Günel Eyyubova |
“Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq” söyləyən Prezident İlham Əliyev xüsusilə müsəlman ölkələri ilə əməkdaşlığın möhkəmləndirməsini başlıca vəzifə kimi qarşıya qoyur.
Müsəlman aləminin ayrılmaz hissəsi kimi islami dəyərlərin təbliğində rolu artan, siyasi, iqtisadi, enerji sahələrində ən mühüm layihələrin təşəbbüskarı olan Azərbaycan dinlər və sivilizasiyalararası münasibətlərin güclənməsində də nümunədir. Azərbaycan tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə İslam dünyasının ayrılmaz hissəsidir. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin İslam ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi müsəlman aləmi ilə qarşılıqlı münasibətlərini uğurla davam etdirir. Məhz bütün bunları əsas götürərək Prezident İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin birinci sessiyasında çıxışında bildirdi ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir.
Dünyanın 100-dən çox ölkəsini birləşdirən Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi dünya syasətinə təsir imkanları artan Azərbaycan münaqişəli problemlərin həllində tutduğu ədalətli mövqeyi ilə sabitliyin təminatı üçün daim öz sözünü deyir. Bir faktı xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəmlənməsi üçün Avropa ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin dəvət olunması dünyada çox böyük əks-səda yaratmışdı.
“İslam Həmrəyliyi İli”ndə 57 müsəlman ölkəsi idmançılarını bir araya gətirərək İslam Həmrəyliyi Oyunlarının keçirilməsi özü həmrəyliyə və dostluğa dövlət səviyyəsində göstərilən diqqətdir. Azərbaycan öz nümunəsində müsəlman ölkəsi olaraq dünyaya İslamın ilk növbədə sülh, inkişaf və mənəvi dəyərlər dini olduğunu ortaya qoydu. Azərbaycan bu Oyunları təşkil etməklə, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlərin idmançılarını bir araya yığmaqla dünyaya islamofobiyanın çox qərəzli siyasət olduğunu və bunu aradan götürməyin təkcə İslam ölkələrinin deyil, bütün dünya siyasətçilərinin əsas vəzifəsi olduğuna dair mesaj verdi. Təbii ki, islamofobiya bütün İslam aləmini narahat edir. Qərəzli dairələr bilərəkdən İslam haqqında mənfi rəy formalaşdırır, hətta onu terrorla eyniləşdirir. Amma həqiqətdə terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayır ki, İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizədə ən güclü vasitədir. Ötən illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər də bu birliyin bariz nümunəsi idi. Belə tədbirlər zəngin milli mənəvi dəyərləri əsrlərdən bəri qorunub saxlanılan İslamın təbliği baxımından da əhəmiyyətlidir.