KÖŞƏ

Şəmsiyyə Əliqızı

Vicdanlarını pula satanlar...

27 mart 2018 01:25
7837

Ölkəmizdə keçirilən son parlament seçkilərindən sonra fəsillərin dəyişməsinin fərqinə varmayan, qış yuxusuna gedən dağıdıcı müxalifət ayılıb ki, artıq prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına  start verilib. “Bəs maa niyə demirsiniz, Lenin ölüb” deyə şivən qoparmağa başlayıblar. Guya kimsə bunların əvəzindən seçkilərə hazırlaşacaqmış. Elementar savadı olan, siyasi partiya yaradan təşkilatların ən ümdə vəzifəsi vaxtından asılı olmayaraq hər zaman öz namizədi ilə seçkilərə hazır olmaqdır. Seçkilərin vaxtından tez keçirilməsi isə bu siyasi partiyalara verilmiş bir bonusdur ki, gözləmə mövqeyindən çıxıb, əsas işə keçsinlər. Bizim radikal müxalifətimiz isə “nə ətdir, nə də balıq”. Heç bu bədbəxtlərin özləri də bilmirlər ki, nə istəyirlər.

1993-cü ildən ölkədə keçirilən bütün seçkilərdə məğlubiyyətə uğrayan dağıdıcı müxalifət olan-qalan etimadlarını, sosial bazalarını tamamilə itirdiklərindən Azərbaycanın ictimai-siyasi həyatındakı hər hansı hadisəyə, ictimai rəyə təsir edə bilmək iqtidarında  deyillər. Hazırda dağıdıcı ünsürlərin gücü yalnız inhisarlarında saxladıqları bir-iki media qurumuna nəzarət etməyə, bir də “beyinlərini yuduqları”” azsaylı “zombiləri”” idarə etməyə çatır. Tarixin arxivinə gömülən dağıdıcılar yalnız seçkidən-seçkiyə “fəallıq”” nümayiş etdirməklə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin qarşısında dilənməklə gündəmə gəlməyə, var olduqlarını sübut etməyə çalışırlar.

Burada diqqət çəkən məqamlardan birincisi, dağıdıcı müxalifət arasında müşahidə olunan parçalanmanın, ciddi fikir ayrılığının bu günə qədər  davam etməsidir. Baxmayaraq ki, həm AXCP və “Milli Şura”, həm də Müsavat Partiyası, eləcə də bu təşkilatların ətrafında cəmləşən bir-iki QHT radikal mövqe baxımından bir medalın iki üzüdürlər, ancaq heç bir məsələdə vahid mövqedən çıxış edə bilmirlər. Bunun bir səbəbi Əli Kərimlinin, eləcə də Arif Hacılının ata-ana müxalifət, yaxud müxalifət lideri olduğunu sübut etmək mərəzidirsə, digər mühüm səbəb ölkədaxili sabitliyi, ictimai asayişi pozmaq üçün onlara vəd edilən məbləği bölə bilməmələridir. Yəni, AXCP sədri Ə.Kərimli idarə etdiyi “Milli Şura”ya və onun sədrinə dərhal mitinq göstərişi verməklə birinciliyini gözə soxur,  “ məbləğin böyük hissəsinin ona çatmasını istəyir. Müsavat başqanı A.Hacılı da ondan geri qalmamaq üçün dəridən-qabıqdan çıxmaqdadır. Göründüyü kimi, dağıdıcı ünsürlər yalnız öz ambisiyaları, şəxsi maraqları uğrunda mübarizə aparmaqdadırlar. Onlar üçün nəinki vətən, millət, xalq anlayışı, heç hakimiyyətə gəlmək uğrunda mücadilə də demək olar ki, yoxdur. Ələbaxım bir quruma çevrilən bu ünsürlər  pul müqabilində kiminlə olsa əməkdaşlıq etməyə, sifarişə uyğun olaraq istənilən havanı oynamağa hazırdırlar.

Sirr deyil ki, Azərbaycan dövlətinin uğurları bir sıra daxili və xarici qüvvələrin ürəyincə deyil. Məlum olduğu kimi, aparılan siyasətin uğurları artdıqca xalqın Prezidentinə inamı da artır, xalq-dövlət, xalq-Prezident həmrəyliyi güclənir. Bu da daxili ənənəvi radikal qüvvələri narahat edir. Belə bir şəraitdə onların destruktiv nağıllarına dəstək verəcək insanlar tapılmır. Bu cür situasiya hazırda da müşahidə edilməkdədir. Çünki Prezident İlham Əliyev və onun komandası dağıdıcı müxalifət kimi xalqla yalnız seçkidən-seçkiyə deyil, daim təmasda olur, onun problemlərinin həllinə səy göstərir.  Dağıdıcı müxalifətin səritəsiz fəaliyyəti ilə bağlı ölkə  başçısının qeyd etdiyi kimi, “xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur.”

Bu günə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə qarşı aparılan qarayaxma kampaniyasının uğursuzluğu və əks-effekt verməsi bir daha Azərbaycan xalqının öz seçimini, yolunu düzgün müəyyənləşdirdiyini, aparılan uğurlu siyasətin xalq tərəfindən dəstəkləndiyini göstərir.