KÖŞƏ

Şəmsiyyə Əliqızı

Qərbdən mədət umanlar...

06 mart 2018 23:10
6126

Müşahidə etdiyimizə görə, dünyada özünə güvənən müxalifət hər zaman seçkilərin tez keçirilməsini, vaxtın tez başa çatmasını arzulayar ki, hakimiyyətə gələ bilsin. Bizim dağıdıcı müxalifəti təmsil edən ünsürlərimiz isə cığallıq etməklə məşğuldurlar. İndi prezident seçkilərinin bir neçə ay qabağa çəkilməsini elə təqdim edirlər ki, sanki seçki bir neçə ay sonra keçirilsəymiş böyük fərqlə qalib gələcəklərmiş. Halbuki bütün Azərbaycana aydındır ki, istənilən vaxt keçiriləcək seçkidə Əli Kərimli heç 5 faiz də səs toplaya bilməz.

 Rüsvayçı məğlubiyyətə uğrayacaqlarını dəqiq bildikləri üçün seçkidə iştirakdan imtina edən ünsürləri narahat edən, ümumiyyətlə, seçkidə iştirak etmək yox, növbəti altı ayın qrantlarının kəsilməsi olub. Sadəcə bunu etiraf edə bilmirlər və yapışmağa saman çöpü axtarırlar. Müxalifətin radikal qanadı, xüsusən də AXCP, Müsavat Partiyası, onların Avropada oturub erməni pulları ilə trolluq edən beş-üç havadarı durmadan ölkədə demokratiyanın boğulduğunu iddia edir.

Lakin görünür, onların demokratiya anlayışı 1992-ci ildəki xaotik vəziyyətdən o yana keçə bilmədiyindən bu sərsəm fikirlərdən əl çəkə bilmirlər. Yoxsa bilərdilər ki, hakimiyyətin ünvanına az qala hər gün ən sərt formada tənqidlər, bəzən isə təhqirlər səsləndirmələrinə baxmayaraq belə fikirlərinə görə hakimiyyət tərəfindən müxalifətə heç bir irad tutulmur, təzyiq göstərilmir. Əksinə, onlara məxsus qəzetlərin dövlət nəşriyyatına olan borcları ölkə Prezidenti tərəfindən dəfələrlə silinib. Hətta həmin qəzetlərə Prezident, eləcə də dövlət tərəfindən yaradılan müvafiq qurum səviyyəsində maliyyə yardımları edilir. Amma nədənsə radikal müxalifət bütün bunları açıq etiraf etməkdən çəkinir, bunları heç dilinə də gətirmək istəmir. Əvəzində Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrin, xarici qeyri-hökumət təşkilatlarının hər hansı antiazərbaycan xarakterli açıqlaması müxalifətin əlində şüara çevrilir. Məsələn, xaricdəki ermənipərəst siyasi dairələrin nümayəndələri, habelə bəzi ölkələrdə ermənipərəst qanunvericilərin Azərbaycan əleyhinə ifadələr səsləndirməsi radikal müxalifətin ən sevimli şüarları sırasında yer alır.

Burada daha bir maraqlı məqamlardan biri dağıdıcı müxalifətin daim ölkə xaricində özünə dayaq axtarmasıdır. Bunun üçün hətta lazım gələrsə, ermənilərlə də müqavilə imzalayırlar. Məsələn, Müsavat Partiyasının eks başqanı İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında Bəyannamə imzaladığını heç gizlətmir də. Halbuki Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən erməni ideoloqları bir neçə mərkəzdən idarə olunurlar ki, onlardan biri də Ermənistan Ümummilli Hərəkatıdır. Azərbaycana qarşı təcavüz siyasətinin reallaşmasında da bu hərəkatın rolu az deyil. 2005-ci il parlament seçkiləri öncəsi AXCP üzvü Ruslan Bəşirlinin Gürcüstanda ermənilərlə partiyası adından əməkdaşlığa dair razılıq əldə etməsi də elə bu qəbildən olan haldır. Bütün bunların Əli Kərimlinin xəbəri olmadan həyata keçirilməsi isə heç də inandırıcı görünmür.

Yeri gəlmişkən qeyd edək ki, elə dağıdıcı müxalifət düşərgəsinin əksər təmsilçiləri tez-tez biri-birilərini müxtəlif xarici ölkələrin agentləri olmaqda ittiham edirlər və bununla bağlı konkret sübutlara malik olduqlarını bəyan edirlər. Hər zaman Qərbdən mədət ummaq dağıdıcı müxalifətin iş prinsipinə çevrilib. Bunun uğruna da durmadan mücadilə edirlər. Halbuki demokratiyadan dəm vuran müxalifət yaxşı bilməlidir ki, istənilən məsələdə dəstək xalqdan gəlməlidir, daha bu xalqın əleyhinə fəaliyyət göstərən kənar qüvvələrdən yox. Başı daşdan-daşa dəyən dağıdıcı müxalifət hələ də qış  yuxusundan ayılmayıb...