KÖŞƏ

Zahid Rza

Ermənistanın növbəti faciələrinin müqəddiməsi

24 dekabr 2022 03:18
9297

İkinci Qarabağ müharibəsindən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya sənədinə imza atan Ermənistan yenə də öz məkrli niyyətlərindən əl çəkmir. İşğalçı ölkə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına ciddi-cəhdlə mane olur. Təkcə Laçın rayonu ərazisində ötən il 1400-dən çox yeni mina basdırılması bunun əyani təsdiqidr.

Militarist Ermənistan sözdə sülhün tərəfdarı olsa da, əməldə davamlı sülhə getməkdən boyun qaçırır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul olunmasından ötən müddətdə təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti nəticəsində hələ də bölgədə davamlı sülhün yaranmasına nail olunmayıb. Əslində qırx dörd günlük Vətən müharibəsində ordumuzun  Ermənistan silahlı qüvvələrinə vedriyi cavab nəhayət ki, bu işğalçı ölkəyə dərs olmalı, təcavüzkar bundan nəticə çıxarmalı və sülh prosesini dayandırmağın mümkün olmamasını qəbul etməli, revanşist fikirlərdən əl çəkməli, delimitasiya prosesinə strat verməli, müxtəlif təxribatları ilə prosesi sabotaj etməyə son verməlidir.

İşğalçı Ermənistanın destruktiv fəaliyyətlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyini irəlilətməkdə və danışıqları davam etdirməkdə, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında, bütövlükdə düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaqda əzmlidir. 2022-ci il avqustun 31-də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Brüsseldə keçirilən sayca dördüncü üçtərəfli görüşdə tərəflər arasında sülh müqaviləsinin mətninin hazırlanmasına dair razılıq əldə edildi. Həmin günlərdə Ermənistan mətbuatında İrəvanın sülh sazişinin imzalanması üçün real addımlar atacağına dair məlumatlar yer alırdı. Qeyd olunurdu ki, baş nazir Nikol Paşinyan nəinki Azərbaycanla sülh sazişi üzrə işçi qrupunun yaradılmasına göstəriş verib, həmçinin qapalı iclasda ilin sonuna kimi İrəvanın Bakı ilə sülh sazişi imzalayacağını bildirib. Amma Ermənistan bütün bunları bir kənara qoyub öz havadarlarının sifarişi ilə yenə də bir sıra təxribatlara əl ataraq sülh prosesini əngələməyə üstünlük verdi.

Nəhayət, birmənalı demək olar ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayınır. Bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir, məğlub Ermənistan öz vəziyyətini düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalı, ölkəmizin başçısının bildirdiyi kimi, Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Nəhayət, Ermənistanın hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, zaman Azərbaycanın xeyirinə işləyir. Sülh müqaviləsinin imzalanmasının əngəllənməsi və sərhədlərin delimitasiyası və demarkasiyasının ləngidilməsi erməni xalqına yaxşı heç nə vəd etmir...