KÖŞƏ

Şəmsiyyə Əliqızı

Dağıdıcı müxalifətin limiti bitib

04 mart 2016 00:41
6388

Çünki son illərdə  Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini gözləri ilə görən heç bir kəs bu dəstənin ardınca getmir

Mövcud ictimai-siyasi vəziyyət, real faktlar isə belə deməyə əsas verir ki, son 26 ildə müxalifətin ciddi bir iş görməməsinin başlıca səbəbi Müsavat Partiyası ilə AXCP arasında münasibətlərin qeyri-səmimi qurulmasıdır. Bu qaragüruhun istəyinə nail olması qətiyyən mümkün deyil. Çünki son illərdə  Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini gözləri ilə görən heç bir kəs bu dəstənin ardınca getmir. Azərbaycan xalqının dağıdıcı müxalifət düşərgəsinə maraq göstərmədiyini və əhalinin azı 90 faizinin hətta kimin müxalifətdə olduğunu bilmədiyini deyən Rəsul Quliyev bildirmişdi ki, nəinki regionlarda, heç Bakı şəhərində 10 nəfərdən biri özünü “ana müxalifət”” adlandıran partiyaların liderlərinin adlarını təhrif edilmiş şəkildə zorla yada salar. Belə olan halda, xalqın müxalifətə hansı dəstəyindən söhbət gedə bilər? 

Yəqin ki, elə bunları nəzərə alan dağıdıcı müxalifət həmişə Azərbaycan xalqına deyil, hansısa maraqlı dövlətlərə, xaricdəki antiazərbaycan dairələrə ümid bəsləyir. Belə ki, 1990-cı illərin əvvəlində AXC ölkənin qanunverici orqanında çoxluğu ələ almaq üçün 20 Yanvar faciəsindən də, 1992-ci ildə baş verən Xocalı soyqırımından da öz şəxsi maraqları üçün istifadə edirdi. Dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa”” başladı. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

Zaman-zaman müxalifətdaxili qarşıdurmaların və intriqaların aradan qaldırılması üçün müxtəlif partiyaların təmsilçiləri tərəfindən ideyalar irəli sürülüb, təkliflər səsləndirilib. Amma dağıdıcı bu təkliflərə müsbət yanaşma nümayiş etdirməyib. Səbəb də qızışan başlarda normal düşüncənin olmamasıdır. Yəni kifayət qədər iddialı olan partiya sədrləri yuxarıdan aşağı baxdıqları partiya yetkililəri ilə masa arxasında əyləşib, normal müzakirələr aparmaq istəmirlər. Məhz buna görə də müxalifət partiyaları arasında biri-birini qəbul etməmək və biri-birinə düşmən gözündə baxmaq ənənəsi davam etməkdədir. “Böhran koalisiyası” ilə Müsavat arasında baş verən qarşıdurma getdikcə şiddətlənməkdə davam edir. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər rəhbərlik etdiyi “Milli-Strateji Düşüncə Mərkəzi” adlı qurumun fəaliyyətini bir neçə digər müxalifət partiyasının cəmləşdiyi “Böhran koalisiyası”na qarşı tətbiq etməyə başladığı andan iki tərəf arasında ziddiyyətlər yaranmağa başladı. Buna səbəb isə adından da göründüyü kimi, “Böhran koalisiyası” adlı qurumun müvafiq amillərlə bağlı toplantılar və tədbirlər keçirməsidir.

İsa Qəmbər də eyni mövzuda tədbirlər keçirməyə cəhd göstərərək, öz “dəst-xətt”i ilə qarşı tərəfin ideyasını oğurlayır. Bu isə “Böhran koalisiyası”nın xoşuna gəlmir. Ona görə də gözlənilən qarşıdurmalar şiddətlənməyə başlayır.

Bu arada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) ofisində koalisiyanın işçi qrupunun növbəti toplantısı keçirilib və Müsavat partiyasının keçmiş Divan üzvü, eləcə də başqanlığa sabiq namizəd Tural Abbaslı dolayısı ilə bildirib ki, müxalifət qurumları bir araya gəlməkdənsə, bir-birindən ideya oğurlamaqla məşğuldurlar: “Halbuki İsa Qəmbərin “MSDM” adlı təşkilatına da dəvətlər göndərilmişdi. Ancaq o, bu dəvəti qəbul etməyərək, “Böhran koalisiyası”nın apardığı işləri təkrar etməklə məşğuldur”. “Bizdə açıq qapı siyasətidir” deyən Abbaslı İsa Qəmbərdən fərqli olaraq, digər müxalifət partiyalarının onlardan ideya oğurluğu etmədiklərini deyib və misal kimi Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərin koalisiyanın işçi qrupunda təmsil olunmamasına rəğmən, qonaq kimi iştirak etdiyini xatırladıb: “Sülhəddin Əkbər tədbirlərimizə qonaq qismində gələrək çıxış edir, özünün mövqeyini ortaya qoyur. Ola bilsin ki, gələcəkdə işçi qrupuna qatılsın. Ərəstun Oruclu da tədbirə qonaq qismində gəlir”.

Tural Abbaslının bu kimi fikirlərlə çıxış etməsinə Müsavatın cavabı özünü çox gözlətməyib. Müsavat başqanının müavini Elman Fəttah “Böhran koalisiyası”nı kəskin şəkildə ittiham edib. O, sözlərinə əlavə olaraq deyib ki, Müsavat və AXCP-nin olmadığı heç bir qurum ciddi qəbul oluna bilməz: “Məhz ciddiliyi şübhə altında olduğuna görə Müsavat belə birliklərə qoşulmur”.

“Böhran koalisiyası”nın nümayəndəsi, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə Müsavat və AXCP-nin iştirak etmədiyi birliyin qeyri-ciddi və əhəmiyyətsiz olması haqqında iddiaları rədd edib: “Bu gün Müsavat və AXCP-nin nüfuzu əvvəlki illərlə müqayisədə çox zəifdir. Bunlar iddia edirlər ki, Müsavat və AXCP-nin iştirak etdiyi proses normal prosesdir. 1993-cü ildən guya ana müxalifət bu iki partiyadır. Əslində, bu iki partiya arasında bitməyən intriqalar bütövlükdə müxalif düşərgəni pis vəziyyətdə qoyub. AXCP və Müsavat nə qədər prosesdən kənarda qalsa, normal təfəkkürlə daha yaxşı müxalif siyasət ortaya qoymaq olar. Bu iki partiyanın heç biri atdığı addımları məntiqi surətdə əsaslandıra bilmir. Bunların sahibi Rusiya, İran, Qərb də ola bilər. Son hadisələr göstərir ki, onlar istənilən sifarişçinin əmrlərini yerinə yetirməyə hazırdırlar”.

İndi düşərgədə iki tərəf qarşı-qarşıya qalıb - loyallar və radikallar. Böyük ehtimalla bu qarşıdurmadan məhz loyallar qalib ayrılacaq. Çünki dağıdıcı müxalifətin limiti bitib.