Cavid Əkbərov |
Məlum olduğu kimi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq dağıdıcı müxalifət partiyaları və birlikləri öz ənənəvi amplualarından çıxış edərək yenidən iqtidara qarşı qarayaxma kampaniyalarına start veriblər. Həmin qaragüruhçu ünsürlər həmişəki kimi öz aralarında da didişməyə başlayıblar. Onlar bir-birlərinə qarşı artıq “soyuq müharibəyə” keçiblər.
Belə ki, bu günlərdə sosial şəbəkədə keçirilən virtual seçki iki radikal müxalif cəbhəni - AXCP və REAL hərəkatını qarşı-qarşıya qoyub. Məlumat üçün bildirək ki, müxaliflər “Facebook”da “Kimin prezident olmasını istərdiniz?” sualı ilə onlayn “seçki” keçirirlər. Bu onlayn “seçkiyə” isə namizədlər kimi dağıdıcı müxalifəti təmsil edən partiya sədrləri və birlik rəhbərləri çıxarılır.
Müsavatın keçmiş başqanı İsa Qəmbər bu seçkinin “yarımfinal”ında mübarizəni dayandırdığından növbəti mərhələdə AXCP sədri Əli Kərimli REAL hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla “yarışmalı” olub. Bu virtual seçkinin nəticəsi isə cəbhəçilərdə narazılıq yaradıb. Onlar Əli Kərimlinin qalib gələcəyini gözləsələr də, bu, əksinə olub.
Belə ki, REAL hərəkatının rəhbəri İlqar Məmmədov bu oyuncaq seçkidə daha çox “like” yığıb və Ə.Kərimlini məğlub edib. Elə buna görə də hər iki tərəf arasında qalmaqal yaranıb. Ə.Kərimlinin tərəfdarları bu məğlubiyyəti həzm edə bilməyərək iddia ediblər ki, onlayn seçkinin nəticəsi saxtadır və İ.Məmmədova daha çox saxta profillərdən səs verilib.
Baş verənlərlə əlaqədar olaraq REAL hərəkatının nümayəndəsi Natiq Cəfərli status yazaraq bildirib ki, onların yaxın çevrəsi bu seçkilərdən son günlər xəbər tutub. Qeyd edib ki, sosial şəbəkələrdəki belə mənasız sorğularda uduzmağı həzm edə bilməyənlərə sözüm odur ki, bu yanaşma təhlükəli və yanlışdır.
Bu statusdan sonra bu iki qrup arasında ziddiyyətlər daha da kəskinləşib. REAl-çılar Ə.Kərimlini, cəbhəçilər də İ.Məmmədovu tənqid etmək yarışına çıxıblar. Qarşılıqlı ittihamlar maraqlı bir faktı ortaya çıxarıb. Məlum olub ki, cəbhəçilər Ə.Kərimlinin daha çox “səs” toplaması üçün tanımadıqları şəxslərə mesaj yazaraq onlardan “like” istəyiblər.
Göründüyü kimi, dağıdıcı müxalif düşərgədə vəziyyət hər zaman olduğu kimi ürəkaçan deyil. Belə qalmaqalların çoxunda bir qayda olaraq stəkanda fırtına qopaqmaqda mahir olan Əli Kərimlinin adı hallanır. Bu il ölkəmizdə prezdent seçkiləri ili olduğundan indidən belə qarşıdurmaların sayının çox olacağı görünür.