KÖŞƏ

Cavid Əkbərov

20 Yanvar bizə nələri öyrətdi?

19 yanvar 2018 23:59
4564

Bu gün sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsindən 28 il ötür. Bu faciənin yolu çox-çox uzaqlardan başlamışdı. O yolun qarşısı nə SSRİ-nin, nə də ki Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən kəsilmədi. Əksinə daşnak ambisiyalarına dəstək verildi, onların daha geniş əl-qol açmasına şərait yaradıldı. Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ən müasir silahlarla təchiz olunmuş ayrı-ayrı hərbi birləşmələri Bakıya soxularaq qanlı qırğınlar törətdi. Bakıda və ətraf rayonlarda 131 nəfər vəhşicəsinə qətlə yetirildi. 744 nəfər yaralandı, 400 nəfər həbs edildi və 4 nəfər itkin düşdü.

Həmin faciədə şəhid olmuş oğul və qızlarımızın dəfn olunma mərasimində iki milyondan artıq insanın iştirakı dünya milli-azadlıq hərəkatı tarixində bir örnək kimi qiymətləndirilir. Şəhidlərimizin dəfn günü xalqın göstərdiyi rəşadət elə 20 Yanvar günü yaşanan qəhrəmanlıq qədər möhtəşəm bir mənzərə idi. Bu hadisəyə qədər ən gözəl hədiyyə sayılan qərənfil 20 Yanvar hadisələrindən sonra mahiyyətini dəyişdi və daha çox kədər rəmzi, şəhid qanı kimi xarakterizə olunmağa başladı.

20 Yanvar faciəsi sovet imperiyasının əsl mahiyyətini, iç üzünü açıb göstərdi. Azərbaycan xalqının milli azadlıq hərəkatına keçidini sürətləndirdi. Bu qanlı hadisə SSRİ-nin dağılmasında xüsusi bir mərhələ oldu. Faciə həm də milli birliyimizin və gücümüzün rəmzinə çevrilərək yeni nəsillərə çatdırılacaq ən şərəfli tariximizə çevrildi. 20 Yanvar bizə Vətənə sahib çıxmağı, Vətənə sahib çıxanlara sahib çıxmağı öyrətdi.

20 Yanvar təkcə Azərbaycanın deyil, bütövlükdə türk xalqlarının faciəsi idi. Amma eyni zamanda xalqın bir yumruq kimi birləşməsi, zülmə, ədalətsizliyə qarşı ümummilli etirazın baş verməsinin başlanğıcı oldu. Faciədən sonra Azərbaycan torpaqlarında yad ordusunun olmadığı müstəqil dövlətə çevrildi. O zaman beynəlxalq aləmdən təcrid edilmiş, heç bir yerdən kömək əldə edə bilməyən xalqımızın etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində verdiyi kəskin bəyanat 20 Yanvar faciəsi xəbərinin beynəlxalq aləmə yayılmasında mühüm rol oynadı. Ulu Öndər bu faciənin törədilməsində əsl günahkarların - SSRİ rəhbərliyinin adını birmənalı olaraq çəkdi. Bu, sovet imperiyasının öz xalqına qarşı silah qaldırmasının və günahsız əhalini qanına qəltan etməsinin bütün dünya qarşısında ifşası idi. Lakin həmin vaxt bu faciənin törədilməsinə qarşı ən  böyük etiraz və hiddət Azərbaycanın o vaxtkı rəhbərliyindən gözlənilsə də, bu hal baş vermədi.

İndi şəhidlərimizin uyuduğu Şəhidlər xiyabanı Azərbaycan xalqımının ən müqəddəs yerlərindən biridir. Bu zirvədən keçmişimiz də, gələcəyimiz də, o taylı, bu taylı Azərbaycan da görünür. Şəhidlər xiyabanı tariximizin, itkilərimizin və qürurumuzun rəmzidir.

Möhtərəm Prezidentimiz İlham Əliyev hər il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edir. Dövlət başçısının göstərişi ilə respublikamızın hər bir bölgəsində anım tədbirləri keçirilir. 20 Yanvar qurbanlarının ailə üzvləri, hadisə zamanı sağlamlığına ziyan dəymiş insanlar dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsində müvafiq müavinət məbləğinin nəzərdə tutulması da ölkə rəhbərliyinin bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısının ifadəsidir. Qədirbilən xalqımız tərəfindən Bakı şəhərində, habelə ölkəmizin başqa yerlərində də 20 Yanvar şəhidlərinin adını əbədiləşdirən çoxlu abidələr, xatirə kompleksləri ucaldılmışdır. Lakin ən möhtəşəm abidəni xalqımız öz qəlbində, yaddaşında yaratmışdır. 20 Yanvar şəhidlərinə ən müqəddəs və əbədi abidə isə xalqımızın müstəqilliyi və azadlığıdır. Xalqımız ölkəmizin müstəqilliyi göz bəbəyi kimi qorumaqla 20 Yanvar şəhidlərinin xatirəsini əbədi yaşadacaq.