KÖŞƏ

Cavid Əkbərov

AXCP-də növbəti pul davası

12 yanvar 2017 23:17
3975

Və ya Əli Kərimlinin pul dalınca göndərdiyi şəxslər niyə deportasiya edildi?

Yaramaz əməlləri ilə xalq arasında çoxdan biabır olan AXCP sədri Əli Kərimlinin daha bir rəzaləti ortaya çıxıb. Belə ki, Ə.Kərimlinin pula olan hərisliyi onu növbəti dəfə rüsvay edib. Bir müddət əvvəl AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Fransaya yollanan “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, həmin qəzetin əməkdaşı Səadət Cahangir, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və Xatirə Əliyeva yaramaz əməllərinə görə bu ölkədən deportasiya ediliblər.

Əldə olunan məlumata görə, buna səbəb Rahim Hacıyev ilə “Azadlıq” qəzetinin Fransada mühacir həyatı yaşayan baş redaktoru Qənimət Zahid arasında şiddətli mübahisənin baş verməsi olub. Şiddətli mübahisə isə sonradan əlbəyaxa dava ilə nəticələnib.

Belə ki, maliyyə vəziyyəti yaxşı olmadığına görə çapını dayandıran “Azadlıq” qəzetinin nəşrinin bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu tərəfindən 175 min avro məbləğində vəsait ayrılıb. Həmin vəsaiti isə Qənimət Zahid əldə edib və özünün yeni təsis etdiyi “Turan TV”-yə xərcləmək üçün saxlayıb. Elə narazılıq da buradan yaranıb.

Bundan sonra həmin vəsaitin yarısını almaq üçün Rahim Hacıyev, Səadət Cahangir, Təzəxan Mirələmli və Xatirə Əliyeva ötən həftə AXCP sədri Ə. Kərimlinin göstərişi ilə Fransaya səfərə göndəriliblər.

Ə.Kərimli göndərdiyi şəxslərə dönə-dönə tapşırıq verib ki, 175 min avronun ən azı yarısı Q.Zahiddən alınsın və ona gətirilsin. Hətta həmin vəsaiti Bakıya gətirmək üçün hava limanında şübhə yaranmaması üçün pulların həmin dörd nəfərin arasında bölünməsi tapşırığı da verilib.

Ancaq Əli Kərimli ilə Qənimət Zahid arasında əsən “soyuq yellər” bu məsələdə də özünü bir daha büruzə verib. Rahim Hacıyev Q.Zahiddən pulun yarısını istəyib. Lakin bu zaman ondan “yox” cavabı alıb. Qənimət Zahid Rahim Hacıyevə bildirib ki, həmin pulları Əli Kərimliyə qətiyyən verməyəcək. Bundan sonra onların arasında şiddətli mübahisə yaranıb. Hətta iş o yerə çatıb ki, Fransada pul üstündə yaranan həmin mübahisə əlbəyaxa dava ilə nəticələnib. Hadisəyə hətta Fransa polisi də qarışmalı olub.

Hadisə ilə əlaqədar Əli Kərimlinin Fransaya ezam etdiyi şəxslər polisə aparılıb. Onların ifadələri alındıqdan sonra isə ölkədən deportasiya ediliblər.

Beləliklə, Azərbaycanda saysız-hesabsız bədnam əməlləri ilə məşhurlaşan  və bədniyyətliklə daim gündəmdə qalmaq istəyən Ə.Kərimlinin növbəti dələduzluq oyunu da beləcə ifşa olunub.