KÖŞƏ

Günel Eyyubova

Erməni yalanları ayaq tutsa da yerimir

30 aprel 2021 01:58
3128

Yalana qulaq asan olmasa, onu danışan da olmaz. Hər il aprelin 24-də dünya erməniləri qondarma “soyqırım”larını qeyd edirlər. Gün keçdikcə  erməni ideoloqları söylədikləri yalana daha çox insanı inandırmağa çalışırlar.

“Amerika xalqı 106 il əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir” – Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Cozef Baydenin açıqlamasında işlənən bu ifadələr həqiqəti, tarixi bilənləri məyus etdi. Xatırladaq ki, erməni “soyqırımı”nın tanınması həm Baydenin, həm də vitse-prezident Kamala Harrisin seçki öncəsi verdikləri vədlərindən biri idi. Hətta ötən ilin 24 aprelində də prezidentliyə namizəd olan Bayden öz “Twitter” hesabında prezident seçiləcəyi təqdirdə “erməni soyqırımı”nı tanıyacağını yazmışdı. 2021-ci ilin 24 aprelində isə verdiyi vədi yerinə yetirdi . Lakin yəqin ki, Bayden etirazların qarşısında dayana bilməyəcəyini bildiyi üçün  “erməni soyqırımı”ifadəsini işlədərkən Türkiyəni günahlandırmaq istəmədiyini bildirdi.

Erməni xalqının “faciəsini” qiymətləndirərkən “soyqırım” ifadəsini ABŞ-ın 40-cı prezidenti də heç fərqinə varmadan işlədib. Belə ki, 1981-ci ildə Prezident Ronald Reyqan çıxışında 1915-ci il hadisələrini “soyqırım” adlandırdı. Əlbəttə, həmişə olduğu kimi bütün bunlar güclü erməni lobbisinin iştirakı olmadan baş verə bilməzdi. XX əsrin 70-80-ci illərində ABŞ-dakı ermənilər lider mövqeləri tuturdular. Məsələn, Kaliforniya qubernatoru Corc Dokmeyan Reyqanın yaxın dostu idi.

Sonrakı illərdə daha bir fakt da ortaya çıxdı. Erməni politoloq Suren Sarkisyan, Reyqanın  “soyqırım” ifadəsini istifadə etdiyini, ancaq bunun Amerika rəhbərliyinin mövqeyi olmadığını söylədi. Çünki ABŞ prezidentinin söyləyəcəyi nitqin mətninə “soyqırım” sözünü əlavə edən Ağ Ev rəhbərlərinin köməkçilərindən biri olub. O, şəxs də etnik erməni olan Ken Xaçikyandır.  

S.Sarkisyan erməni KİV-nə müsahibə verərkən bildirib ki, 2012-ci ilin yazında Los-Ancelesdə Ağ Evdən  olan etnik erməni ilə şəxsən ünsiyyət qurma imkanı olub. Erməni politoloq bildirir ki, Ken Xaçikyan vaxtı ilə Ağ Evin spikerlər şöbəsinə rəhbərlik edib. Birləşmiş Ştatların 40-cı Prezidentinin çıxışlarının əksəriyyətinin də mətnlərini yazan məhz o olub. Reyqanın “soyqırım” ifadəsini işlətməsinin səbəbkarı da odur. Belə ki, Xaçikyan prezidentlə mətnin yalnız əsas məqamlarını müzakirə edib. Reyqan ondan mətni mümkün qədər ruha toxunacaq şəkildə inandırıcı hala gətirməsini istəyib və beləliklə, Xaçikyan erməni riyakarlığı ilə dədə-babalarından miras qalan yalan texnikalarını hərəkətə keçirib. Belə hallarda isə çox yaxşı bilirik ki, erməni isterikasının qarşısına keçmək asan olmur.

ABŞ prezidenti Reyqanın nitq yazarı (speechwriter) olmuş K.Xaçikyan müsahibəsində hərəkətlərini belə şərh edib. “Düşündüm ki, bu erməni soyqırımı mövzusuna toxunmaq üçün yaxşı səbəbdir. Onu (p.s qondarma soyqırımdan bəhs edir) kambocalıların qətliamı ilə və 1975-ci ildə törədilən digər bu kimi cinayətlərlə yanaşı vurğuladım. Ermənilərin başına gələnlərin əsl “soyqırım” olduğunu qeyd etdim. O da Holokost kimi eyni üsullarla və eyni məqsədlə həyata keçirilmişdi ...”.

