Zahid Rza |
Azərbaycanın haqq işinə xor baxanlar nəhayət ki, düz yola gəlməyə başlayıblar
II Qarabağ müharibəsində-Azərbaycan öz haqq işi uğrunda mübarizəsində zəfər qazandı. Öz ərazi bütövlüyünü bərpa etmək ölkəmiz üçün taleyüklü məsələ idi. Azərbaycan bu məsələni uğurla həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Dünya güclərinin, BMT-nin, ATƏT-in Minsk qrupunun 28 ildə edə bilmədiklərini rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında cəmi 44 gündə etdi. Milli maraqları nəyi tələb edirdisə, Azərbaycan onu da etdi. Ölkəmizin suveren ərazisi bərpa edildi.
Döyüş meydanında böyük itki verən, ağır, dağıdıcı zərbələr alan Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkildilər, daha doğrusu qovuldular. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları tarixi sənəd-işğalçı ölkənin kapitulyasiya aktı bunun əyani təsdiqidir.
İmzalanmış Bəyanata uyğun olaraq işğalçı ölkənin silahlı qüvvələri artıq Ağdamı boşaldıblar. Dekabrın 1-nə qədər Kəlbəcər və Laçın rayonları da ermənilərdən geri alınacaq.
Təbii ki, bütün bunlar - bir güllə atmadan, bir əsgərimizin burnu belə qanamadan öz torpaqlarımıza sahiblənməyimiz müzəffər ordumuzun döyüş meydanındakı əzmi, qüdrəti ilə yanaşı, həm də Azərbaycanın uğurlu siyasi-diplomatik fəaliyyətinin nəticəsidir.
İndi dünyanın bəzi neoimperialist gücləri artıq Azərbaycana yuxarıdan aşağı baxa bilmirlər. Artıq Azərbaycanın qələbəsi sayəsində regionda yeni, müsbət meyillər baxımından ümidverici şərait yaranıb. Prezident İlham Əliyevin bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirdiyi kimi, bu ölkənin vasitəçiliyi ilə noyabrın 10-da imzalanmış sənəd regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün atılan mühüm addımdır.
Ölkəmizin başçısının qeyd etdiyi kimi, regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rol oynayıb: “Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar.”
Bugünlərdə mətbuata açıqlama verən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağın və işğal olunmuş ətraf 7 rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirməsi, artıq “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid etdiyini bəyan etməsi bir daha təsdiq edir ki, Azərbaycanın qələbəsi bu bölgədə təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.
Artıq 2020-ci il 10 noyabr Bəyanatının hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, bu sənədə öz müsbət münasibətlərini bildiriblər. Təbii ki, burada BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanı xüsusilə qeyd etməyimiz yerinə düşərdi. Əlbəttə ki, bizim qaşınmayan yerdən qan çıxarmaq niyyətimiz yoxdur. Ancaq Fransa kimi güclü, beynəlxalq diplomatiyada sözü keçən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə bağlı olan bir dövlət üçün buna “keçənə güzəşt deyiblər” mövqeyindən də yanaşa bilmərik. Çünki fransızlar və onlar kimi bu münaqişənin həllinə vasitəçilik edənlər unutmamalıdırlar ki, məsələnin bu cür gərginləşməsinə, qan tökülməsinə gətirib çıxaran belə bir şəraitin yaranmasında işğalçı Ermənistanla bərabər onlar da günahkardırlar. Çünki 30 ilə yaxın mütddətdə işğalçı ölkəyə beynəlxalq diplomatik təzyiqləri gücləndirmək əvəzinə, təcavüzkar Ermənistanın militarist siyasətinə göz yumdular, Xocalı soyqırımını görməzlikdən gəldilər. İkili standartlar sərgiləyərək işğalçı Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmasına biganə yanaşdılar,utanmadan zaman-zaman təcavüzkar ölkəyə gizli və açıq şəkildə dəstək verdilər.
Bəli, sentyabrın 27-dən başlayaraq qəhrəman Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində düşmənin başını əzməsi, işğalçı Ermənistanın sialahlı qüvvələri üzərində ard-arda qələbələr qazanması bu dövrdə işğalçı ölkəyə hərtərfli dəstək verən Fransanı tədirgin etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları Bəyanat isə Fransanı demək olar ki, özündən çıxardı. Diplomatik mənbələrin məlumatına görə, Makronun başını çəkdiyi dəstə, ermənipərəst Ann İdalqonun rəhbərliyi ilə Paris meriyası qondarma “dqr”i tanımağa hazırlaşdığını bəyan etdi.
Bax belə yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki?! Axı, erməni lobbisinin kuklası, nökəri olan, ermənidən də artıq erməni olduğunu nümayiş etdirən İdalqonun rəhbərlik etdiyi Paris meriyası hansı “dqr”i tanıyacaq ki? Bu adda qondarma qurum artıq yoxdur. Bu məsələ ilə bağlı fransızların və onlar kimi mövqe sərgiləyənlərin artıq o kar olmuş qulaqlarının, kor olmuş gözlərinin açılmasının vaxtı çoxdan çatıb.
Bir həqiqət də var ki, Azərbaycanın döyüş meydanında təkcə işğalçı Ermənistanı deyil, ermənilərin havadarlarını da məğlub edərək hərbi, siyasi-diplomatik müstəvidə qələbə qazanması artıq bədxahlarımızı həqiqətləri qəbul etməyə məcbur edib. Belə ki, bugünlərdə E.Makron Fransada yaşayan erməni icması ilə görüşündə etiraf edib ki, beynəlxalq hüquqa görə Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ərazisidir. E.Makron, həmçinin “kiçik bacılarına” izah edib ki, Fransa suveren bir dövlətdən, yəni Azərbaycandan müraciət gəlməyincə Qarabağda baş verənlərə qarışa bilməz.
Bax belə, düz yola gəlin, müsyölər! Atalar yaxşı deyib: “Haqq nazilər, ancaq üzülməz.” Müdriklərimiz bir söz də deyiblər: “Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər.”