Zahid Rza |
Görkəmli maarifpərvər tarixçi Abbasqulu ağa Bakıxanov tarix elmini əvəzi olmayan tərbiyə və əxlaq məktəbi adlandıraraq yazırdı ki, tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməkdədir... "Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır". A.Bakıxanov, həmçinin göstərirdi ki, Vətən tarixini bilmək insanlarda milli təfəkkürün inkişafında vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, Vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir.
Bəzi alimlərimiz tarixi yazarkən şahmat dili ilə desək, tarixə yanlış gediş edirlər. Necə deyərlər, bu gedişlə piyada süvarinin, vəzir şahın vəzifəsini yerinə yetirməyə çalışdığı üçün ağlarla oynayan müəlliflər "zülmət səltənətinə" qərq olur, cəmiyyətdəki sosial tarixi prosesləri, sosial-iqtisadi hadisələri real faktlar əsasında ümumiləşdirə bilmir, hətta ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsvirində belə ciddi səhvlərə yol verir, tarixə yönəlik tədqiqatlarda yanlış metodologiyadan xilas ola bilmir, nəticədə tarixi təcrübə tarlasına çevirirlər.
“Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”.
Prezident İlham Əliyevin bu sözləri tarixçilərimiz üçün yol xəritəsi olmalıdır.
Danılmaz həqiqətdir ki, o zaman Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa əldən getsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç ruhu da incimədi.
Qondarma "bəylər"in birillik hakimiyyəti zamanı müstəqilliyini yenicə elan etmiş Azərbaycan demək olar ki, ən ağır, gərgin günlərini yaşayırdı. Qarabağ və ətraf rayonlar od içində yanırdı. 1992-ci ildə iqtidarda olanda bu bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə bircə addım atmadılar, ən ağır günlərdə insanların çağırışına, fəryadına cavab vermədilər, bununla da torpaqlarımızın zəbt olunmasına şərait yaratdılar. İnsanlar nə edəcəyini bilmirdi. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə idilər.
Məhz o illərdə, Azərbaycanın müstəqilliyi, suverenliyi təhlükə altına düşdüyü bir vaxtda, ermənilərin Qarabağda at oynatdığı bir zamanda AXC-nin başı paytaxt Bakıda hakimiyyət davasına qarışmışdı.
Qaragüruhçu, meydan və küçələrdən gələrək iqtidarı zəbt edən AXC-Müsavat hakimiyyəti əslində ölkədə talançılıqla məşğul idi. Hamımızın yaxşı xatırladığı kimi məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Ən dəhşətlisi isə o idi ki, məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Çünki o zaman vahid komandanlıq olmadığına görə ordu ayrı-ayrı şəxslər tərəfindən idarə olunurdu. Xalq Cəbhəsinin rəhbərliyində olan, yüksək vəzifə tutan hər bir şəxsin tabeliyində başıpozuq hərbi dəstələr var idi. Hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlardan dövlət katibi, parlament sədri, müdafiə və daxili işlər nazirləri xalqın maraqlarına uyğun gəlməyən mövqelər sərgiləyir, onların başıpozuq dəstələri arasında tez-tez silahlı qarşıdurmalar baş verirdi.
Birmənalı demək olar ki, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyündən qalan ağır mirasdır. Xüsusilə, 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti torpaqlarımızın terrorçu ermənilər tərəfindən işğal edilməsinə əlverişli şərait yaratdı.
Bu gün alimlərimiz tariximizin "ağ ləkələr"inə çevrilmiş həmin dövrü daha dərindən tədqiq etməli, insanlarımız 1992-93-cü illərin həqiqətlərini idrak etməli, reallıqlardan çıxış edərək hadisələrə düzgün qiymət verməyi bacarmalıdır. Unutmaq olmaz ki, tarix insanların mühakimələrini qüvvətləndirir. Həmçinin insanlar tarixi oxumaqla keçmiş hadisələrdən dərs alır, bununla da keçmiş hadisələrin təkrarlanması ehtimalı azalır. Əbəs yerə demirlər ki, tarix ən böyük ibrət dərsidir.