Cavid Əkbərov |
Xəbər verildiyi kimi, fevralın 8-də Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib. Qurultayda aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb.
YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək AXC-Müsavat cütlüyünün 90-cı illərin əvvəllərindəki yarıtmaz fəaliyyətinə növbəti dəfə toxundu: “Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır”.
Cənab Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi faktlar müxalifətə olduqca pis təsir göstərib. Ona görə də qurultayın keçirildiyi gündən sosial şəbəkələrdə cənab İlham Əliyevin fikirlərini müzakirəyə çıxarıblar. “Düz söz acı olar” deyiblər. Yəqin elə buna görə də müxalifətçilər əl-ayağa düşüblər. Bəs görəsən ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi müxalifəti niyə bu qədər narahat edir?
Əlbəttə ki, xalqımız 90-cı illərdə Azərbaycanda hökm sürən xaos və özbaşınalığı, o zaman ölkəmizə rəhbərlik edən səriştəsizlərin yaratdığı böhranlı vəziyyəti yaxşı xatırlayır. O dövrü yaşayan hər kəs bu reallıqları gözəl bilir. Heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyev o zaman xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasaydı, bugünkü müstəqil və müasir Azərbaycandan söhbət belə gedə bilməzdi. Bunu, o dövrün iqtidarı və hazırda müxalifətdə olanlar da yaxşı bilir. 90-cı illərdə Azərbaycan dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə idi. Əlbəttə, bütün bunları görən, yaşayan hər bir vətəndaş bugünkü sabitliyi o xaosa dəyişmək fikrində ola bilməz.
Təbii ki, bu gün ölkəmizdə mövcud olan sabitliyin pozulması Azərbaycanın dağıdıcı müxalifətinə və xarici qüvvələrə lazımdır. Bizim dağıdıcı müxalif qüvvələr isə xarici kəşfiyyatın əlaltısı olmağa üstünlük verir, ölkədəki bu sabitliyi öz maddi maraqları və ambisiyaları naminə pozmağa cəhd edirlər. Həmin dağıdıcılar əmin olsunlar ki, xalqımız ölkəmizdəki sabitliyin təhlükə altında olmasına izn verməyəcək. Azərbaycanda xalq-iqtidar birliyi möhkəm və sarsılmazdır.