Zahid Rza |
Hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində böyük nailiyyətlər qazanan Azərbaycanda demokratik inkişaf istiqmətində önəmli addımlar atılır. İctimai-siyasi həyatımızın bütün sferalarında reallaşdırılan genişmiqyaslı islahatlar bugünkü Azərbaycanın yeni siyasi gerçəkliyidir. Bunu Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatdakı nitqində bir daha bildirdi: “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.”
Son illər ölkəmizdə siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha da sürətlənib. Bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində mütəmadi olaraq keçirilən görüşlər bunun əyani sübutdur. VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilməsi, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilməsi, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etmələri siyasi konfiqurasiyanın formalaşmasının bariz nümunəsidir.
Əslində son zamanlar struktur, kadr, maliyyə və hüquq sahəsində aparılan islahatlar müəyyən mənada ötən illərki islahatların davamı kimi şərh oluna bilər. Ölkə başçısının 17 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu 2018-ci ilin prezident seçkilərindən sonra keyfiyyətcə yeni mərhələyə daxil olmaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, iqtisadi inkişafın dayanıqlığını təmin edib.
Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Milli Məclisin VI çağırış birinci iclasındakı nitqi siyasi islahatların, siyasi sistemin daha da təkmilləşdirilməsinin siyasi-elmi konsepsiyasını təşkil edir. Ölkə başçısı həmin nitqində bildirib ki, aparılan genişmiqyaslı və çoxşaxəli islahatlar nəticəsində Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır.
Ölkəmizdə siyasi islahatların uğurla reallaşdırılması çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək, partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Siyasi islahatlar, həmçinin siyasi təfəkkürün və mədəniyyətin formalaşmasını təmin edir. Qətiyyətlə demək olar ki, ölkə başçısının uğurla reallaşdırdığı və gündən-günə dərinləşməkdə olan yeni siyasi islahatlar Azərbaycan cəmiyyətinin monolitliyini təmin edir. İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatının qəbul olunması ölkədəki siyasi dialoqun münbit inkişafının əyani təsdiqidir. Həmin günlərdə müstəqillik tarixində ilk dəfə olaraq nizamnaməsi, proqramı platforması, məqsəd və vəzifələri fərqli olan siyasi partiyalar iqtidar partiyası ilə həmrəylik nümayiş etdirərək ümummilli məsələdə Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bəyan etdilər. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda qətiyyətlə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”
Təbii ki, xalqımızın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin formalaşdırılması istiqamətində atılan uğurlu addımların təməlində məhz uğurla reallaşdırılan sistemli və köklü islahatlar dayanır. Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında bildirib: “Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir.”