KÖŞƏ

Cavid Əkbərov

Radikal müxalifətin boykot oyunu

24 mart 2018 22:45
7685

Artıq ölkəmizdə prezident seçkilərinin səsvermə mərhələsinə sayılacaq günlər qalır. Bununla əlaqədar olaraq dağıdıcı müxalifət yenidən fəallaşıb və həyasızcasına seçkilərin saxtalaşdırılacağını iddia edir. Halbuki, Azərbaycanda baş tutacaq prezident seçkilərinə artıq xarici siyasət adamları və nüfuzlu politoloqlar tərəfindən də kifayət qədər müsbət rəylər verilib.

Heç şübhəsiz ki, Azərbaycan müxalifətinin irəli sürdüyü hər bir iddianın arxasında sifariş və öhdəçilik dayanır. Seçki ərəfəsində bəzi üzdəniraqlar sosial şəbəkələrdə ləyaqətə, milli-mənəvi dəyərlərə zidd fikirlər irəli sürürlər. Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli bu gün Orduxan Teymurxan, Tural Sadıqlı və başqa boşboğazların cəfəng sayıqlamalarını dəstəkləyirlər. Əgər onlarda az da olsa insani dəyərlərə hörmət hissləri olsaydı, heç olmasa bu cür iyrənc oyunbazlıqlara son qoyulmasını tələb edərdilər. Ancaq bunu etmək istəmirlər. Çünki siyasi mübarizə kontekstində məğlubiyyətlərinin fərqinə varıblar. Ümumiyyətlə, onlar yaxşı bilirlər ki, iqtidara qarşı mübarizədə alternativ proqrama və platformaya malik deyillər. İqtidarın fəaliyyətinə qara yaxmaqdan başqa yolları yoxdur. Lakin Azərbaycan xalqı doğru ilə yalanı, utopiya ilə reallığı bir-birindən ayıra bilməklə yanaşı, belə siyasətbazların hansı “təfəkkürə” malik olduğunu çox yaxşı bilir.

Bu gün özlərini “ağıllı-kamallı” göstərib mitinqlərdə bar-bar bağıran dağıdıcı müxalif liderlər bu vaxtadək xalqın problemləri ilə maraqlanmayıblar. Onlar yalnız seçki ərəfəsində xalqla ünsiyyətə girməyə cəhdlər edirlər. Ona görə də xalq bir qayda olaraq onları rədd edir.

Heç şübhəsiz ki, seçki ərəfəsində xaricdən sosial şəbəkələr vasitəsilə müəyyən şəxslərin ünvanlarına ittihamların səsləndirilməsi gözləniləndir. Çünki bu gün güclənən və inkişaf edən, sabitlik məkanına çevrilmiş Azərbaycanın uğurları müəyyən dairələri ciddi narahat edir. Bəzi dairələr ölkəmizin uğurlarına qısqanclıqla yanaşır və hər bir fürsətdən istifadə edərək ölkəmizin imicinə ləkə yaxmaq istəyirlər. Həmin dairələr bu məqsədlə müəyyən adamların maliyyələşməsini təşkil edirlər. Belə adamlar xaricdə öz dolanışıq mənbəyini həmin dairələrdən aldıqları vəsaitlər üzərində quraraq sosial şəbəkələrdə müəyyən tapşırıqların icraçılarına çevriliblər. Onlar ölkəmizdə təmin olunmuş söz və mətbuat azadlığından maksimum dərəcədə sui-istifadə edərək getdikcə əndazələrini aşırlar. Bu ittihamların yalan olduğunu Azərbaycanın hər bir vətəndaşı çox yaxşı bilir və belə cəfəng fikirlər qətiyyətlə rədd edilir.