Şəmsiyyə Əliqızı |
Məşhur filosof Cəlaləddin Rumi bildirmişdir: “Bu gün Ədəbin nə olduğunu bilmək istəyənlər bilsinlər ki, Ədəb hər bir ədəbsizin ədəbsizliyinə səbr edib dözməkdir”. Ancaq ədəbsizlik də qədərincə olmalılıdır. Bu gün dağıdıcı müxalifət partiyalarına və onların “liderlərinə” ictimai maraq və etimad sıfır səviyyəsində olmasına baxmayaraq ədəbsizliklərindən də qalmırlar. Hələ də anlamırlar ki, dağıdıcı fəaliyyətləri onları xalqdan ayrı salıb.
Təsadüfi deyil ki, 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Onlar dünən də, bu gün də ölkənin siyasi gündəmi üçün əhəmiyyətsiz qrup kimi xarakterizə olunurlar. Gah baykot qərarı, gah da “demokratik seçki mühitinin olmaması” kimi bənzər və köhnəlmiş bəhanələri ilə gündəmdə qalmağa çalışan dağıdıcı qüvvələr yalnız radikal siyasətləri ilə istədiklərinə çatacaqlarını düşünürlər. Bunun üçün cəhdlər etməyə çalışsalar da hər zaman növbəti məyusluqlarını yaşayırlar.
Sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müxalifət düşərgəsi martıın 10-da keçirdikləri mitinqlə yenidən gülünc vəziyyətə düşdü. Əhalinin gur olduğu yerlərdə mitinq keçirməyə can atan dağıdıcı ünsürlər parklarda dincələn, evinə, işinə gedən insanları da öz tərəfdarları qismində təqdim etməyə çalışsalar da istədiklərinə nail ola bilmədilər. Dağıdıcı müxalif ünsürlərin keçirdikləri mitinq zamanı iştirakçıların sayının həddindən artıq az olması bir daha sübut etdi ki, onları xalq dəstəkləmir. Təbii ki, indiki dağıdıcı müxalifətin vaxtilə hakimiyyətdə olanda həyata keçirdiyi yarıtmaz siyasəti də unudulmayıb.
Əgər tarixə nəzər yetirsək, ötən illərdə keçirilmiş əksər seçkilər ərəfəsində radikal müxalifət partiyalarının ölkədə süni gərginlik yaratmağa çalışması barədə kifayət qədər faktların şahidi olarıq. İndiki dağıdıcı düşərgə 1992-ci ildə məhz qeyri-sivil metodlardan yararlanaraq zorla iqtidara yiyələnmişdi. Ona görə də iqtidarda çox qala bilmədi. Radikal müxalifətin 1998-ci ilin sentyabrında, prezident seçkiləri ərəfəsində Bakının mərkəzində törətdiyi iğtişaşlar nəticəsində şəhərə milyonlarla manat zərər vurmasını, 2000-ci ilin noyabrında törətdiyi Şəki hadisələri, nəhayət, 2003-cü ilin 15-16 oktyabr iğtişaşları, eləcə də 2005-ci ildə bu düşərgənin əsl mahiyyətini xatırlayanda onun iç üzü bir daha görünür. Xalq bunları yaxşı tanıyır. Destruktiv metodlardan başqa hansısa mübarizə üsulunu özləri üçün prioritet seçməyi ağıllarına belə gətirmək qabiliyyətində olmayan AXCP və Müsavat kimi partiyaların başçıları bu cür hadisələrin törədilməsinə rəvac verməklə məqsədlərinə çatmaq üçün bütün qeyri-qanuni əməllərdən yararlanmağa hazır olduqlarını ortaya qoyurlar. Hakimiyyətdə olduğu məlum keçmişi ilə xalqın etimadından birdəfəlik məhrum olan, əsl müxalifət imicini itirən bu düşərgə özünün “nicat yolunu” yalnız qarşıdurmalarda iğtişaşlar törətməkdə görür və bunun üçün hətta antiazərbaycan mövqedə dayanan xarici dairələrlə əməkdaşlıq edir. Sirr deyil ki, Azərbaycanın son bir neçə ildə keçdiyi dinamik inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq doğurur. Xüsusən, ermənipərəst mövqedə dayanan, o cümlədən müsəlman dünyasının tərəqqisində maraqlı olmayan dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara əl atıblar. Bu dairələrin təhriki ilə müxtəlif vaxtlarda dövlət çevrilişi üçün edilən cəhdlər ölkəmizdə məhz xalq-hakimiyyət birliyi nəticəsində iflasa uğrayıb.
Yazımı Cəlaləddin Ruminin sözləri ilə başladım Demokritin fikirləri ilə də bitirmək istəyirəm: “Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərdə sığınacaq yeridir.” Bu gün dağıdıcı ünsürlər bilməlidirlər ki, artıq onların qaragüruhçu qatarı çoxdan ötüb. Uzun illərdir ardıcıl olaraq iflasa uğrasalar da heç nə olmamış kimi rəhbərlik etdikləri partiyalarda öz fəaliyyətlərini davam etdirməkdədilər. Etdirsinlər...bu da onların seçdiyi yoldur. Ancaq nə edirlərsə etsinlər tərbiyəsizlik etməsinlər...