KÖŞƏ

Şəmsiyyə Əliqızı

Narahat ruhlar

09 mart 2018 23:42
6902

Artıq hər kəsə bəllidir ki, dağıdıcı müxalifətin “mübarizəsi” təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə ölkə müstəqilliyinə qarşı yönəlib. Onların bugünədək atdıqları bütün addımlar  xaricdəki erməni lobbi təşkilatlarının fəaliyyəti ilə paralellik təşkil edir. Ölkəmizin uğuruna sevinməyən, dövlətimizin qüdrətlənməsini həzm etməyən dağıdıcılar qərəzli əməlləri ilə gündəmə gəlməkdən çəkinmirlər. Son günlər Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması ilə bağlı sosial şəbəkələrdə biri-birindən ikrah doğurucu xəbərlər paylaşılmaqdadır. Ancaq bu xəbərlərin də əsassız olduğu, dağıdıcı müxalifətin iyrənc əməllərinin məhsulu olduğu aşkarlandı. Kənd sakinləri, Vidadi İsgəndərlinin yaxın qohumları bu xəbərlərin əsassız olduğunu ortaya çıxardılar. Trend-in məlumatına görə, xəbərdə bildirilir ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək internetə yerləşdirib. Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun V.İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.

V.İsgəndərlinin qohumları isə yayılmış xəbərlərin yalan və təxribat olduğu barədə açıqlama yayıblar. Mərhumun Göyçay rayonunun Məlikkənd kəndində yaşayan yaxın qohumlarının yaydıqları açıqlamada qeyd olunub ki, sosial şəbəkələrdə bu barədə xəbərlərlə tanış olduqdan dərhal sonra kəndin qəbiristanlığına gedib, 1991-ci ildə dəfn olunmuş İsgəndər Qasım oğlu İsgəndərovun və digər qohumlarının məzarlarını yoxlayıblar. Yoxlama nəticəsində məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb. Onlar yayılan xəbərləri təxribat kimi qiymətləndirərək həm bu təxribatın təşkilatçılarını, həm də bundan öz məqsədləri üçün istifadə edənləri belə qeyri-insani addımlardan çəkinməyə çağırıblar.

Göründüyü kimi, bu insanlar öz məqsədləri üçün, hansısa ermənipərəst bir təşkilatdan sədəqə almaq xatirinə hər cür rəzilliyi fikirləşə və həyata keçirə bilirlər. Bu, hətta öz atası olsa belə.

Bu kimi hallar bir deyil, beş deyil. Odur ki, dağıdıcı müxalifətin elektoratı yox dərəcəsindədir. Əvvəllər beş-üç qohum-əqraba cəlb edə bilirdilərsə bu gün onu da itiriblər. Bir çoxlarının qohumları onlarla eyni soyadı daşıdıqları üçün utanc hissi keçirdiklərini media vasitəsilə dəfələrlə  bəyan ediblər.

Artıq dağıdıcıların sosial bazaları tamamilə tükənib, cəmiyyətdə olan-qalan dayaqları da itib. Ölkəmizdə sosial problemlər böyük sürətlə həll olunur, hər bir vətəndaşın marağına cavab verən sığorta-pensiya islahatı həyata keçirilib. O cümlədən azad sahibkarlıq fəaliyyəti üçün hər bir şərait yaradılıb. Bu mənada xalq kimin kim olduğunu daha yaxşı bilir və Azərbaycan hakimiyyətinin gördüyü işləri yüksək qiymətləndirir. Təbii ki, indiki dağıdıcı müxalifətin vaxtilə hakimiyyətdə olduğu zaman həyata keçirdiyi yarıtmaz siyasətini də unutmayıb. Onların hakimiyyətdə olduğu dövrdə yaratdıqları ağrılı-acılı günlərin birbaşa şahidi olublar. O, çətinlikləri gündəlik həyatlarında hiss ediblər. Ona görə dağıdıcı ünsürlərə inam birdəfəlik itib. Odur ki, dağıdıcı  müxalifət indi gəncləri hədəfə götürüb. Keçirməyə cəhd göstərdikləri mitinqlərdə onların imkanlarından yararlanmaq istəsələr də buna nail ola bilmirlər. Çünki tariximizi gözəl bilən, dövlətimizin və xalqımızın maraqlarını qoruyan sağlam gənclər antimilli ünsürlərin yarıtmaz fəaliyyətini izləyir və yerindəcə ifşa edirlər. Bu da seçki ərəfəsində onsuz da narahat olan dağıdıcıların narahatlığın birə-on qat artırıb.