KÖŞƏ

Zahid Rza

Mənəviyyat aptekdə satılsaydı…  

16 dekabr 2022 00:58
9444

Son günlər xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkələrdə Azərbaycan əleyhinə apardıqları qara piar kampaniyası mənəviyyatsızlığın pik nöqtəsidir.  Gerçəkdən də bu gün Emin Hüseynov, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi xəyanətkarların anti-Azərbaycan dairələrin sifarişi və qrantları müqabilində antimilli fəaliyyətlərini izlədikcə məşhur amerikalı filosof və pedaqoq Con Dyuinin “Mənəviyyat aptekdə və ya kulinariyada istifadə olunan reseptlər kimi yazılı şəkildə təqdim edilmir” fikirlərini xatırlamamaq olmur. Əgər həqiqətən də mənəviyyat resepti əsasında hazırlanmış məlhəm olsaydı bu xəyanətkarların mübtəla olduqları sağalmayan “erməni xəstəliyinə” bir çarə qılınardı. Çox təəssüf ki, mənəviyyat resepti Con Dyuinin dediyi kimi, apteklərdə satılmır. O zaman nə etməli?!  Mənəviyyatsız, vətəndaşlıq hissini itirən, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən bu marginalların maskalarını yırtmaq, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb tökmək üçün millətin öz Vətəninin suverenliyini qoruması və ya qazanması uğrunda mübarizə aparan ideologiyaya sahiblənən, milli birliyi və həmrəyliyi dəstəkləyən, milli nailiyyətləri qürur mənbəyi kimi təbliğ edən hər bir vətənpərvər qələm əhlinin ümdə vəzifələrindən biri olmalıdır.

Əslində Vətən sevgisindən, Qarabağ Zəfərindən mənəvi güc alan, yüksək müşahidə qabiliyyətinə malik olan hər bir vətəndaşımız bu satılmış vətənşüvənləri, saxta “demokratları” hər addımda ifşa etməlidir. Bunun üçün heç də jurnalist, politoloq olmağa ehtiyac yoxdur. XIX əsrdə Rusiyada məşhur “Sovremennik” jurnalının redaktoru, şair Nikolay Nekrasov deyirdi: “Sən şair olmaya bilərsən, fəqət, vətəndaş olmağa borclusan!”.  

Təbii ki, Azərbaycanın əleyhinə təbliğat aparan bu üzdəniraq xəyanətkarların ölkəmizdəki radikal müxalifətin təmsilçiləri olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli bu qurumun rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərlə işbirliyində olması dəfələrlə təkzibolunmaz faktlarla sübut edilib.  

Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla, özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar.

Şübhəsiz,mənəvi-psixoloji burulğanlar girdabında çırpınan antimilli ünsürlərin, milli dönüklərin və qaragüruhçu tör-töküntülərin Azərbaycan əleyhinə yönəlmiş fəaliyyəti və bütün cəhdləri fiaskoya uğrayacaq. Buna hər kəs əmin ola bilər.