Şəmsiyyə Əliqızı |
Bu təşkilatın vaxtaşırı olaraq Azərbaycanın əleyhinə kampaniya aparması bütün ictimaiyyətə məlumdur
Tarixin böyük bir hissəsində güclülərin mübarizəsi daha çox müharibələrlə nəticələnmişdir. Lakin XX əsrdən başlayaraq nüfuz mübarizəsinin başqa bir müstəviyə keçməsi müşahidə olunur. Xüsusən də II Dünya müharibəsindən sonra əksər keçmiş imperiyalar ayrı-ayrı regionlarda öz maraqlarını qorumaq üçün siyasi təsir vasitələrindən istifadə etməyə başlamışlar. Bu vasitə isə gah xarici yardım, gah demokratiya, insan hüquqları tələbi formasında özünü göstərməkdədir. Bütün hallarda görünən odur ki, maraqlı qüvvələrin xarici yardımları da, demokratikləşmə tələbləri də öz ambisiyalarına xidmətdən başqa bir şey deyil.
Artıq Azərbaycana qarşı aparılan piar kampaniyalara alışmışıq. Vətəndaşlar yaxşı bilirlər ki, bunun arxasında müəyyən dairələr durur. Azərbaycanın dünya birliyində nüfuzunun artdığı bir vaxtda bir sıra qərəzli beynəlxalq təşkilatlar ölkəmiz haqqında müxtəlif dezinformasiyalar, qeyri-ciddi məlumatlar yaymaqda davam edirlər. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət neçə illərdir ki, «Freedom House» təşkilatı tərəfindən hazırlanan hesabatlarda təhrif edilir. Hər bir dövlətdə insan haqları ilə bağlı vəziyyətin barometri həmin ölkənin əhalisinin münasibəti və baxışları ilə tənzimlənir. «Freedom House» isə öz qeyri-səhih hesabatlarının hazırlanması zamanı ciddi olmayan mənbələrə üz tutur. Ümumiyyətlə, «Freedom House» kimi qeyri-hökumət təşkilatları konkret qüvvələrin əlində bir sıra dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Heç bir ciddi fəaliyyət mexanizminə, peşəkarlıq səviyyəsinə malik olmayan bu cür qurumlar məqsədli şəkildə populyarlaşdırılır, onların fəaliyyəti süni surətdə şişirdilir. Bu təşkilatın vaxtaşırı olaraq Azərbaycanın əleyhinə kampaniya aparması bütün ictimaiyyətə məlumdur. İnsan haqlarının müdafiəsi bu təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər vasitə ilə təzyiq altında saxlamaqdır. Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını problem kimi görürlərsə və məqsədləri bu problemi həll etməkdirsə, o zaman ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət çəkməlidirlər. Çünki bu icma həm cəmiyyətin önəmli bir hissəsini təşkil edir, həm də üzləşdikləri problemlərin əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır.
Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu strategiya nəticəsində qaçqın və məcburi köçkünlər üçün müasir infrastruktura cavab verən qəsəbələr salınıb, hər cür şəraiti olan mənzillər tikilib. Ancaq doğma ocaqlarından didərgin salınan soydaşlarımız hər dəfə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşərkən öz ata-baba torpaqlarına qayıtmaq istədiklərini bildirirlər. Həmin təşkilatların nümayəndələri də söz verirlər ki, bu barədə beynəlxalq aləmdə obyektiv məsələ qaldıracaqlar. Ancaq onlar Azərbaycandan ayrılan kimi yenə də öz əvvəlki amplualarına qayıdır, ayrı-seçkiliyi, ikili standartları davam etdirir, bu ədalətsizliyə və beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına göz yumurlar. Təsadüfü deyil ki, indiyədək «Amnesty İnternational», «Transparency İnternational», «Human Rights Watch» təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə də formal olsa belə çağırış edilməyib. Ən nəhayət, beynəlxalq insan haqları təşkilatları nə ölkədə parlament gülləbaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda ittiham etməyiblər. Səbəb – ikili standart siyasəti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.
Antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən «Freedom House”» yeni «hesabat”» yayıb və yenə də Azərbaycanı «azad olmayan ölkələr»” siyahısına daxil edib. Hətta bu dəfə Dağlıq Qarabağı ayrı ərazi kimi göstərib. Bu isə artıq antiazərbaycançı şəbəkənin yeni sifarişidir.
Əslində, belə təşkilatların hesabatlarında hər bir ölkədə vəziyyət düzgün qiymətləndirilməli, demokratiya və hüququn aliliyi prinsipləri əsas götürülməlidir. Lakin adları çəkilən təşkilatlar antiazərbaycançı şəbəkənin və erməni lobbisinin maraqlarına xidmət etdiklərindən obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstəriblər.
Onlar müxtəlif siyasi və geosiyasi məqsədlər güdərək Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemləri tam olaraq etiraf etmək istəmirlər. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə uzun illərdir ki, davam edən səmərəsiz fəaliyyətlərini ört-basdır etmək üçün mənasız bəyanatlar yaymaqdadırlar. Bütün bunlar işğalçı dövlətin əl-qolunu açır və bütövlükdə münaqişənin həll edilməsi yolunda ciddi əngəllər yaradır. ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç bir real addım atmır, lakin özünü bu məsələnin yeganə hakimi kimi aparır. Kimlərinsə prosesə qarışmasını istəmir. Çünki həmsədr dövlətlər problemin öz inhisarlarından çıxmasını istəmirlər. Onlar həqiqətin hər kəsə aydın olacağından qorxub belə yersiz bəyanatlar yayırlar. Qərbin siyasi təsisatları hələ də obyektiv mövqe tuta bilmirlər. Onlar ikili standartlar siyasətinin qurbanı olmaqda davam edirlər.