KÖŞƏ

Günel Eyyubova

Minalanmış ərazilərin xəritəsi haradadır?

01 may 2021 02:38
4982

Azərbaycan və Ermənistan arasında 44 gün davam edən İkinci Qarabağ savaşı 10 noyabr 2020-ci ildə üçtərəfli sazişin imzalanması, məğlub ölkənin kapitulyasiyası ilə başa çatdı. 1990-cı illərin əvvəllərindən ötən ilə qədər davam edən işğal dövründə Ermənistanın döşədiyi minaların partlaması nəticəsində 100-dən çox mülki vətəndaş həlak olub və yaralanıb. Mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş Azərbaycan ərazilərindən təmizlənməsi hal-hazırda hökumət üçün qarşıda duran əsas məsələlərdəndir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həm də yenidənqurma işinin vacib hissəsidir. Çünki infrastruktur layihələrinin icrası, məktəblərin və digər iaşə məntəqələrinin işləməsi üçün ərazilərin təhlükəsiz hala gətirilməsi lazımdır. Lakin Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bununla da Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, özlərini demokratik adlandıran dövlətlər də bilməlidirlər ki, 1915-ci ildə tarixdə baş verməyən hadisəni Osmanlı imperiyasının törətdiyini iddia etməkdənsə, XXI əsrdə cərəyan edən insanlığa sığmayan vəhşiliyi -  Ermənistanın bu addımını pisləməli, bunun etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu etiraf etməlidirlər. Heç kəsə sirr deyil ki, Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan ölkəmizin dinc əhalisinə qarşı amansız cinayətlər törədib.

ADA Universitetində keçirilən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbir zamanı da BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist bildirdi ki, Beynəlxalq Mina Xəbərdarlığı Gününü həm də iqtisadi inkişafa vurduğu zərərləri aradan qaldırmaq üçün qeyd edirik. O, 1999-cu ildən bəri BMT-nin dəstəyi ilə ANAMA Azərbaycanda 6000-dən çox mina təmizləyib ki, bunun nəticəsində də 160 mindən çox məcburi köçkünün geri dönməsi üçün şərait yaradılıb.

Ermənistan Xarici İşlər Nazirliyindən isə bildirirlər ki, “Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq və 9 noyabr 2020-ci il tarixli erməni əsirləri və hələ də əsirlikdə olan mülki şəxslərin geri qaytarılması barədə üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur”. Gəlin, Bəyənatın müddəalarının kim tərəfindən pozulduğunu bir daha xatırlayaq... Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar.Qeyd edilən tarixdən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Daha sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmək, daha doğrusu, partizan müharibəsi etmək həvəsinə düşdülər. Azərbaycan tərəfinin dekabr ayında keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində isə Ermənistan hökumətinin bilərəkdən, məqsədyönlü şəkildə Azərbaycan ərazisinə göndərdiyi 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verildi. Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridiliblər.

Ermənistan Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını və dünyanı belə aldadır. Onlar açıqlama verirlər ki, “Qarabağ münaqişəsi zonasında atəşkəs elan edildikdən sonra Azərbaycanda saxlanılan məhkumların və girovların qaytarılması məsələsi erməni tərəfi üçün ən kəskin məsələ olaraq qalır. Azərbaycan hakimiyyəti, hərbi əməliyyatlar bitdikdən sonra əsir götürülmüş Şirakın yerli sakinləri olan hərbçilər qrupu da daxil olmaqla bütün məhbusları geri qaytarmağa tələsmir”. Demək, Ermənistan hakimiyyət nümayəndələri cinayətkar və hərbi əsir ifadələrinin fərqini bilmirlər.

Hesablamalara görə, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. İşğal dövründə isə Ermənistanın həmin ərazilərin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərclədiyi iddia olunur. Mina təmizlənməsi olduqca bahalı olduğundan, ölkələrdən bu iş üçün daha çox vəsait tələb olunur.

Əgər Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verərsə, onu əldə edib qısa müddətdə əraziləri minalardan təmizləmək imkanımız var. Bunun üçün haqq-ədalət axtaran, özünü demokratiyanın beşiyi hesab edən dövlətlər Azərbaycanın yanında olmalıdırlar.