KÖŞƏ

Qvami Məhəbbətoğlu

Dünya əmindir ki…

09 iyul 2024 00:35
3829

Hazırda insanlar tərəfindən illik olaraq atmosferə təqribən 54 milyard ton karbon dioksid ekvivalenti istixana qazları atılır və bunlar da qlobal istiləşməyə səbəb olur. Elə bu kimi səbəblərdən  Yer kürəsinin temperaturu  1,5 dərəcəyə qədər artıb. Nəticədə son illər isti külək, qasırğa, yağıntılar güclənib, eyni zamanda, sel, daşqın hadisələri çoxalıb. Ekstremal iqlim səbəbindən kənd təsərrüfatı bitkilərinin istehsalı da xeyli azalıb. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.

Bu mənada bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı böyük fəsadlardır. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 200-ə yaxın ölkənin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcək. Şübhəsiz, ölkəmizin COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Prezident İlham Əliyevin növbəti siyasi qələbəsi və uğurudur. Qeyd edək ki, miqyasına görə COP dünyada gerçəkləşən ən böyük tədbir sayılır. Hətta siyasətçilərin və iqtisadçıların sözlərinə görə, dünya siyasətinə və iqtisadiyyatına daha çox təsir edən ikinci belə tədbir yoxdur. COP29-a liderlik edən ölkə olaraq Azərbaycan bu mürəkkəb, amma qaçılmaz bir şəkildə xoşagəlməz nəticəyə doğru irəliləyən prosesin fəsadlarını azaltmaq məqsədi ilə müəyyən addımlar atmaq niyyətindədir. Əminliklə demək olar ki, ölkəmiz buna nail olacaq. Buna  dünya ölkələri də  əmindirlər.

Dövlətimizin başçısı iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə bu vacib nüansla bağlı aşağıdakı fikirləri deyib: “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”. Dövlətimizin başçısı, həmçinin dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə işi davam etdirəcəyini də vurğulayıb. Yeri gəlmişkən, ŞƏT-in Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də belə bir əminlik əksini tapıb.

İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bir daha bu məsələdən söz açan Prezident İlham Əliyev  bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək. Hətta Qırğız Respublikasının Prezidenti Sadır Japarov bununla bağlı aşağıdakı sözləri deyib: “Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi qarşıdan gələn konfransın gündəliyində duran məsələlərin, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli dərəcədə irəliyə apara biləcək”.

Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un bütün ölkələrimiz üçün böyük tarixi hadisə olduğunu vurğulayıb: “Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq”. Bütün bunlar bir daha təsdiq edir ki, bu tədbirə hazırlaşan tədbir dünyanın diqqəti böyükdür. Ölkəmiz də bu tədbirin daha yüksək səviyyədə təşkilinə, həmçinin dünyanı qane edəcək qərarların qəbul edilməsinə çalışır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmağı bacaracaq.

Xatırladaq ki, hazırda ölkəmiz qlobal miqyasda maraqla qarşılanan yaşıl enerji dəhlizlərinin qurulmasında ön səflərdə yer almaqdadır və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə, metan emissiyalarının azaldılması üçün bütün cəhdləri göstərir. 

2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmaq planlaşdırılır ki, bu da bərpaolunan enerji mənbələrinin payını 33 faizə çatdıracaq. 2030-cu ilə qə­dər isə 8 qiqvatdan çox “yaşıl enerji” güclərinin reallaşdı­rılması  hədəflənib. Bu da ölkəmizə bərpaolunan enerji potensialının  2027-ci ildə 2, 2030-cu  isə 4 dəfədən çox artı­mını vəd edir. Şübhəsiz, bütün bunlar iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində önəmli addımlardır.

Qvami Məhəbbətoğlu, “İki sahil”