KÖŞƏ

Günel Eyyubova

Sülhə gedən yol - tolerantlıq

02 dekabr 2021 21:39
5025

Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də mədəniyyətlərin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Odlar yurdu Azərbaycan Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Çünki yüzilliklər boyu ölkəmiz müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Həmin dinlərin, mədəniyyətlərin nümayəndələri də sülh və qardaşlıq şəraitində mehriban, təhlükəsiz yaşayıblar.

Müasir Azərbaycanın tarixinə gəldikdə isə görürük ki, ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, dövlət səviyyəsində konfessiyalar arasında tolerantlıq mühitinin qorunub saxlanması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişindən sonra dövlət-din münasibətləri konsepsiyasına uyğun olaraq ölkədə tolerantlıq mühiti daha da möhkəmləndi, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də diqqətdən kənarda qoymur və həmişə yüksək qiymətləndirirdi.

Multikulturalizm tolerantlığın təcəssümüdür. Bəs, nədir tolerantlıq? Tolerantlıq xüsusi insani keyfiyyət, dözümlü və səbirli olmağa hazır olmaqdır. Kiminsə varlığına dözmək, başqalarının fikirləri ilə hesablaşmaq bacarığıdır. Müasir cəmiyyətimizdə milliyyətə, dinlərə, ümumi  maraqlara görə müxtəlif qruplar formalaşır. Lakin bəzən anlaşılmazlıq, digər fərdlərin fikirləri ilə hesablaşmamaq kimi dözümsüzlük halları ilə də rastlaşırıq.

Sosiologiya tolerantlıq anlayışını başqa insanın dünyagörüşünə, həyat tərzinə, davranışına və adətlərinə anlayış göstərmək kimi izah edir. XXI əsrdə bəşəriyyət belə qənaətə gəlib ki, müxtəlif etnik qrupların, mədəniyyətlərin, siniflərin və s.  daimi qarşılıqlı əlaqəsi olmadan cəmiyyətdə həyat qeyri-mümkündür.  Əsrlər boyu insanlar arasında davamlı toqquşmalar, qarşıdurmalar, müharibələrin olmasının başlıca səbəbi öz inancından başqa bir inancı rədd etmək, başqasının mədəniyyətini, mentalitetini, adət-ənənələrini, ideyalarını rədd etmək olub.

Cəmiyyətin mədəni və mənəvi inkişafı hər birimizin tolerantlığından asılıdır. Hər fərd individualdır, hər insanın özünəməxsus xüsusiyyətləri var.  Lakin gözlənilən odur ki, iki fərqli dini əqidədə, düşüncədə olan insan bir-biri ilə ortaq “dil tapıb”, konstruktiv mövqe nümayiş etdirə bilsin. Bu baxımdan tolerantlıq, yalnız mənəvi vəzifə deyil, həm də siyasi və hüquqi bir ehtiyacdır.

1995-ci il UNESCO-nun təşəbbüsü ilə BMT tərəfindən Beynəlxalq Tolerantlıq ili elan edildi. Elə həmin il noyabrın 16-da  Parisdə UNESCO-nun üzvü olan 185 dövlət tolerantlıq prinsipləri Bəyannaməsini qəbul etdilər. Qeyd edilən tarixdən etibarən “tolerantlıq” sözü gündəlik həyatımızın bir parçası halına gəldi. Yeri gəlmişkən, qeyd edək ki, dünya dövlətləri içərisində Azərbaycan öz etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi sahəsində örnək sayılan respublikalardandır. Bu gün Azərbaycanda 115 azsaylı xalq yaşayır. Ümumiyyətlə, Azərbaycan nəinki vətəndaşlarına münasibətdə tolerantlıq nümayiş etdirir, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Azərbaycan həmişə sülhün, əmin-amanlığın, dostluğun tərəfdarı olub.

Ümumiyyətlə, XXI əsr insanının adekvat seçimi müharibə və münaqişələr, dinlərarası konfliktlər olmamalıdır. Tolerantlıq - barışığın əldə edilməsini mümkün edən və müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasına kömək edən bir fəzilətdir. Başqa insanların hüquq və azadlıqlarını pozmamaqla bərabər hüquq və azadlıqlara sahib olmaq bacarığıdır. Dözümlülük (tolerantlıq) dedikdə, heç də güzəşt, razılıq və narazılıqdan bəhs etmirik. Tolerantlıq fərqli, yad olanı tanımaq, qəbul etmək, hörmət etmək deməkdir. Belə cəmiyyətlərdə fərd diskriminasiyaya məruz qalmadan, heç bir süni maneə ilə qarşılaşmadan özünün sosial inkişafı üçün imkanları asanlıqla dəyərləndirə bilir. Eyni zamanda, tolerantlıq hər hansı bir baxışa və hərəkətə laqeydlik də demək deyil. Məsələn, irqçiliyə, şiddətə, şərəf və ləyaqətin alçaldılmasına, insan hüquqlarının pozulmasına göz yummaq, görməzlikdən gəlmək də yolverilməzdir.