Həmin çıxışın mətnini prezidentin son təsdiqinə təqdim etməzdən əvvəl Xaçikyan bütün ciddi məqamları Dövlət Katibi müavininin köməkçisi ilə yanaşı prezidentin Milli Təhlükəsizlik Məsələləri Üzrə Baş Müşaviri ilə də razılaşdırmalı idi. Bu vəzifəni o vaxtlar daha sonra Birləşmiş Ştatların Daxili İşlər naziri olmuş Viliam Klark tuturdu. Xaçikyan isə vəzifəsindən sui istifadə etdiyi dövrləri belə xatırlayır: “Mən hər şeyi ölkənin xarici siyasətindən məsul olan şəxslərlə razılaşdırmalı idim. Beləliklə, onları bu təşəbbüsümdə ABŞ-ın rəsmi yanaşmalarına zidd ola biləcək əks bir şeyin olmadığına inandırmağı bacardım. Türklər əlbəttə ki, qəzəbləndi”.  Daha sonra etdiklərinə bəraət qazandırmağa çalışan Xaçikyan deyib“Ancaq əminəm ki, yalnız ermənilər üçün deyil, bütün xalqlar üçün faydalı bir iş görmüşəm, çünki soyqırımların tanınması və qınanılması onların təkrarlanmasının qarşısını almağa kömək edir”.

Erməni yalanlarını sübuta yetirən bu kimi faktlar çoxdur… Ağ Ev 1915-ci ildə Osmanlı imperiyası dövründə olan hadisələri araşdırıb. ABŞ prezidenti Reyqanın müşaviri olmuş Brus Fein bildirib ki, prezidentin tapşırığından sonra araşdırmalar aparıblar. Həmin dövrdə tarixi faktlarla tanış olduqdan sonra belə nəticəyə gəliblər ki, “erməni soyqırımı” ilə bağlı danışıqlar tamamilə əsassızdır. Çünki 1915-ci ildə ermənilər tərəfindən çox sayda türk qətlə yetirilib. Həmin dövrə aid türklərin cəsədləri olan kütləvi məzarlıqlar aşkarlanıb. Brus Fein bildirib ki, “erməni soyqırımı” nağılları erməni tarixçilərinin xəyalının məhsuludur. “Erməni quldur dəstələri 2 milyondan çox türkü öldürüb ”.

B. Fein əlavə edərək vurğulayır ki, Osmanlı imperiyası dövründə bütün dini və etnik azlıqlar türklərin hüquqlarından istifadə edirdi: “O dövrdə Türkiyədə yunanlar, kürdlər, çərkəzlər, ərəblər və ermənilər kifayət qədər yüksək vəzifələrdə idilər. Birinci Dünya müharibəsi zamanı ermənilər vətənlərinə xəyanət etdilər və Osmanlı imperiyasının düşmənlərinə qoşuldular”. Keçmiş müşavir arxiv maaterialları ilə tanış olduqdan sonra əminliklə bildirib ki, hərbi əməliyyatlar zamanı ölən ermənilərin həqiqi sayı 300 min nəfər civarındadır. B.Fein mənfur qonşularımızın iç üzünü də açır: “Ermənilər türk və gürcü kəndlərini qarət etdilər, dinc insanları öldürdülər. Araşdırma zamanı Türkiyə tərəfi arxivlərindən istifadəyə icazə verdi, ermənilər isə arxivlərini açmaqdan qəti şəkildə imtina etdilər. Fikrimcə, bu arxivləri açmağı bacarsaq, şübhəsiz ki, həqiqət üzə çıxacaq. O zaman ermənilər dünyadan və xüsusən də türklərindən tarixi yalanlarına görə üzr istəməli olacaqlar”.

Bir neçə gün əvvəl Cozefin işlətdiyi “soyqırım” ifadəsinə münasibətində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirdi ki, hal-hazırda sənədlər toplayırıq. “Cənab Bayden nəyə əsaslanaraq danışır mən anlamıram. Bizim arxivlərimizdə 1 milyondan artıq sənədlər var. Amerikanın hansı sənədləri var və bu sənədləri aça bilirlərmi?”

Ümid edirik ki, Baydenin də ağlına gələcək ki, arxivlərdə bütün tarixi faktlar, sənədlər, sübutlar var. Sadəcə obyektiv olub, hər şeyi öz adı ilə çağırmaq lazımdır.