KÖŞƏ

Qvami Məhəbbətoğlu

Yenə də milçək vızıltısı

21 dekabr 2023 02:16
7832

44 günlük Vətən müharibəsindən və Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsindən sonra ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirən müxtəlif dövlətlər və beynəlxalq qurumlar son vaxtlar daha da "fəallaşıblar".  Estoniyanın sabiq xarici işlər naziri, hazırda Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə başçılıq edən 61 yaşlı Marina Kalyurandın son bəyanatı  bunun bariz nümunəsidir.

Həmin bəyanatında o bildirib ki, erməni əsilli insanların  Azərbaycan vətəndaşlığını qəbul etmədən Qarabağa qayıdışlarını, hər hansı təhdidə məruz qoyulmadan təhlükəsizliklərinin təminatını gözləyirik.

Əvvəla, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, daha doğrusu, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə öz ərazisində suverenliyini tam şəkildə bərpa edib. İkincisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan bölgəni öz istəkləri ilə tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi üçün bütün şərait yaratmışdı. Bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Amma onların bəziləri öz separatçı soydaşlarının fitnələrinə uyaraq Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı da onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. "Euronews"a müsahibəsində bu məsələyə toxunan dövlət başçısı İlham Əliyev demişdir ki, ölkəmizi tərk etmək qərarı onların öz qərarı idi:  "Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik".  Bu mənada həmin erməni əsilli şəxslərin Qarabağı tərk etmələrini “güc tətbiqi” ilə əlaqələndirmək heç bir məntiqə sığmır. O ki qadı onların qayıdışına... Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağı könüllü tərk edən ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə yenidən bu torpaqlara qayıda bilərlər. Hətta Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, həmçinin təhlükəsizliyi təmin edir. Yəni, bu məsələdə heç bir problem yoxdur. Onlar sadəcə mövcud elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməlidirlər. Amma onlar bu addımı atmaq istəmirlər.

Sual olunur: Bəs həmin ermənilər vətəndaşlığımızı qəbul etmədən Azərbaycan ərazisində hansı statusda yaşayacaqlar? Görəsən, dünyanın hansı ölkəsində belə bir vəziyyət yaşanır? Belə olan təqdirdə xanım siyasətçi görəsən,  hansı beynəlxalq hüquq normasının tələblərinə əsasən belə absurd fikirlər irəli sürür? Halbuki, “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır” deyən Prezident İlham Əliyev  bununla bağlı fikirlərini dəfələrlə müxtəlif beynəlxalq tribunalardan səsləndirib. Dövlətimizin başçısı, həmçinin bildirib ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Şübhəsiz, Marina Kalyurand bu adi həqiqətləri bilməmiş deyil. Amma erməni təəssübkeşliyi bu “siyasətçi”ni kor etdiyindən bunları dilə gətirmək istəmir. Bununla da özünü ermənidən betər erməni kimi aparır.

Marina Kalyurand  bəyanatında həm də Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin, həmçinin Avropa Parlamentinin sədri Roberta Metsolanın ünvanına tənqidlərin qəbuledilməz olduğunu bildirib. Halbuki, Bakı onların tənqidlərinə, təhdidlərinə beynəlxalq normalar əsasında cavab verir. Görünür, bu, onların xətirinə dəyirmiş. Belə çıxır ki, rəsmi Bakı onların ölkəmizin ünvanına təhrikçi və təxribatçı bəyanatlarına, daha doğrusu, Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərinin güclə qovulduqlarını iddia etmələrinə, onların sayının qəsdən şişirtmələrinə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağına ümid yarandığı bir dönəmdə missi­yanın tərkibinin genişləndirilmələrinə, separatizmi dəstəkəmələrinə, “hərbi müdaxilə”, “güc tətbiq edilməsi”ndən söz açmalarına  cavab verməməlidir. Yəni, onların söylədikləri hər bir hədyan Azərbaycan tərəfindən qəbul edilməldir. Halbuki, bu gün beynəlxalq prinsiplər çərçivəsində yeni reallıqlar yaratmış Azərbaycan yalnız bölgədə deyil, dünyada da söz sahibidir. Bu mənada  kalyurandların, borrellərin hədyanları beynəlxalq aləm tərəfindən dəstəklənən Azərbaycan üçün milçək vızıltısından başqa bir şey deyil.

Prezident İlham Əliyevin dediyi kimi: “Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərir”. Gələn il ölkəmizin daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyi də elə bu dəstəyin nəticəsidir.