KÖŞƏ

Cavid Əkbərov

Ermənistanı fəlakətə aparan “Pirr qələbəsi”

30 yanvar 2018 14:03
3563

Ermənistan ötən əsrin 90-cı illərindən başlayaraq dünyanın böyük gücləri arasında ziddiyyətlər yaratmaqla Azərbaycana və Türkiyəyə qarşı öz məkrli niyyətlərini həyata keçirməyə cəhd göstərib. Beləliklə də reallıqdan uzaq iddialar irəli sürüb. Lakin mövcud vəziyyət Ermənistandan qeyri-konstruktiv mövqedən əl çəkməyi, sabitliyin təmin olunması və qonşu ölkələrlə əməkdaşlığın yeni səviyyəyə çatdırılmasını tələb edir. Hazırkı vəziyyət düşmən ölkənin yürütdüyü siyasətin müasir dövrün tələblərinə uyğun gəlmədiyini, tədricən iflasa uğradığını və ifşa olunduğunu təsdiq edir.

Bu gün Ermənistan regional layihələrdən təcrid olunmasının səbəblərini müxtəlif yollarla ört-basdır etməyə çalışır. Bu dövlət regionda gedən proseslərə heç bir təsir göstərə bilmir. Ölkə daxilində yaranmış ağır və dözülməz sosial-iqtisadi vəziyyət cəmiyyətdə gərginliyin artmasına təkan verir.

Yerli ekspertlər və siyasətçilər Ermənistan hökumətinin yürütdüyü siyasətin ölkəyə heç bir fayda verməyəcəyini, onun problemlərini bir qədər də artıracağını və Dağlıq Qarabağın Azərbaycana qaytarılması prosesini daha da sürətləndirəcəyini bildirirlər. Odur ki, Ermənistanın kriminal rəhbərliyi ölkə əhalisinin diqqətini yaranmış vəziyyətdən yayındırmaq məqsədilə istər beynəlxalq tədbirlərdə, istərsə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri, həmçinin görüşlərdən sonrakı müddətdə böhtançılıqla məşğul olur. Bunu Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi sarsaq bəyanatlar bir daha təsdiqləyir.

Bu sərsəm bəyanatların fonunda Ermənistan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə inamını get-gedə itirir. Artıq Ermənistan əhalisinə məlumdur ki, birinci Qarabağ müharibəsində ermənilərin forpostu olduğu Rusiyanın dəstəyi ilə əldə etdiyi müvəqqəti qələbə əslində böyük məğlubiyyətə aparan “Pirr qələbəsi”dir. Əgər Qarabağ münaqişəsinə qədər Cənubi Qafqazda 4,5 milyon erməni yaşayırdısa, hazırda burada cəmi 3 milyona yaxın erməni qalıb. Ekspertlər bildirirlər ki, yaxın 10 il ərzində Cənubi Qafqazda ermənilərin sayı 2 milyon nəfərə düşəcək. Təbii ki, Ermənistan bu cür cılız resurslarla iqtisadiyyatı ondan 10 dəfə və əhalisi bir neçə dəfə çox olan Azərbaycanla müharibə aparmaq iddiasında olmayacaq. Beləliklə, İrəvanın qeyd-şərtsiz təslim olması qaçılmazdır. Bunu anlayan ermənilər gələcək barədə ümidlərini ölkədən kənara bağlayacaqlar.

Ona görə də ermənilərin Dağlıq Qarabağla keçirdikləri narahatlıq da başa düşüləndir. Nəhayət ki, düşmən qonşularımız yürütdükləri cəfəng xarici siyasət kursundan əl çəkməli, Azərbaycanın əzəli və əbədi torpaqlarını geri qaytarmalıdırlar.