KÖŞƏ

Günel Eyyubova

Zaman düşmənlərimizin əleyhinə işləyir

29 mart 2022 22:36
3669

Qüdrətli Azərbaycan Ordusunun son günlərdə Qarabağda apardığı dislokasiya işləri yağı düşmənlərimizi və onların havadarlarını çox narahat edib.

Xatırladaq ki, bir neçə gün əvvəl qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərdilər və bununla da öz iplərini özləri kəsdilər. Nəticədə ordumuz mövqelərində daha da möhkəmləndi və Xocalı rayonunun Fərrux kəndini erməni silahlılarından təmizləyərək Qarabağda mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirdi. Yerli hərbi şərhçilərimiz bildirirlər ki, Fərrux yüksəkliyinə nəzarət etməyin çox böyük üstünlükləri var. Adıçəkilən yüksəkliyin erməni hərbi birləşmələrinin nəzarəti altında olması onlara imkan verirdi ki, Ağdərə ilə Əsgəran, Xocalı, Xankəndi yolunu tam atəş nəzarəti altında saxlasınlar. Siyasi şərhçilər isə bildirirlər ki, Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi o deməkdir ki, biz tezliklə Qarabağın ermənilərin yaşadığı ərazilərində də nəzarətimizi bərpa edəcəyik. 

Erməni və ermənipərəst mənbələr isə baş verənlərə tam başqa “don” geyindirərək vəziyyəti fərqli formada şərh edirlər və dünya ictimaiyyətinin diqqətini yenidən bölgəyə yönəltmək istəyirlər. Onlar guya Azərbaycanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi, eyni zamanda, sabitliyi pozması ilə bağlı absurd iddialar irəli sürürlər. Əlbəttə, rəsmi Bakı səsləndirilən yalan iddialara açıqlama verərək, məsələnin mahiyyətinin nədən ibarət olduğunu aydınlaşdırdı. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib: “Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı 2022-ci il 28 mart tarixli əsassız bəyanatını şərh edib. Şərhdə qeyd olunub ki, məhz Ermənistan postmünaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir: “Məhz Ermənistan üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan Bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt beynəlxalq media tərəfindən də təsdiqini tapıb”. Xüsusi olaraq vurğulanır ki, Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.

Əgər qonşularımızı yaxından tanımasaydıq, onların xislətinə bələd olmasaydıq düşünərdik: yəni ermənilər bu qədər axmaqdırlar ki, künc zərbəsi ilə yenidən oyuna başlamaq istəyirlər? Əsla yox. Onlarda nə Azərbaycan əsgərinin qarşısına çıxacaq ürək var, nə də o güc. Daim özünü dünyaya yazıq və məzlum toplum kimi göstərməyə çalışan, ermənilər bir müddətdir diqqətdən kənarda qalıblar. Məlum Rusiya-Ukrayna münaqişəsi davam etdiyindən ermənilər yaddan çıxıb. Bu müddət ərzində isə onlar sakit və səssiz dayana bilməzdilər. Erməniləri bizdən yaxşı heç kim tanıya bilməz. Son 300 ildə “maşa” kimi tanıdığımız torpaqsız, köksüz, küləyin istiqamətinə görə yönünü dəyişən ermənilər insident yaradaraq “mən də varam, məni unutmayın” məqsədini güdürlər.  

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki,  Zəngəzur, Göyçə, İrəvan Azərbaycan torpaqlarıdır. Bir məqamı da unutmaq olmaz ki, çoxmilyonlu dünya azərbaycanlıları ideoloji cəbhədə Ali Baş Komandanı birmənalı olaraq dəstəkləyirlər. Son 18 ildə Azərbaycanın əldə etdiyi hər nailiyyət ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. 44 günlük dünyaya səs salan tarixi Zəfərimizlə biz Vətənin, millətin 30 il gözlədiyimiz sevincini yaşadıq... 44 gün ərzində 17 min kvadrat kilometrlik ərazi düşməndən azad edildi. Üç rayon isə bir güllə belə atılmadan azad olundu. Elə dünya da, təcavüzkarlığı, oğurluğu, fitnə-fəsadı özünə ar bilməyən ermənilər də dərk etdilər ki, Azərbaycan əvvəlki gücsüz, köməksiz ölkə deyil. İndi onun siyasəti dünyaya səs salan Sərkərdəsinin ətrafında sıx birləşən məğrur xalqı var. Ona görə də  düşmənin hər bir təxribat cəhdi onun ancaq və ancaq ziyanına işləyəcək.