə od vurmaqla bir daha təsdiqlədilər. Dünya bir daha erməni barbarlığının şahidi olmaqdadır.