Zahid Rza |
2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz regionda uzunmüddətli sülh üçün əlverişli şərait yaradıb. Müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya aktına imza atan Ermənistan bu gün də öz məkrli məqsədlərindən əl çəkməyərək beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur, bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına cidd- cəhdlə mane olur. Təcavüzkar ölkə hələ də anlamaq istəmir ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, iki ölkə arasında sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan öz təcavüzkar xislətinə sadiq qalaraq hələ də bu məsələ ilə bağlı Azərbaycanın təkliflərinə cavab vermir. Əksinə öz, təxribatçı hərəkətləri ilə sərhəddə gərginlik yaratmaq üçün ən iyrənc vasitələrə əl atır.
Belə ki, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa “köçməsi”, Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin növbəti təxribat nəticəsində baş tutmaması bunun əyani təsdiqidir. Təbii ki, həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanır. Dekabrın 12-də səhər saatlarından etibarən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının nəzarət zonasında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı ekoloq-mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Etirazçıların əsas tələbi odur ki, sülhməramlı kontingentin komandiri Andrey Volkov əraziyə gəlsin və məsələyə aydınlıq gətirsin.
Bundan başqa, Ermənistanın son zamanlar sərhəd bölgələrində tez-tez törətdiyi hərbi təxribatların əsas səbəbi sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyinin olmamasıdır. Halbuki həmin üçtərəfli Bəyanatın 4 və 9-cu bəndlərinə görə Ermənistan qanunsuz silahlı birləşmələrini həmin ərazilərdən çıxarmalı, qaçqınlar oraya qaytarılmalı, kommunikasiyalar, Zəngəzur dəhlizi açılmalıdır.
Həmçinin son zamanlar Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycanla bağlı səsləndirilən bəzi ziddiyyətli açıqlamalar onların qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq niyyətini göstərir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin iclasında bildirib ki, bütün bunların əvəzində sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. C.Bayramov, həmçinin qeyd edib ki, gündəlik əsasda artan insan itkisinə məhəl qoymayan Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir: “Bu yaxınlarda Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb. Sülh quruculuğuna təhlükə törədən və müharibə cinayəti hesab olunan minaların davamlı şəkildə yerləşdirilməsi 30 illik münaqişədən sonra barışıq istiqamətində aparılan səylərə xələl gətirir. Minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsidir”.
Təcavüzkar ölkə qırx dörd günlük müharibədən sonra üçtərəfli bəyanatdakı öhdəliklərini yerinə yetirərək regionda sabitliyin bərqərar olunmasına töhfələr vermək əvəzinə hələ də revanşist xəyallarla yaşayır. Ermənistanın hərbi-siyasi rəhbərliyi müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək regionda sülh və əmin-amanlığın, sabitliyin yaranmasına əngəllər törədir. Son günlər baş verən hadisələr göstərir ki, Ermənistan sülh danışıqları prosesindən hələ çox uzaqdadır. Amma üçüncü qüvvələrin dəstəyi ilə destruktiv mövqe sərgiləyərək sülh prosesini pozmağa çalışan Ermənistan öz köhnə “taktika”sından nə qədər tez əl çəksə özü üçün bir o qədər yaxşı olar...