KÖŞƏ

Günel Eyyubova

Terrorun himayədarı

17 noyabr 2022 01:15
2794

Terrorizm bu gün bəşər sivilizasiyası üçün əsas təhlükələrdən biridir. Hər insan terrorun qurbanı ola bilər. Çünki terrorçu üçün insan həyatının heç bir dəyəri yoxdur. Terrorizm hər hansı mütəşəkkil qrup və ya təşkilatın zorakılıqdan sistematik şəkildə istifadə etməklə qarşıya qoyduğu məqsədlərə çatmağa çalışdığı üsuldur.Terror təhlükəsi hazırda dünyanın əksər ölkələrində gündəlik reallıqdır. Onunla mübarizə aparılsa da faktiki olaraq bugünkü gün üçün cərəyan edən hadisələr fonunda deyə bilərik ki, terror aktlarının tam qarşısını almaq mümkün deyil. Belə ki, noyabrın 13-də İstanbulun Bəyoğlu rayonunda törədilən terror aktı da söylənilənləri sübut edir. Yerli vaxtla saat 16:13 radələrində İstiqlal prospektində baş verən terror aktı nəticəsində altı nəfər həyatını itirdi. 81 nəfər yaralandı. İlkin məlumata görə, PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan şəxs İstanbul polis əməkdaşları tərəfindən tutulub.

Dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı olan ATƏT-in bütün iştirakçı dövlətləri razılaşır ki, terrorizm ATƏT məkanında və ondan kənarda sülh, təhlükəsizlik və sabitliyə, o cümlədən insan hüquqlarının təmin edilməsinə və sosial-iqtisadi inkişafa ən ciddi təhdidlərdən biridir. Haşiyə çıxaraq qeyd edək ki, baxmayaraq ki, dünyada erməni terror təşkilatları 100 illərdir mövcuddur, amma Ermənistan da adıçəkilən təşkilatın üzvüdür. Bu, həm də o Ermənistandır ki, Azərbaycan xalqına qarşı 30 il terrorun bütün növlərini törədib.

Əgər dünyada 14-15 ən təhlükəli terror təşkilatı varsa onun 12-13-ü elə ermənilərlə bağlıdır. Məsələn, ASALA terror təşkilatı yarandığı vaxtdan etibarən əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. Xüsusən Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədi ilə 1988-1994-cü illərdə Ermənistan tərəfindən ölkəmizdə dinc əhaliyə və infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən xeyli uzaqlarda çoxsaylı terror aktları törədilib. Adıçəkilən terror qruplaşması hərbi əməliyyatların getmədiyi ərazilərdə belə terror aktları təşkil etməklə, minlərlə günahsız insanı qətlə yetirib. 2020-ci ilin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev  bütün dünyaya bəyan etdi ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Dövlətimizin başçısı həmçinin bildirmişdi ki, bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.

Ali Baş Komandanın sözügedən çıxışından bir neçə gün sonra Azərbaycanda Vətən müharibəsi başladı. Müharibənin gedişində Prezident İlham Əliyevin erməni terrorizmi ilə bağlı söylədikləri dəlil-sübutlarla öz təsdiqini tapdı. Belə ki, işğal altında olan ərazilərimizdə Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatları davam etdirilərkən, Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən xarici muzdlu-terrorçuların olduğu faktlarla, dəlillərlə, fotolarla sübuta yetirildi. Təbii bu nüans dünya mediasının da diqqətindən kənarda qala bilməzdi. Fransanın “Liberation” qəzeti ASALA terror təşkilatının 64 yaşlı üzvü, terrorçu Gilbert Minasyanın Dağlıq Qarabağa Fransadan özü ilə birgə gətirdiyi digər muzdlularla yollandığını yazırdı. Fransanın “France-24” telekanalı isə bildirirdi ki, Dağlıq Qarabağda Ermənistan erməniləri ilə yanaşı, Fransadakı erməni diasporunun üzvləri də döyüşür. “Reuters” agentliyi Qarabağda döyüşən muzdlulardan biri haqqında yazırdı ki, o, əvvəlcə Livandakı iqtisadi böhranla əlaqədar Ermənistana gəlib və daha sonra Qarabağda döyüşlərə yollanıb. Daha sonra Livandan döyüşçülərin olmasını Ermənistan Müdafiə Nazirliyi təsdiqləsə də, konkret say açıqlanmadı.

Bundan başqa, Vətən müharibəsinin davam etdiyi dövrdə Gəncə, Mingəçevir, Tərtər və Bərdə şəhərləri, hərbi əməliyyatların getdiyi bölgədən uzaq ərazilər və o şəhərlərin dinc əhalisi erməni terrorunun hədəfinə çevrildi.