Cavid Əkbərov |
Dağıdıcı müxalifət partiyalarının cəmləşdiyi “Milli Şura” adlandırılan antimilli ünsürlər yığınının Azərbaycanda demokratiya məsələlərinin mövcud səviyyəsinə ikili standartlarla işləyən müəyyən beynəlxalq qurumların rəyləri əsasında qiymət verməsi həmin üzdəniraq qurumun xaricdəki şübhəli əlaqələrini sübut edən tutarlı faktlardan biridir.
“The Economist Intelligence Unit” adlı beynəlxalq təşkilatın demokratik ölkələr arasında Azərbaycanın mövqeyi barədə proqnozlarına AXCP sədri Əli Kərimlinin yanaşmaları bu cəhətdən diqqəti cəlb edir. Azərbaycanda demokratiya və insan haqları ilə bağlı tənqidi mövqe tutan bir-iki beynəlxalq təşkilatın anti-Azərbaycan siyasi mərkəzlər tərəfindən idarə olunduğu çoxdan sübut olunub. Onların bir sıra prinsipial mövzularda Ermənistanı guya Azərbaycandan yaxşı vəziyyətdə olan ölkə kimi təqdim etmək cəhdlərinin arxasında duran niyyətlər də məlumdur. Həmin beynəlxalq təşkilatlar Azərbaycandakı vəziyyəti təhrif etmək, əldə edilmiş uğurları gözdən salmaq və “Milli Şura” kimi radikal qurumların ölməkdə olan siyasi fəaliyyətinə yenidən can vermək məqsədi güdür. Azərbaycanda demokratiya ilə bağlı qərəzli və məqsədli rəy bildirən bəzi beynəlxalq təşkilatlar daxili siyasi vəziyyəti gərginləşdirməyi hədəfləyirlər.
Xeyli sayda mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın inkişaf tendensiyalarına çox real qiymət verdikləri halda, Əli Kərimli və başqa “Milli Şura”çıların məhz antiazərbaycançıların rəylərinə lobbiçilik etmələri birmənalı nəticə çıxarmağa əsas verir. “Milli Şura”nın Azərbaycana ancaq neqativ yanaşan beynəlxalq mərkəzlərə etimad etməsi qətiyyən azərbaycançı mövqe sayıla bilməz. Təhlillər göstərir ki, ölkəmizdəki demokratik prosesləri analiz edən məlum beynəlxalq təşkilatlar Azərbaycan xalqının iradəsini yox, öz maraqlarını əsas götürürlər. Belə olmasaydı, üzdəniraq “Milli Şura”nın əsas götürdüyü bir - iki beynəlxalq tənqidi rəy dünyanın daha böyük və məşhur mərkəzlərinin rəyindən bu qədər fərqlənməzdi.
Ən bağışlanmaz hal odur ki, “Milli Şura”ya daxil olan partiya rəhbərləri Azərbaycanı Ermənistanla müqayisədə qərəzli şəkildə aşağılayan rəylərə bu qədər aludəçilik nümayiş etdirirlər. Proseslər özü sübut edir ki, ölkəmizdə inkişafla bağlı ən doğru rəylərin mənbəyi məhz Azərbaycan xalqı olsa da, radikalların bu həqiqətə yox, saxta əcnəbi hesabatlara uyması qeyri-vətənpərvərlik nümunəsidir.
Azərbaycan xalqı ölkəmizdə inkişaf prosesləri barədə tam fərqli və real düşüncədə olduğu üçün radikalların qərəzli ifrat mülahizələrinin təsiri altına düşə bilməz. Ermənistanın son üç ildə guya avtoritarizmdən demokratik ölkəyə çevrildiyini iddia edən radikal “liderlər” əslində erməniçi ideyalarının daşıyıcılarına çevrilirlər. Ermənistanda davam edən siyasi qətl və təqiblərin görməzliyə vurulması Azərbaycan radikalları üçün tüğyan edən hakimiyyət hərisliyindən başqa bir şey deyil.
Bu gün Ermənistanın dünyada ən incə təbliğat hədəflərindən biri özünü Azərbaycandan artıq demokratik ölkə kimi tanıtmaqla işğalçı siyasətinə dolayı yolla haqq qazandırmaqdır. Ermənistanın məntiqi budur - “Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün ermənilər Qarabağda azərbaycanlılarla birlikdə yaşaya bilməz”. Beynəlxalq demokratik inkişaf reytinqlərində Azərbaycanı Ermənistandan aşağı tutmaq səyləri məhz ermənilərin bu planlarına xidmət etmək deməkdir.